yol

Gecənin vahiməsi, ulayan fırtına, yavaş-yavaş ölən ümidlər… və filmin sonu – FOTOLAR

Baxış sayı: 542

Hələ qış gəlməyib, payız arada özünü bir az sərt aparır. Hava proqnozu da özünü doğrultmamağa başlayıb. Xəbərlərdə “Sabah yağış yağacaq, temperatur aşağı düşəcək” deyirlər, amma bir də görürsən, sabah yox, birisigün anidən hava soyuyur, yolda yağışa yaxalanırsan.

Belə havalarda da bizim şəhərdə işdən çıxıb evinə tələsən yolçuları dayanacaqda avtobus gözləmək fikri həmişə nigaran qoyur. Çünki soyuq havalarda avtobuslar arasında intervalın uzadılması səbəbində, gəlib-gəlməyəcəyini bilmədiyinə görə də bəzən yarım, bəzən də bir saatdan artıq dayanacaqda gözləməli olursan.

Bu yerdə ümidin heç də yaxşı bir şey olmadığını düşünürsən. Naməlum vəziyyətlər həyat tərzini pozur, planlarını alt-üst edir. Daimi ictimai nəqliyyatdan istifadə edənlər bunun nə demək olduğunu daha yaxşı anlayarlar. Çünki ara-sıra, əhvalının xoş vaxtında, ürəyin istəyəndə ictimai nəqliyyatdan istifadə etməklə, ondan  məcburi şəkildə asılı qalmaq arasında böyük fərq var. Hələ bizim ölkə kimi qeyri-dəqiq bir məmləkətdən söhbət gedirsə, deməli, bu məcburiyyət sənin üçün sadəcə işgəncədir.

Gecənin vahiməsi, ulayan fırtına, yavaş-yavaş ölən ümidlər... və filmin sonu - 

Yaxın tarixdən…

Noyabrın 16-sı axşam saat 22 radələrində metrodan çıxıb, soyuq küləklə mübarizə apararaq “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə üz tuturam. Dayanacaqda avtobuslar gözümə az görünür. Nəinki mənim gözlədiyim, eləcə də digər marşrut xətləri üzrə hərəkət edən avtobuslar gözə dəymir. Dəqiqələr keçir, dayanacaqlarda insan sayı çoxalır, amma avtobuslar gəlmir. Hava da elə soyuqdur ki, Bakının sərt küləyi adamın əllərini, burnunu dalayır. Nə gözə bir dispetçer dəyir, nə də BNA-nın işçiləri.

Soyuqda külək vıyıldadıqca, axşamın bu saatında özü ilə bərabər işıqlı dayanacağa vahimə gətirir. Mənə elə gəlir ki, burada biri başqasına xətər yetirsə, harayına gələn tapılmaz. Çünki faktiki mənzərə bunu deməyə əsas verir. Başımı qaldırıb nəzarət kameralarına baxıram. Əgər onlar işləyirsə, deməli, dayanacağa nəzarət edənlər var. Əgər varsa, bəs necə olur, bu qədər adamın avtobus gözlədiyini, amma dayanacaqlarda avtobusların olmadığını görmürlər? Bəlkə də görürlər, amma əhəmiyyət vermirlər. Ya da kameraları söndürüb, çıxıb gediblər.

Həmişəki kimi yəqin “ağ adamlar” havanın soyuqluğunu bəhanə bilib dost-tanışı ilə istirahətə çəkilib, “qara camaat” da yaddan çıxıb. Yoxsa axşam 11-ə qalmış elə də gec saat deyil ki, paytaxt şəhərdə bu boyda dayanacaqda avtobus tapılmasın. Bu, həmin dayanacaqdır ki, bir neçə metr o tərəfində elə Bakı Nəqliyyat Agentliyinin binası yerləşir. Vaxtilə açılışında Prezidentə və Birinci vitse-prezidentə bəh-bəhlə təqdim edilmişdi. Biz də sevinmişdik  ki, daha ağ günə çıxarıq, avtobuslara buradan nəzarət olar, soyuqda, yağışda, qarda yollarda qalmarıq. Bu da “ağ günümüz”…

Mən bunları düşünür, ora-bura vurnuxuram. İşdən çıxıb evinə tələsən yorğun yolçuların da hərəsi bir tərəfdə soyuqdan qorunmağa çalışır. Mənə elə gəlir ki, elə hamı bir-birinə baxıb avtobusun gələcəyinə ümid edir, yoxsa çoxdan çıxıb gedərdilər. Saata baxıram ki, burada olmağımdan yarım saatdan çox keçib. Artıq soyuqdan barmaqlarımın keyidiyini hiss edirəm. Bu dəmdə yolçu xanımlardan biri deyir ki, bayaqdan gözlədiyimiz marşrutun iki avtobusu dayanacağa daxil olmadan keçib gedib. Bunu eşidəndən sonra ümidimi üzüb taksi çağırıram…

Gecənin vahiməsi, ulayan fırtına, yavaş-yavaş ölən ümidlər... və filmin sonu - 

BNA, hara baxırsan?

Həmin gecə “Facebook” profilimdən status paylaşmış, BNA-nı haraylamışdım ki, hara baxırlar. Statusuma gələn rəylərdən bəlli oldu ki, həmin gün axşam saat 8-də belə, avtobus tapa bilməyən adamlar olub. Həmin gün nə baş verib?

Bu sualla Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevə üz tutdum. O, cavabında bildirdi ki, bəzi istiqamətlər üzrə gec saatlarda interval uzadıla bilir, amma daşıyıcı şirkətlər də bundan sui-istifadə edir, xəttə daha az avtobus buraxır. Çıxış yolu isə hələ bir qədər də gözləməyimizdədir. Çünki proses çətin olsa da, BNA bu istiqamətdə təklif və şikayətləri nəzərə alaraq çalışırmış.

Mən mətbuat xidmətinin bu açıqlamasını başa düşürəm, amma real vəziyyətlə üz-üzə qoyanda heç cür haqq verə bilmirəm. Çünki haradasa iki dəqiqəlik maşınını saxlayan adama cərimə yazıb göndərməyi bilən Agentlik onlarla insanın dayanacaqda avtobus gözlədiyini görə bilmir və görməzdən gəlir. Bu, xidmət göstərdikləri insanlara qarşı açıq-aşkar hörmətsizlik, saymamazlıqdır. Hər daşa-divara “Sizin üçün yaratdıq, sizə əmanət etdik” yazmaqla insanları məsuliyyətli olmağa çalışdıqları qədər, bir az da öz üzərlərindəki məsuliyyəti dərk etməlidirlər!

 

Aləmdə Nəsib




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir