KARYERA

Gənclər özlərini necə inkişaf etdirməlidirlər? – ARAŞDIRMA

Baxış sayı: 228

Rəqabət hər sahədə artır, elə kadrlar arasında da. Çünki tələb budur. Artıq yaxşı kadr daha yaxşı olmağa, daha yaxşısı da daim özünü inkişaf etdirməyə çalışır. Bu rəqabət fonunda “özünü inkişaf etdirmək” ifadəsini son vaxtlar daha çox eşidirik. Karyerasında müəyyən nailiyyətləri olan şəxslər uğurların əldə edilməsi və davamlı olmasında hər zaman bu faktoru vurğulayır və gənclərə də bunu məsləhət görürlər.

Gənclərin bir qismində bu enerjini də görürük, dil öyrənirlər, müxtəlif kurslara, təlimlərə gedirlər, öz inkişafları üçün lazım olan kitabları seçib oxuyurlar. Amma bunu heç də hər kəs bacarmır, seçilən yol yanlış olanda isə nəticə istənilən kimi olmur. Bəs doğru istiqamət nədir? Gənclər özlərini necə inkişaf etdirməlidirlər? Davamlı özünüinkişaf necə getməlidir?

 

Məktəb illərindən başlamalı

ADA Universitetinin Karyera Mərkəzinin direktoru Gülnur İsmayıl deyir ki, bu gün hər sahədə sürətli inkişaf getdiyi üçün kadrların bilik və bacarıqları da kifayət qədər uyğun və aktual olmalıdır: “Güc bilikdə, informasiyadadır. İnkişaf dedikdə, ümumi yanaşmaq lazımdır, çünki bu, hansısa formal təhsillə yekunlaşmır. Universitet təhsilini davam etdirmək, elmi dərəcələr almaqla yanaşı, eyni zamanda informasiya mənbələrindən məlumat toplamaq, oxumaq, digər yeni biliklərə də açıq olmaq lazımdır. Araşdırmalar aparmaq, ədəbiyyat oxumaq da böyük bir inkişafdır, beyni zənginləşdirir. Digər tərəfdən, ruhun inkişafına kömək edir”.

G.İsmayılın sözlərinə görə, gənclər məktəb illərindən öz üzərlərində işləməyə başlamalıdırlar: “Özlərini tanımalı, maraq dairələrini müəyyənləşdirməli, seçəcəkləri ixtisasla bağlı özləri üçün məlumat formalaşdırmalı və s. Amma bunlarla iş bitmir, məktəb vaxtı olan bütün imkanlar çərçivəsində tədbirlərə qatılmaları, sosial layihələrdə iştirak etmələri onlara bilik və bacarıqlarının inkişafına böyük kömək edə bilər. Özlərini tanıyıb, maraqlarını müəyyənləşdirdikdə və məktəb illərindən qeyd etdiyim istiqamətdə aktivlikləri olsa, ixtisas seçimini etmək onlar üçün rahat olacaq”.


İlk kursdan aktiv olmağa çalışmalı

Sonra orta ixtisas və ali təhsil həyatı başlayır. Müsahibimiz deyir ki, burda elə ilk kursdan aktiv olmağa çalışsınlar: “Tələbə klublarında, universitetdə müxtəlif layihələrdə iştirak etsinlər. Universitetlərdə və müxtəlif mərkəzlərdə təlim imkanları var, onlardan da yararlansınlar. Azərbaycanda və xarici ölkələrdə keçirilən yay məktəblərində iştirak da çox faydalı olur. İxtisası öyrənmək önəmlidir, amma kadr kimi işə qəbul olunmaq üçün əlavə bacarıq və keyfiyyətlər də tələb olunur. Şifahi və yazılı ünsiyyət bacarıqları, komanda ilə işləmək qabiliyyəti, liderlik xüsusiyyəti və s. Bunlar da müəyyən qədər könüllü və sosial fəaliyyət, tələbə klublarında görülən işlər üzərindən formalaşa bilər. Bu kimi təlim və tədbirlərə qatılanda insanın şəxsi keyfiyyətləri formalaşır. İstənilən halda komanda işində dürüstlüyü, bütövlüyü də öyrənir. Bəzən hansısa layihədə iştirak edəndə insan hiss edə bilər ki, onda liderlik qabiliyyəti var və onu inkişaf etdirər. Təhsildənkənar təcrübə proqramlarında iştirak etsinlər. İş bazarı, şirkətlər, sənaye, müxtəlif sektorlar haqqında bilikləri formalaşır və onlar sonra iş həyatına daha məlumatlı addım ata bilərlər. Tələbə vaxtı özünüinkişaf üçün atılan bu addımlar həm də gənclərin əlaqələrini genişləndirir, yeni insanlar tanıyırlar, onların içərisində daha təcrübəli, nümunəvi və nəsə öyrəniləcək şəxslər də olur”.

 

Cəmiyyət onları nə qədər doğru yönləndirir?

Ekspert İsa Qasımovun sözlərinə görə, gənclər özlərini inkişaf etdirməkdə maraqlıdır, ancaq bu işin “amma”sı var: “Dünyada texnosahibkarlıq inkişaf edir, xüsusilə internet imkanlarına əsaslanan xidmətlər ortaya qoyan, yaxud internetin imkanlarından istifadə edərək böyük müştəri və istifadəçi kütləsinə çıxış imkanları əldə edən qlobal sahibkarlar elə işlər görürlər ki, gəncləri və yeniyetmələri özlərinə daha asan cəlb edirlər, dolayısı ilə onların vaxtlarını çox alırlar. Qlobal şirkətlər yeniyetmə və gənclərə potensial müştəri kimi baxdığı üçün onların fərdi inkişaflarında deyil, daha çox öz müştərisi kimi hazırlamaqda maraqlıdırlar. Bu aspektdən baxdıqda, qeyd etmək olar ki, gənclər vaxtlarını harda daha çox sərf edirlərsə, deməli, həmin məqamlardan daha çox təsirlənirlər. Mən suala dolayısı ilə cavab verdim. Amma fərdi inkişafa gəldikdə, qeyd etməliyik ki, bunu bütün gənclər istəyir. Nə qədər doğru yolda olduqlarına gəldikdə isə bunun ciddi araşdırma mövzusu olduğu qənaətindəyəm. Fikrimcə, bu prosesdə cəmiyyətin ciddi şəkildə rolu var. Cəmiyyət onları nə qədər doğru yönləndirir? Burada KİV-in, ailənin, təhsil müəssisələrinin də rolu var, küçədə, ictimai nəqliyyatda gedərkən və ya digər yerlərdə görüb-götürdüklərinin də. Hamısı rol oynayır”.

Hədəfsizlik, plansızlıq, həvəssizlik də ciddi şəkildə mövcuddur

İ.Qasımov deyir ki, hazırda dünyada proseslər, tələb və təkliflər çox sürətlə dəyişir. Bu sürətli dəyişiklikdən müsbət mənada nəticə çıxara bilmək üçün cəmiyyətin güclü olması önəmlidir: “Gənclər istəyə bilər, ancaq onlar buna nə qədər nail ola bilirlər? Məsələ burasındadır. Bir qrup gənc var ki, çox yaxşı nəticə sərgiləyirlər, onların bəzi məqamlarda ənənəvi yanaşmalarla razılaşmamaları da təqdirəlayiqdir. Fikrimcə, bu, həmin gəclərin təşəbbüskarlığından irəli gəlir. Bu çox müsbət haldır. Bütün bunlara baxmayaraq, qeyd edirəm ki, gənclərin fərdi inkişafı cəmiyyətin ümumi inkişafında mühüm rol oynayır və bu milli konsepsiyalar nəzərə alınmaqla baş verməlidir. Bununla belə, gənclər arasında hədəfsizlik, plansızlıq, həvəssizlik də ciddi şəkildə mövcuddur. Bu, bəzən heç nə ilə məşğul olmamaqla müşahidə olunsa da, bəzi hallarda isə onların doğru işlərlə məşğul olmadıqlarından da irəli gəlir”.

 

İngilis dilini bilmək bir üstünlük yox, norma olmağa başlayıb

İnsan Resursları üzrə Mütəxəssis Kəmalə Eynullayeva bildirdi ki, gənclər əvvəlcə, öz hədəflərini müəyyənləşdirməli, gələcək həyat yolları barədə düşünməlidirlər. Daha sonra inkişaf barədə danışmaq olar: “Çünki hara getdiyini bilmirsənsə, necə getdiyin əhəmiyyət daşımır. Dəqiq hədəfləri olan gənclər bu hədəfə çatmaq üçün hansı yönləri üzərində çalışmalı olduqlarını daha yaxşı anlayırlar. Bu da o yönləri inkişaf etdirmək üçün ayrı bir motivasiya olur. Texnologiyanın davamlı inkişafı fonunda gələcəyin iş dünyasında işçilərdən gözlənilən kompetensiyalar da fərqlənəcəkdir. Şirkətlər işçilərdə kompleks problemlərin həll edilməsi, yaradıcılıq, insan idarəetmə, emosional zəka, mühakimə və qərar vermə və s. kompetensiyaların olmasını istəyəcəklər. İş üçün müraciət edən gənclər müxtəlif sosial layihələrdə, təcrübə proqramlarında, təlimlərdə iştirak edərək iş təcrübəsi qazanmalı və ən əsası da, peşəkar ünsiyyət kompetensiyalarını inkişaf etdirməlidirlər. Şəxsi inkişaf sahəsində oxuyacaqları kitablar da onlara əminlik baxımından çox kömək edəcəkdir. Hazırda ingilis dilini bilmək bir üstünlük yox, norma olmağa başlayıb. Hansı peşədə olursa-olsun, günlük işində istifadə etməsə belə, dünyadakı inkişafdan xəbərdar olmaq üçün ingilis dilini bilmək mütləqdir. Regional və sosial iqtisadi səbəblərlə rus dilini yaxşı bilmək də hər zaman işə yaraya bilər”.

 

Gənc öz maraq dairəsinə uyğun olanı seçib oxumalıdır

Gənclərin özlərini inkişaf etdirməsində kitabların rolu böyükdür. Bəzən gəncləri kitab oxumamaqda, bəzən isə lazımlı kitabları seçib oxuya bilməməkdə qınayırlar. Bəs burada qızıl orta nədir? Gənclərin işgüzar inkişaf yazarı, “Gəncsən? Başla” kitabının müəllifi Nadir Adilov deyir ki, kitab oxumaqla bağlı gənclərin tənqid olunmasının haqlı və haqsız tərəfləri var. Amma o bildirdi ki, gənclər özlərinə lazım olanı seçib oxumaqda çox haqlıdırlar və onlar bunu bacarırlar: “Gənc öz maraq dairəsinə uyğun olanı seçib oxumalıdır. 50 il əvvəlin gəncləri hansısa məlumatı mütləq kitabdan alırdısa, indi gənclər o bilikləri internetin imkanları sayəsində də əldə edə bilirlər. Bu gün gənclərin nələrisə oxuma, informasiya əldə etmə imkanları daha çevikdir. Sovet dövründə ensiklopedik biliklərə sahib olmaq şərt idisə, müasir gənc məşğul olduğu sahə ilə bağlı daha çox oxuyur. Yəni, müasir gəncə çoxlu informasiyadansa, tətbiq edə biləcəkləri informasiyaları, bilikləri oxumaq daha faydalıdır. Bu da təbii ki, onların müasir biliklərə uyğun kadr olaraq inkişaf etməsinə gətirib çıxarır. Əgər gənc, biznes sahəsindədirsə, satışla bağlı kitablar oxuyur. Misal üçün, müasir gəncə, poetik mütaliə duyğusal müştərinin ruhunu xoş etmək üçün lazımdır. Müasir dövrün gənci daha praktiktdir. İndiki gənc özünə lazım olanı, fərdi inkişafına təkan verəni oxuyur”.

Kitab bir telefon qədər gəncə yaxın deyilsə…

N.Adilov deyir ki, indiki gənclərin bədii əsərləri az oxumasının səbəblərini də axtarmaq lazımdır: “Yəqin ki, bu amil ondan irəli gəlir ki, biz orta yaş nəsil onlara roman oxumağın şəxsi inkişafa necə təkan olduğunu izah edə bilməmişik. Gənclərə izah etməliyik ki, roman oxumaqla natiqlik qabiliyyətin formalaşacaq, daha çox misal gətirə biləcəksən, daha savadlı olacaqsan və s. Bu halda, onları oxumağa cəlb edə bilərik, nəinki məcbur və ya tənqid etməklə. Bəzən gənci tənqid edirlər ki, sən niyə filankəsin kitabını oxumayıbsan? Gənci məcbur etmək olmaz. Gənclər bazarın ürəyidir, onlar passivdirsə, oxumursa, günah tək onlarda da deyil. Bəlkə yazarlar gənclərin nəbzini tutmur? Hər zaman hesab etmişəm ki, bizədək və bizdən sonrakı bütün əsrlərin yeni trendləri həmin dövrün gəncləri olub və bundan sonra da belə olacaq. Gənclər ictimai rəydir, tələbdir. Elə bir tələb ki, gərək bizlər bütün təklifləri bu tələblərə uyğunlaşdıra bilək. Gəncləri öz dövrümüzə çəkib aparmaq əvəzinə, onları daha məqsədli, işıqlı sabahlara motivasiya edək”.

N.Adilov qeyd etdi ki, gənclər məlumatı daha çevik və qısa formada əldə etmək istəyir və onların müasir dövrümüzdə bunun üçün geniş imkanları var. O başqa məsələ ki, biz onlara daha geniş imkanlar verməliyik: “Bəzən gənc hansısa kitabları oxuyub, müəyyən nailiyyət əldə etmiş insanın verdiyi müsahibəni oxumaqla da çox şey öyrənmək mümkün olduğunu deyir. Gəncin fikrini bilmədən ona istədiyimizi məcbur etmək məntiqsizlikdir. Gənclərimiz elektron və ya səsli kitablar istəyə bilər. Bizim kitab bazarında səsli kitablar demək olar ki, yoxdur. Rusiya bazarında bu sahə yüksək səviyyədə inkişaf edib. Gənclər kitab oxumursa, əvəzində, onların elektron resurslar, səsli kitablara çıxış imkanları barədə düşünək. Xüsusən bu kitabları, istənilən yerdə dinləmək olur. Kitab bir telefon qədər gəncə yaxın deyilsə, o gənc kitabı oxumayacaq. Amma kitab, bir telefon qədər gəncə yaxın olsa, o, istədiyi, vaxtı olan an bu kitabı dinləyir”. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir