mekteb

Görüş yerinə çevrilən məktəblər

Baxış sayı: 763

Məktəblərdə dərs sayı azaldılır. Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublunun sözlərinə görə, əyani dərslər (həftə ərzində) narıncı zonalarda 7 saat, sarı zonalarda isə 12 saat nəzərdə tutulur: “Bunu da 4 saat-4 saat böləndə həftədə iki-üç gün dərs edir”.

Qeyd edək ki, yuxarı siniflərdə gündəlik dərs sayı 5-6 arası dəyişir. Beş günlük məktəblərdə isə yuxarı siniflərdə dərs sayı altı, altı günlük məktəblərdə isə gündəlik 5-6 olur. Sputnik Azərbaycan ənənəvi təhsildə dərs sayının azaldılmasının şagirdlərin biliyinə təsirini araşdırıb.

Pedaqoji elmlər üzrə fəlsəfə doktoru Məlahət Mürşüdlü bildirir ki, dərs sayı azaldılsa belə, müəllim peşəkardırsa, o, lazımi bilikləri şagirdlərə mənimsədə biləcək: “Bu, müəllimin peşəkarlıq səviyyəsindən asılıdır. Onun proqramı, verəcəyi materialı bilməsindən və prosesdə istifadə edəcəyi interaktiv təlim metodlarından ustalıqla istifadə etməsindən asılıdır. Əlbəttə, bu hal həm də valideynlərin üzərinə müəyyən öhdəliklər qoyur. Onlar bir növ evdə müəllimin köməkçisi rolunda çıxış etməlidirlər”.

M.Mürşüdlü bildirir ki, Təhsil Nazirliyinin təqdim etdiyi dərs cədvəli yerli şöbə və məktəblər üçün nümunə olmalıdır: “Hər bir məktəb öz daxili şəraitini nəzərə alaraq dərs cədvəlini də tərtib etməlidir. Məsələn, komplektli məktəblər var ki, sinifdə 5-7 şagird var. Bu həm də məsuliyyətin bölüşdürülməsi deməkdir”.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov deyir ki, əyani formada dərslərin azaldılması şagirdlərin bilik əldə etməsinə təsirsiz ötüşməyəcək: “Əlbəttə ki, belə halda mənimsəmə zəif olacaq. Amma nəzərə almaq lazımdır ki, bu qərar şagirdlərin məktəbdə kontaktını minimuma endirmək məqsədilə verilib. Ona görə də düşünürəm ki, effektiv metod tapılmalı, pedaqoji metodologiyanı dəyişməklə əlavə yük yaradan paraqraflar saf-çürük edilməlidir. Bunu da Təhsil Nazirliyi etməlidir.

Nəzərə almalıyıq ki, məktəb artıq təhsilalma yerinə yox, görüş yerinə çevrilir. Müəllimlər gənclərə elə formada dərs keçməlidirlər ki, onlar çox zəruri bilikləri əxz edə bilsinlər. Əvvəl şagirdlər təhsilin subyekti idilər. İndi isə artıq təhsilin obyektinə çevriliblər.

Bu, şagirdlərin biliyinə müəyyən mənada təsir etsə də, məktəbdə koronavirusa yoluxmanın qarşısını almaq üçün dərsləri əyani formada keçərək, sayını gündəlik dördə endirmək bir çıxış yoludur”.

Paytaxt məktəbinin adının çəkilməsini istəməyən müəllimi isə bildirir ki, məktəb direktoru onlara ənənəvi dərslərin həftədə iki dəfə 5 dərs olmaqla keçiriləcəyini söyləyib:

“Bizə verilən məlumata görə, dərslər ənənəvi formada hər gün 5 dərs olmaqla həftədə iki dəfə keçiriləcək. Ana-dili, ədəbiyyat, riyaziyyat, fizika, ingilis dili dərsləri həftədə iki dəfə əyani keçiriləcək. Yerdə qalan dərslər isə onlayn tədris olunacaq. Bu, ilkin məlumatdır. Bizə onu da bildiriblər ki, 5 günlük məktəblərdə dərslər 6 gün, şagird sayı çox olan siniflər iki hissəyə bölünməklə keçiriləcək”.

Qeyd edək ki, V.Yaqublu ibtidai siniflərdə bir dərsin 25, V-XI siniflərdə 30 dəqiqə davam edəcəyi ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib. O deyib ki, məktəblərdə bir akademik saat 45 dəqiqə olacaq və bu, dəyişməyəcək: “Çünki şagirdlər intensiv şəkildə çalışacaqlar və bəzən bir neçə dərsi bir dərs ərzində öyrənəcəklər. Ona görə də dərs saatının müddəti dəyişməyəcək”.

V.Yaqublu deyib ki, virtual dərslərin müddəti isə 30 dəqiqədən çox olmamalıdır. Uşaqların məktəblərə hansı günlər gələcəyi isə, şöbə müdirinin sözlərinə görə, dərs cədvəllərindən asılıdır. Məktəblərdə sıxlığının azaldılması üçün bütün sinif komplektləri həftənin günləri arasında bölüşdürüləcək, bununla məktəbə gələn şagirdlərin sayı iki dəfə azaldılacaq. Həmçinin şagirdlər arasında 1,5 m-lik məsafənin qorunması mümkün olmayan sinif komplektlərində onlar iki yarımqrupa bölünəcəklər. Cədvəllər də buna uyğun hazırlanacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir