tenhaliq

Gənclər niyə tənhalığa meyllənir? – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 508

Son 40 il ərzində gənclər (19-40) özlərini daha tənha hiss etməyə başlayıblar. Bu qənaətə alman psixoloqları gəliblər. Alimlər qeyd edir ki, tənhalıq arzu olunanla real sosial münasibətlər arasında uyğunsuzluqla qarşılaşanda baş verir. Bu vəziyyət yetkinlik dövründə – 18-29 yaşlarında, dostluq və romantik əlaqələrin formalaşmasının xüsusilə əhəmiyyətli olduğu zaman öz pik həddinə çatır.

Məlum olub ki, tənhalığın artması həm amerikalılar, həm də Avropa və Asiya ölkələrinin sakinləri arasında müşahidə olunub. Bu, həm tələbələrə, həm işləyən insanlara, həm də işsizlərə aiddir. Amma maraqlıdır ki, 2012-ci ildən sonra tənhalıqda ciddi artım müşahidə olunmayıb ki, bu da səbəblər sırasında internet və smartfonların olması ehtimalını şübhə altına alır. O da bildirilir ki, bu gün gəncləri tənhalığa sövq edən səbəblər hələ tam aydın deyil və əlavə tədqiqata ehtiyac var.

Psixoloq Elnur Rüstəmov mövzu ilə bağlı aşağıdakıları dedi:

“Bəli, bu problem mövcuddur. Hətta 19-40 yaşlarında olan deyil, daha yuxarı yaş qruplarında, həmçinin 19-dan aşağı yaş qrupunda olanlar arasında baş verir. Bu gün uşaq və yeniyetmələrdə də tənhalığa meylin şahidi oluruq”.

 

Psixoloq problemin əsas səbəblərini bu cür izah edir:

“Sosiallaşma ilə bağlı çox ciddi problemimiz var. Bu, təkcə bizim deyil, bütün bəşəriyyətin problemidir. Nəzərə almaq lazımdır ki, insan sosiallaşdıqca onun emosional, həm ünsiyyət sferası da sağlam formalaşır və nəticədə insan həm özü, həm də cəmiyyət üçün faydalı olur, xüsusən də texnoloji əsrdə. İnternet əsrində biz insanların öz zamanlarını daha çox virtual dünyada keçirdiklərinin şahidi oluruq. Bu virutallaşma hələ də davam edir və onun yaratmış olduğu bir çox problemlər var. Məsələn, bu gün bir insan rahat bir şəkildə internet üzərindən dostlar tapır, oyunlar oynayır, hətta lazım gəldikdə virtual olaraq dünya səyahətinə də çıxır. Bütün bu məqamlar ilk baxışda gözəl bir şey kimi görünə bilər. Lakin zaman keçdikcə asıllıq halına gəldikcə bu tip insanlar digərləri ilə ünsiyyətdən, münasibətdən uzaqlaşır və nəticədə bu bir çox psixoloji problemlər yaranır. Məsələn, geniş yayılmış panikatak, sosiail fobiya, intihar və sairə. Ona görə də maksimal dərəcədə çalışmalıyıq ki, insanlar arasında ünsiyyətə daha çox yer verək. Bunun təməli xüsusən ailədə formalaşmalı və bu cəmiyyətə yansımalıdır. Çünki qeyd etdiyim kimi, insan nə qədər sosiallaşarsa, canlı ünsiyyət qurarsa, bir o qədər psixoloji vəziyyətinə, emosional sferasına çox müsbət təsir göstərər. Bu problem bizim hər birimizdən bu istiqamətdə fəaliyyət göstərməyimizi tələb edir”.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir