Qadina zorakiliq

Gecikən mühafizə orderi hansı problemlərə yol açır?

Baxış sayı: 1. 110

“Mətbuatda belə bir xəbər getmişdi: “Şiddət gördüyü üçün qaçdı, təkrar barışdı və qətlə yetirildi”. Həmin qadın ötən ilin fevral ayında yanıma gəlmişdi, ona mühafizə orderinin verilməsi üçün icra hakimiyyətinə ərizə yazmışdım, yaşayış yeri olmadığından mühafizə orderi vermədilər. Sonra qadından xəbər çıxmadı, indi baxıram ki, əri tərəfindən öldürülüb” .

Bu sözləri vəkil Fariz Namazlı sosial şəbəkədəki səhifəsində paylaşaraq, bir daha həyatı  təhdid altında olan qadınlara mühafizə orderinin verilməsini gündəmə gətirib. Xəbərdə isə söhbət Masallı rayon sakini Aidə Dadaşovanın yanvarın 10-da əri Rövşən Dadaşov tərəfindən qətlə yetirilməsindən gedir. Zorakılığa məruz qalan qadının mühafizə orderi ilə təmin olunmaması onun həyatını itirməsi ilə nəticələndi.

Bəs, mühafizə orderi hansı şərtlərlə verilir? Onu hansı halda icra hakimiyyətləri, hansı halda hüquq-mühafizə orqanları təyin edir? Azərbaycanda nə üçün bu metoddan çox az istifadə olunur?

Bu kimi sualları musavat.com-a açıqlamasında cavablandıran “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirdi ki, bizim qanunvericilikdə qısamüddətli mühafizə orderinin icra hakimiyyətləri tərəfindən verilməsi nəzərdə tutulub: “Ancaq bütün dünyada qısamüddətli mühafizə orderinin tətbiqi hüquq-mühafizə orqanlarına verilir. Bu, həm Avropa, həm də Türkiyədə belədir. Hüquq-mühafizə orqanları müəyyən təsirə malik olduğuna görə qısamüddətli mühafizə orderinin verilməsi onlara həvalə edilir. Uzunmüddətli mühafizə orderi isə qısamüddətli mühafizə orderinin tətbiqində pozuntular baş verərkən məhkəmə tərəfindən müəyyən edilir. Bizdə uzunmüddətli mühafizə orderini məhkəmə tərəfindən almaq olur, ancaq onun mexanizmi, necə tətbiq edilməsi zamanı problemlər ortaya çıxır. Məsələn, əmlakı olan şəxslərin evdən çıxarılması məsələsi var. Əgər əmlak həmin şəxsin adınadırsa və ya qaynananın, qayınatanın adınadırsa, bu, mühafizə orderinin icrasında əngəl törədir. Ancaq ümumilikdə düşünürəm ki, mühafizə orderinin tətbiqi hüquq-mühafizə orqanlarına verilməlidir”.

M.Zeynalovanın sözlərinə görə, Avropada qısa müddət üçün olan mühafizə orderinin tətbiqi hüquq-mühafizə orqanlarının səlahiyyətindədir: “Orada yaxınlaşma ərazisi də müəyyən edilir. Ancaq bizdə bu, icra hakimiyyətlərinin nəzarətində olduğuna görə kifayət qədər təsirə malik olmur. Ola bilər ki, hüquq-mühafizə orqanlarının nüfuzu və ya statusu daha güclü olduğu üçün o daha təsirli olar. İcra hakimiyyəti orqanlarının verdiyi mühafizə orderinin tətbiqində hansısa boşluqlar var. Əslində müxtəlif qərarlar çıxa bilər, yaxınlaşmamaq qərarı verilə, ayrı qalmaq qərarı ola bilər. Bu, hüquqi kontekstdə olduğundan hüquq-mühafizə orqanları onu qiymətləndirə bilər ki, təhlükə varmı, yoxmu. Ola bilər, bu, psixoloji amillə bağlıdır ki, icra hakimiyyətlərinin verdiyi mühafizə orderi yetərli təsirə malik olmur. Bəlkə də bunun təsir mexanizmini hələ işləməyiblər, səbəb budur. Mühafizə orderinin verilməsindən sonrakı mexanizmləri müəyyənləşdirmək lazımdır. Təhlükə törədən şəxs necə uzaqlaşdırılır, təhlükədə olan şəxsi qorumaq üçün hansı addımlar atılır. Bunların hamısı nəzərə alınmalıdır”.

Mehriban Zeynalova belə bir təklif  də irəli sürdü ki, məhkəməyə boşanma ilə bağlı müraciət edilərkən, iddia ərizəsində qadının həyatına təhlükə olması ilə bağlı iddia varsa, 3 aylıq düşünmə müddətində qarşı tərəfin nə dərəcədə təhlükəli olması müəyyənləşdirilməlidir, psixoloji mərkəzlərə göndərilməlidir: “Əgər təhlükəli olmasına qərar verilərsə, məhkəmə bununla bağlı addım atmalıdır. Təbii ki, hamını  həbs etmək olmaz. Psixoloji mərkəzlər işləməlidir, tərəflər o mərkəzə göndərilməlidir, psixoloq, psixiatrlar rəy verməlidir ki, təhlükənin qarşısı alına bilsin. Əslində bu resurslar var, sadəcə mexanizm formalaşdırılmalıdır. Məhkəmə qərarı olmasa, heç bir təcavüzkarı psixoloji müayinəyə aparmaq mümkün olmayacaq. Bunların yoluna düşməsi üçün zaman və vaxt lazımdır. Bir daha vurğulayıram ki, mühafizə orderi polisə verilməlidir və mexanizmi Nazirlər Kabineti tərəfindən konkret müəyyənləşdirilməlidir, hansı hallarda, hansı addımların atılacağı dəqiq vurğulanmalıdır”.

Qeyd edək ki, 2010-cu ildə qəbul edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun Mühafizə Orderi adlı bəndi var. Həyat yoldaşı, övladları və yaxınları tərəfindən zorakılığa məruz qalan hər bir şəxs, qanunun ona tanıdığı bu imkandan yararlana bilər. Mühafizə orderi qısa və uzunmüddli olur. Zorakılığa məruz qalan qadın və ya kişi qısamüddətli orderi əldə etmək üçün rayon icra hakimiyyətinə müraciət etməlidir. Çünki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bütün icra hakimiyyətlərində monitorinq qrupu var.

Monitorinq qrupu 24 saat ərzində məsələni araşdırdıqdan sonra 1 aylıq order çıxarır. Uzunmüddətli mühafizə orderi isə maksimum 6 aylıq olmaq şərti ilə məhkəmə tərəfindən verilir.

Müraciət edənin şəxsiyyəti gizli saxlanıldığından hətta qonşular belə, zorakılıq halı ilə üzləşsələr, bu orderin çıxarılmasını tələb edə bilərlər. Mühafizə orderi əldə edən şəxsə dəyən maddi, mənəvi, hətta tibbi xərcləri belə, qarşı tərəfdən tələb edə bilərlər.

 

Nərgiz LİFTİYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir