gelin masini

“Gəlinlər artıq bəylərdən bahalı sifarişlər istəmir” – REPORTAJ

Baxış sayı: 753

Bildiyiniz kimi, iyulun 1-dən etibarən ölkədə toyların, nişan və xına məclislərinin, şənliklərin keçirilməsinə icazə verildi. Beləliklə, artıq 4 aydan çoxdur ki, bütün şadlıq saraylarında, restoranlarda iki növbəli şənlik məclisləri keçirilməkdədir. Həmçinin evlərdə, çadırlarda 50 nəfərlik nişan, xınayaxdı məclisləri təşkil olunur.

Əlbəttə ki, toy və nişanları  gəlin-bəy maşınsız, bəzək-düzəksiz təsəvvür etmək mümkün deyil. Bu cür şənlik məclislri keçirilirsə, demək “gəlin-bəy maşını bazarı”nda da canlanma var.

Bəs pandemiyadan sonra bu sahədə hansı dəyişikliklər, yeniliklər var? Qiymətlərdə hansısa endirim və yaxud bahalaşma müşahidə olunurmu? Əvvəlki kimi dəbdəbəli gəlin maşınlarına üstünlük verilirmi?

Bu və digər suallara cavab tapmaq üçün metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında gəlin maşınları kirayə verilən məkana üz tutduq. Maşın və gül sifarişlərini qəbul edən Amin Məmmədov bu sahədə mövcud vəziyyətdən danışaraq bildirdi ki, pandemiyadan əvvəlki sayda olmasa da,  müəyyən qədər canlanma var:

“Toylara icazə veriləndən gündən ”gəlin-bəy maşını”, həmçinin gül, dekorasiya bəzəkləri sifarişlərini alırıq. Əgər pandemiyadan əvvəl gün ərzində 15-20 sifariş götürürdüksə, indi bu say təxminən 4-5 saydadır. Əlbəttə ki, buna da şükür. Vəziyyətin getdikcə yaxşılaşacağına ümid edirik”.

Qeyd edək ki, şadlıq evlərində qonaqların sayı ilə bağlı məhdudiyyətlər olduğundan məclislərdə adambaşına düşən  qiymətlər təxminən 2 dəfə və ondan daha çox artıb. Məsələn, əgər pandemiyadan əvvəl menyu 35-50 manatdan təklif olunurdusa, indi bu qiymət ən azı 100 manatdır. “Bəs bu vəziyyət ”gəlin-bəy maşını” bazarına da təsir edibmi?” sualımıza isə Amin Məmmədov bu cür cavab verdi:

“Əksinə, hazırda insanların mövcud vəziyyətləri ilə bağlı qiymətlərdə xeyli endirimlər etmişik. Konkret olaraq bütün qiymətlərdə 20 faiz endirim var. Məsələn, əvvəllər 35 manatdan təklif olunan gəlin gülü 25 manata, 50 manatdan təklif olunanlar isə 35 manata verilir. Onu da qeyd edim ki, artıq bir neçə ildir ki, xanımlar avropasayağı xırda, yığcam buketlərə üstünlük verirlər.

Əvvəllər olduğu kimi, indi də xanımlar maşınların bəzədilməsində daha çox pion, qızılgül və zanbaqlara üstünlük verirlər. Lakin pandemiya ilə əlaqədar olaraq sərhədlər bağlandığından xaricdən zanbaq gülləri ala bilmirik. Lakin xanımlar israrla zanbaq gülü tələb edir və biz məcbur olaraq onlara süni zanbaqlar təklif edirik.

Ev dekoru ilə bağlı da sifarişlərdə endirimlər etmişik. Bildiyiniz kimi, sifarişdə bəy və yaxud gəlin evindən çıxarkən qapını, kandarı bəzəyirlər. Bu zaman “101 gül” düzülür. Əvvəllər bu dekorasiyanı 100-150 manatdan təklif edirdiksə, indi bu qiymət 60 manatdan başlayır və güllərə, formaya görə qiymətlər dəyişir.

Pandemiyaya qədər xanımlar daha çox internetdə gördükləri bəzəkləri tələb edirdilər ki, bu da çox zaman bəyə baha başa gəlirdi. Lakin indi xanımlar bahalı bəzəklər çox da tələb etmirlər.

Həmçinin maşınların da qiymətlərində endirimlər etmişik. Məsələn, bildiyiniz kimi, artıq cütlüklər maşının üzərində adlarının baş hərflərinin də olmasını istəyirlər. Əvvəllər əlavə bu bəzək üçün 20 manat alırdıqsa, indi bu, maşının qiymətinə daxildir. Yəni hədiyyə olaraq maşının üstünə veririk. Çalışırıq ki, insanların vəziyyətinə uyğun qiymət təklif edək ki, hamı toyunu edə bilsin.

“Gəlin-bəy maşınları”nın sifarişinə gəldikdə isə yenə də qiymətlər 60 manatdan başlayır. Mercedes “S Class” maşının köhnəsinin bir günlük kirayəsi  80 manat, təzəsi 200 manat, Porshce Panamera 120 manat, Galenvagen 120 manatdır. Daha bahalı maşınlar, məsələn, “Rose Royce”, “Bentley”in sonuncu modelləri də var. Bu maşınların günlüyü 500-600 manata olur. Lakin toylar başlayandan hələ ki bu cür bahalı sifarişlər almamışıq. İnsanların vəziyyəti ilə əlaqədar olaraq daha çox aşağı və orta qiymətə olan maşınlar sifariş olunur.

Əgər bəy özü maşını sürmək istəsə, sürücüyə 20-30 manat əlavə pul ödəyir”.

Amin Məmmədovun sözlərinə görə, bir həftə ərzində hansısa maşına zərər dəyməsi hadisəsi yaşanmayıb:

“Hələ ki bu cür hadisə ilə qarşılaşmamışıq. Lakin bu cür hallarda adətən dəymiş zərəri sığorta ödəyir. Bu isə uzun çəkir və maşının təmir olunması müddətində xeyli sifarişi əldən vermiş oluruq. Ona görə də maşına zərər dəyəndə çalışırıq ki, bəylə razılığa gəlib, təmir ödənişini yarıbayarı edib, problemi tez bir zamanda həll edək”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir