alis-vveris

Geyimin əsirinə çevrilmiş çağdaş kölələr

Baxış sayı: 600

Küçələr boyunca addımbaşı sağ-solumuz dükanlarıdır… İnsanların daha çox olduğu yerlərdə düzəldilmiş vitrinlər, adama gəl-gəl deyən endirim kampaniyaları reklamları… Gücün çatırsa başını aşağı sal, düz keç, görüm, necə keçirsən?

Təbii ki, bu, geyim həvəskarı olan insanlar üçün işgəncədən betərdir. Həm də bugünkü rəngli dünyamızda libaslar da daha çeşidli forma, rəng alıb. Bugün dəb dünyasında ara-sıra keçmişə boylanıb ondan bəhrələnsələr də, yeniliklər də az deyil. Elə köhnələrə qatılan yeni naxışlar da diqqət çəkməyə bəs edir. “Hər təzə çoxdan unudulmuş köhnədir” deyirlər. Və beləcə dayanmadan yenilənən dəb bizi arxasınca sürükləyib aparır. Dünən aldığımız dəbli geyim bu gün dəbdəndüşmüş parçaya çevrilə bilir. Geyimdə dəlicəsinə yarışa girmiş insanlar arasında sənin dəyişməməyin heç də yaxşı qarşılanmır. “Geyminə görə qarşılayıb, ağlına görə yola salarlar” fikrini tam qəbullanmışıq. Son model səliqəli geyim sahibi birisi ilə müqayisədə bir qədər geri dəbli geyimdə olan biri uduzmuş olacaq. Buna görə bəzən də məcburuq ki, dəbdən geri qalmayaq. Amma belə olduqda həm paltar dolabımız, həm də beynimiz yüklənmiş olur. Di gəl, baxsan, cibimizdə siçovullar oynaşır. Ya da dövrümüzün “kredit kartı” şirinliyinə qurban gedirik; borclandıqca borclanırıq.

alis-veris

Hələ bu harasıdır? Zaman gəlir, baxırıq ki, paltar dolabımızda geyim əlindən yer qalmayıb; seçimdən çox seçim var. Ancaq biz heç nə tapa bilmirik. Səhərləri işə getdiyimizdə, axşamlar vaxtlarını, tətilləri dostlarımızla görüşə çıxdığımızda geyinməyə paltar tapmıram deyə şikayətlənirik. Bir tərəfdən gözümüzü deşən paltar bolluğu, bir tərəfdən də “yoxluğu” gərginliyimizi pik həddə çatdırır. Nəticədə evdən çölə çıxmaq adına hər hazırlığımızda ən azı 15-20 dəqiqəmiz libas seçməyə gedir. Əslində bu işi daha tez zamanda həll edib qalan vaxtdan daha səmərəli yararlana bilərik. Dünyanın qaçhaqaçlı gəlişimində elə hər gün beşcə dəqiqə ayırıb öyrənmək istədiyimiz xarici dildə beş söz öyrənsək, ya öyrəndiklərimizi təkrarlayıb möhkəmləndirməyə çalışsaq, çox şey qazanmış olarıq. Təbii, bunu ağlıbaşında hər kəs düşünür, amma dərd də burasındadır; problemi bilsək də, həlli yolunu tapa bilməmək bizdə daha artıq narahatlığa səbəb olur. Uzun müddət davam edən bu narahatlığımız əsəblərimizin pozulmasına, aqressivləşməyimizə səbəb olur. Əsəblərimizin damla-damla gərginləşməsi üçün gündəlik həyatımızda geyim problemi, sadəcə, bir elementdir. Bu elementin yanında onlarla, bəzən yüzlərlə başqa səbəblər də olur. Hamısı bir-birinə birləşərək zəncir halını alır, sonunda boynumuza dolanıb boğur. Bir də baxırıq ki, soluğmuzu həkim, ən yaxşı halda psixoloq qapısında almışıq. Gəl, gör ki, bunun başdan qarşısını ala bilərik. Nə ciblərimiz boşalmaz, nə paltar dolabımız gərəksiz yerə aşıb-daşmaz, nə də əsəblərimiz. Bundan ötrü bir az nəfsimizə hakim çıxmağımız, bir az da geyimə fərqli yanaşmağımız bəs edəcək.

alis-veris

Geyim bizi anladan vacib element olsa da, ona münasibətimiz daha vacibdir. İçindəki biz olmadıqdan sonra anlamı qalmayan parçalara çox dəyər yükləyirik. Əslində isə onlar, sadəcə, bizi istidən, soyuqdan qoruyan bir örtükdür. Çeşid-çeşid olmasına gərək yoxdur, bircə dəst olsun, amma keyfiyyətli olsun. Bir də bizi anladan bir tərzdən olsun – yetərlidir. Buna görə geyimdə minimalizmi tətbiq etməyin vaxtıdır. Minimalizm, Platonun təbiri ilə desək, çox şeyə sahib olmağı deyil, az şey istəməyi əsas tutan, sadəliyi tərənnüm edən fəlsəfi cərəyandır. 19-cu əsrdə özünü sənət sahələrində göstərsə də, sonradan həyat tərzinə çevrilmiş və maddi aslılıqdan azad olmağın mənəvi rahatlığını özündə təcəssüm etdirən ali yanaşmadır. Elə isə ömrümüzdən hər gün dəqiqələr, bəzən saatlar alan geyim seçminə daha az zaman ayırmaq üçün bircə gün bir neçə saat ayırıb paltar dolabımıza baxsaq, görərik ki, illərdir “nə vaxtsa lazım olar, geyinərəm” dediyimiz geyimlərin çoxunu yadımızdan çıxarmışıq. Yadımızda olanlar isə hər gün seçimimizi çətinləşdirib başımızı yoran, yerindəcə durub bundan artığına xidmət etməyən suvenirlərə çevrilib. Ona görə bir gün zaman ayır. Uzun müddətdir geyinəcəyini düşünüb heç geyinmədiyin geyimləri ayır. Əminəm ki, aralarında yararlı olanları və bir çox insan üçün həyatqurtaranları olacaq. Onları seç və bir paketə yerləşdirib birilərini sevindirməyə çalış.

alis-veris

Əhvalı olmayanda alış-veriş edərək rahatlayan, xoşbəxt olan birisi olmusansa, bu dəfə başqalarını sevindirərək xoşbəxt olmağa cəhd et. Davamında isə xoşbəxtliyi geyim kimi maddi nemətlərədə deyil, elə başqaları ilə münasibətlərdə tapmağa çalış. Bol-bol geyim çeşidlərini almağa xərclədiyin pulları səyahətlərə, kitablara ayır. Bir dəfə də toya keçən dəfə geyindiyin libasda get. Bir mövsüm də işə, dərsə iki dəst dəyişəkli geyimlə get. Geyim seçiminə, alış-verişinə xərclədiyin zamanı açıq havada gəzməyə, dostlarınla, tanışlarınla görüşməyə, söhbətləşməyə sərf et. Sevdiyin filmlərə, oxuduğun kitablara ayırdığın zamanı artır. Maddi dünyanı deyil, mənəvi aləmini zənginləşdirməyin yollarına bax…

 

Aləmdə Nəsib




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir