toy

Gənclərin ailə qurmaq problemi – kimdir MÜQƏSSİR?

Baxış sayı: 1. 446

Ailə qurmaq həyatımızın önəmli mərhələlərindən biridir. Əbəs yerə deməyiblər, işini, dostunu və həyat yoldaşını düzgün seçməlisən. Çünki bu seçimlər həyatımıza yön verən əsas amillərdir.

Məlumdur ki, gənclik azadlığı, müstəqil qərar verməyi sevir. Digər tərəfdən evliliklə bağlı  valideyn təzyiqi ilə qarşılaşanlar da çoxdur. Hətta əksər gənclər sosial şəbəkə hesablarında yarı zarafat, yarı ciddi öz narahatlıqlarını, şikayətlərini  paylaşmaqdan çəkinmirlər.

Xüsusilə anaların təzyiqi ilə üz-üzə qalanlar çoxluq təşkil edir. Bəzən bu cür hallar  ailədaxili mübahisələrə səbəb olur və birbaşa gənclərin psixologiyasına təsir göstərir.

 

Ailə qurmaq azadlığı  məhdudlaşdırmır

Tanınmış psixoloq Elnur Rüstəmov bildirir ki, valideynin  evlilik təzyiqi təkcə bu gün yox, hər zaman aktual olub:

“Valideynlərdə bu cür istək və arzu normaldır. Çünki hər bir  valideyn övladının toyunu görmək xəyalı ilə yaşayır. Hətta bizdə övlad toyunda iştirak etmək və nəvə sahibi olmaq alqışlanır. Bu, bizim ata-babadan gələn yanaşmadır.

Eyni zamanda hər insan müstəqildir. İnsan bəlli yaşa çatan zaman  iqtisadi müstəqillik əldə edəndən, iş-güc sahibi olandan sonra  ailə qurmaq haqqında düşünməlidir.  Çünki ailə qurmaq azadlığın məhdudlaşdırılması deyil. Əksinə yeni azadlıq, məsuliyyət əldə etməkdir. Ancaq çox təəssüflər olsun ki, bizim gənclər bəzən evlilik məsuliyyətini  azadlığın  əldən alınması kimi qəbul edir və karyera qurmağa yönəlirlər. Evlilik heç zaman karyera qurmağa mane olmur. Əksinə ailə qurandan sonra düzənli həyatın olur və bir şəxs kimi formalaşırsan”.

 

Qohum-əqrəba, qonşular nə deyər?…

Psixoloqun sözlərinə görə bu məsələdə valideynin də öhdəliklərini nəzərə almaq lazımdır:

“Evlilik tək valideynin istəyi deyil.  Bilirsiniz ki, qohum-əqrəba, qonşuların da bu ətrafda fikirləri mövcud olur. Valideyn hər kəsə bir hesabat verən deyil…Biz qohum-qonşuya deyə bilmərik ki, mənim uşaqlarım evlənmir, sənə nə var?..

Hər birimizin cəmiyyət qarşısında yazılmayan öhdəlikləri var. Məsələn, yaş keçir, niyə evlənmirsən? Yaxud evləndin, niyə uşaq olmur? İnsan həmişə maraqlanır, həmişə soruşur. Gənclərimizin iqtisadi müstəqilliyi varsa, ailə qurmaq iqtidarındadırlarsa, ailə qursunlar və cəmiyyətə öz töhfələrini versinlər.

Hətta xarici ölkələr, postsovet dövlətlərində də həmişə  ailə quran insanları önə çəkiblər. Vəzifə, ictimai işlərdə aktivlik baxımından bu belə qəbul olunub ki, insan ailə idarə edə bilirsə, etibar edilən mövqedə də özünü doğruldacaq”.

 

“Gənclər valideynin narahatlığına anlayış göstərməlidir”

E.Rüstəmov deyir ki, valideynin təzyiqlərinə qarşı gənclər daha təmkinli davranmalıdır:

“İlk növbədə məsələni konflikt səviyyəsinə gətirmək lazım deyil. İstər oğlan, istərsə qız olsun, ailə qurmaq istəmirsə, bunun səbəbləri haqqında valideyninə məlumat verməlidir. O cümlədən gənclər valideynin narahatlığına anlayış göstərməlidir. Düşünürəm ki, əgər hər iki tərəf oturub bərabər danışsalar və məsələyə aydınlıq gətirilsə, bu mübahisə səviyyəsinə çatmayacaq.

Bəzən görürük ki, ailə üzvlərindən birinin səhhətində problem var. Valideynlər bu səbəbdən övladının tez ailə qurmasını istəyir. Bizim xalqın psixologiyasında belə şeylər çoxdur. Bütün bunları gözə almaq olar, ancaq əsas kimi götürmək olmaz. Gənclər sağlam ailə qurmalı və  bu məsuliyyəti şərəflə daşımalıdırlar”. (Modern.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir