valideyn

Gec yaşda ana olanların sayı niyə artmaqdadır?

Baxış sayı: 123

Son illərdə inkişaf etmiş ölkələrdə gec ana olmaq istəyənlərin sayında ciddi artım müşahidə olunur. Bu dəb yavaş-yavaş Azərbaycanda da öz izlərini buraxır. Belə ki, statistik göstəricilərə görə, gec yaşda ana olanların sayı artmaqdadır.

Qadınların təhsillərini uzun müddət davam etdirmək, karyerasını qurmaq istəyi, sosial həyata can atmaları, doğumun idarə üsullarından təsirli istifadə edilməsi və gec yaşlarda da ana olmaq şansının çoxalması bunun əsas səbəblərindəndir.

Tibb sahəsi üzrə ekspertlərin fikrincə, 35 yaşından sonra hamiləlik reallaşdığında müasir tibbi uğurlarla möhkəm və nizamlı həkim nəzarəti altında sağlam bir hamiləlik dövrü keçirərək sağlam körpəyə sahib olmaq mümkündür.

Qeyd edək ki, Azərbaycanda nəinki 45, hətta 50 və daha yuxarı yaşda ana olan qadınlar da var. Statistik rəqəmlərə nəzər saldıqda görmək olur ki, 45-50 yaşda ana olan qadınların sayı 1995-ci illə müqayisədə daha çoxdur.

Statistik göstəricilərə görə, 1995-ci ildə Azərbaycanda 45-49 yaş arasında olan qadınlar tərəfindən 84 uşaq doğulmuşdusa, 2015-ci ildə həmin yaşda olan analar tərəfindən dünyaya gətirilən uşaqların sayı 133-ə çatıb. 2005-ci ildə 45-49 yaşlı qadınlar tərəfindən 216, 2010-cu ildə 202, 2011-ci ildə 182, 2012-ci ildə 168, 2013-cü ildə 184, 2014-cü ildə 138, 2015-ci ildə isə 133 uşaq doğulub.

50 və yuxarı yaşda olan qadınlar tərəfindən isə 1995-ci ildə 6, 2005-ci ildə 18, 2010-cu ildə 32, 2011-ci ildə 24, 2012-ci ildə 42, 2013-cü ildə 46, 2014-cü ildə 31, 2015-ci ildə isə 38 uşaq doğulub (“Trend”).

50 və yuxarı yaşda olan qadınlar tərəfindən doğulan uşaqların çoxu şəhərlərin payına düşür. 2013-cü ildə şəhərlərdə bu yaşlı qadınlar tərəfindən 33, 2014-cü ildə 23, 2015-ci ildə 25 uşaq dünyaya gətirilib.

Ötən il 50 və daha yuxarı yaşda olan qadınlar tərəfindən doğulan uşaqların 25-i ananın 1-ci, 9-u 2-ci, 3-ü 3-cü, 1-i 4-cü uşağı olub.

Psixoloq Şəlalə Vəliyevanın bildirdiyinə görə, gec yaşda ana olmağın erkən və hətta yetkin yaşda ana olmaqla müqayisədə müsbət cəhətləri çoxdur: “Bu yaş dövründə qadın ana olmağa tam hazırdır. Bundan başqa, kişilər 30, 40, 50 yaşdan sonra övladlarına və həyat yoldaşlarına daha ciddi yanaşırlar, onların qayğısına daha yaxşı qalırlar”.

Vəliyevanın dediyinə görə, hamiləlik zamanı qadının bədən quruluşunda dəyişikliklər baş verir ki, gənc xanımlar bu dəyişiklikləri çətinliklə qəbul edirlər. Yaşı ötmüş qadını artıq bu boş şeylər düşündürmür. “O, gələcək övladının dünyaya gəlişini və onu necə tərbiyə edəcəyini düşünür. Bu səbəbdən də gec yaşda ana olanlarda depressiv vəziyyətlər, doğumsonrası psixozlar nadir hallarda olur. Onlar uşağa özlərini bütünlüklə verməyə tam hazır olurlar”.

Ginekoloq Nailə Aslanovanın dediyinə görə, qadınlar adətən gec yaşlarda hamilə qalırlarsa, bu, öncədən planlaşdırılmış olur: “Planlaşdırılmış hamiləlik isə, bundan öncə kişi və qadının lazımi analizləri verməsi, müalicə tələb olunursa, bunun edilməsini də nəzərdə tutur. 40-45 yaşda ana olmaq qadını fizioloji cəhətdən cavanlaşdırır. Bu yaşlarda qadının hamiləlik keçirməsi, uşaq dünyaya gətirməsi, körpəyə ana südü verməsi onu xeyli gənc edir. Dölün daşınması və süd verilməsi zamanı qadının bədənində hormon sıçrayışı baş verir”,- deyən müsahibimizə görə, bu proses qadının xarici görünüşünə müsbət təsir etməklə yanaşı, əhvalına da müsbət təsir edir. Qadının saçlarının, dərisinin, dırnaqlarının vəziyyəti yaxşılaşır. Psixoloji olaraq da qadın özünü yaşıdlarından xeyli gənc hiss edir.

N.Aslanova bildirib ki, qadının gec yaşlarda dünyaya gətirdiyi uşaqlar daha istedadlı olur: “Amma bu, heç də həmişə fizioloji amillərlə bağlı olmur. Belə ki, artıq 30-40 yaşına yaxın valideynlər övladlarına daha ciddi yanaşırlar, onların tərbiyəsinə çox vaxt ayırırlar”.

Ginekoloqun sözlərinə görə, bu yaşlarda ana ola bilən qadın qocalma prosesini dünyanın sonu, dəhşətli bir hadisə kimi qəbul etmir. Gec ana olanların qanında xolesterinin miqdarı azalır, aterosklerozun, osteoporozun yaranma, insultun tutma ehtimalı minimuam enir.
Bununla yanaşı, gec ana olmağın mənfi cəhətləri də istisna deyil. “Xüsusilə də, gec yaşda birinci uşağı dünyaya gətirmək risklidir. Belə ki, gecikmiş ilkin uşağın fəsadları ola bilər”.

Onun dediyinə görə, aylıq hamilə qalma nisbəti, ideal yaş qruplarında təxminən 20 faiz təşkil edir: “Bu nisbət 35 yaşa qədər 44 faiz, 40-42 yaş qrupunda 22-23 faiz və 42 yaşdan yuxarı hamilə qalma şansı isə 10-12 faizdir. Qadın yaşlandıqda hamilə qalma ehtimalı aşağı düşür.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir