22215077_10155760383912445_653104620_n

Girişlər və çıxışlar: idman həftəsi barədə HƏKİM RƏŞAD SULTAN YAZIR

Baxış sayı: 184

İdmanla dolu bir həftəni yola saldıq.

Gözlədiyimiz Çempionlar Liqası qrup oyunlarını ilk dəfə şəhərimizdə qəbul etdik. Çox möhtəşəm Olimpiya stadionumuzda. O stadionda ki, iki il əvvəl avropa oyunlarını, bu ilin mayında da islam oyunlarını alnımızın ağıyla qəbul edib yola salmışdıq. Stadiona söz ola bilməz.

Bəs gediş-gəliş! 65 min bilet satıldığı əvvəlcədən məlum ikən, təkcə metroya güvənmək nə qədər ağlabatan idi?!  Bir ara mənə elə gəldi ki, gələnlər metroda qatar yoluna düşəcək. O dərəcədə basırıq var idi yəni. Gənclik və Qarayev stansiyalarının qarşısından azarkeşləri daşımalı olan avtobuslar isə çox-çox az sayda idi və yetərsiz qaldı. Metrodan bir təhər çıxandan sonra polisin bir neçə nöqtədə heç bir məna verə bilmədiyimiz maneəsi ilə üzləşdik ki, bu da insan kütləsinin böyüməsinə və insanların sıxılmasına səbəb oldu. Yolları, giriş-çıxışları çox praktik və əlverişli tikilən olimpiya stadionunda bu mənzərəni yarada bilmək üçün ya çox qabiliyyətli, ya da çox-çox qabiliyyətsiz bir təşkilatçılıq olmalı idi.

Oyun haqqında – Roma fırtına kimi başlayanda bu oyununun “Çelsi” darmadağınından daha acı olacağını düşündük, amma “Qarabağ” özü oyun qura bilməsə də, rəqibi yormağı bacarmışdı və sonrasına Romanın gücü çatmadı. Əvəzində “Qarabağ” bir gol vurub, ikincisi üçün də bizləri ümidləndirdi. Oyunun gedişində tarazlıq yaratsa da, hesaba bunu əks etdirə bilmədi. Buna baxmayaraq azarkeşlər stadionu tərk edərkən “Qarabağ”ı alqışladılar. Amma stadiondan çıxış, girişdən də məşəqqətli alındı. Yavaş-yavaş yığılan insan kütləsi bu dəfə bir anda bayıra axışdı və gerisini gələn oyunlarçun təşkilatçılar, zəhmət olmasa, düşünsün.

İdman həftəsi hələ davam edirdi.

Qadınlar arasında volleybol üzrə Avropa çempionatı ayın 22-si başlamış və artıq milli komandamız qrup birincisi olaraq ¼ finala vəsiqə qazanmışdı. Oyunların keçirildiyi Milli Gimnastika Arenası ev sahibliyinin öhdəsindən məharətlə gəlsə də, hər keçən turda tamaşaçı sayı artdıqca, burda da çatışmazlıqlar büruzə verirdi. Belə bir səviyyəli yarışda biletlərin sadəcə sektorlara görə ayrılması, yəni bilet üzərində sıra və yer göstərilməməsi ¼ finaldakı Azərbaycan–Almaniya oyununda tamaşaçılar arasında mübahisəyə səbəb oldu. Yaxşı ki, qrupda udduğumuz Almaniyanın gənclərdən ibarət təcrübəsiz və yeni komandasını bu dəfə də asanlıqla yendik və hamının üzü güldü. Amma giriş və çıxış məsələsi yenə problemli idi. Ümumiyyətlə, tikilərkən qapılarının sayı tamaşaçı tutumunun sayına görə layihələşdirilən bu cür müasir arenalarda yarış keçirilərkən sırf mühafizə xidmətinin işini guya asanlaşdırmaq xatirinə giriş-çıxış nöqtələrini minimuma endirmək, bununla da insan kütləsi yaradaraq basırığa səbəb olmaq hansı ağıldan irəli gəlir, bunu anlamaq çətindir. Yəni bu qədər xərc çəkilib azarkeşlərçün bu cür rahat arenalar tikirik, sonra qapıları bağlayıb, süni narahatlıq yaradırıq.

İndi isə əsas oyun haqqında – Azərbaycan–Hollandiya.

Bizim üçün turnirin ən maraqlı oyunu oldu. Səhvsiz oynayan Hollandiya qarşısında bir az da azarkeş dəstəyi ilə qızlarımız çox çarpışsalar da 3 setin sonunda hesab 2-1 bizim əleyhimizə idi. Nə Polina Rəhimova və Natalyanın qüvvətli zərbələri, nə Kseniya Poznyakın qısa pasdan smaçları keçmir, rəqibin bloku səhvsiz oynayır, bloku keçəndə isə rəqib liberosu işini görürdü. Buna baxmayaraq Faiq Qarayev təcrübəsi ilə 4-cü setdə 11-19 geriyə düşən komandamız fantastik geri dönüşlə seti qopara bildi və 2-2 hesabla 5-ci setə psixoloji üstün girdik. Bu geri dönüş azarkeşləri də oyandırdı. Amma bir şeyi qeyd edək ki, idmançılarımızı nə qədər tənqid etsək də, azarkeş dəstəyimiz həmişə idmanımızdan bir addım geri qalır. Önə keçəndə qışqırıb, geriyə düşəndə susan azarkeşlər, oyunun əvvəlində səs-küy salıb, axıra yaxın başı selfi çəkdirməyə qarışan fan-klub 5-ci setdə öz sözünü deməli ikən, komandamız öz evində oynama üstünlüyünü hiss edə bilmədi. Yarımfinalda uduzsaq da, yenə də təşəkkürü haqq edən qızlar alqışlarla uğurlandılar. Ertəsi gün 3-cü yer uğrunda oyuna daha yorğun çıxan milli komandamız yarımfinalda Serbiyaya daha sönük oyunla uduzan Türkiyə yığmasına 0-3 hesabı ilə uduzdu və Avropa çempionatında 4-cü olaraq turniri başa vurdu. Milli komandamızı analiz edərkən, 90-cı illərin əfsanəvi kollektivindən sonra, nəsil dəyişikliyini uğurla həyata keçirildiyini qeyd etmək olar. 1996 dünya 9-cusu, 2005 Avropa 4-cüsü olan komandamızda həmin kollektivlərdən ancaq libero Valeriya Məmmədova vardı ki, o da öz zəif oyunu ilə estafeti verməyin vaxtı çatdığını göstərirdi. 2000-lərin əvvəllərində hələ gənc və perspektivli oyunçu kimi tanıdığımız Natalya və Polina bu gün öz güc və təcrübələri ilə komandamızı daşıyan adlar idi. Amma pasörlükdə Oksana Paxomenkonu gözümüz axtarırdı. Ümumilikdə Avropa 4-cüsü olmaq ən az bu turnirə ev sahibliyi etmək qədər qürur vericidir.

Və Final – fırtına kimi əsən Serbiya Hollandiyaya sadəcə bir set verdi. 3-1. Bizə də bu tarixə şahid olmaq qaldı.

Futbol üzrə Çempionlar lıqasının digər oyunlarında, 2018-2019 sezonunun Avroliqa finalında və Avropa Çempionatının final mərhələsinin dörd oyununda stadionda görşümək diləyi ilə.

Ginekoloq Rəşad Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir