bina

Göydələnlərin “göydən enən” qiymətləri

Baxış sayı: 1. 074

Son bir neçə ayda ölkəmizdə koronavirusa qarşı xüsusi karantin rejiminin tətbiq edilməsi əmlak bazarına, xüsusilə kirayə bazarına öz təsirini göstərməkdədir. Mütəxəssislər bildirirlər ki, virusla əlaqədar olaraq evlərin çoxu boşaldığına görə, hazırda şəhərdə kirayə qiymətləri aşağı düşüb.

Əmlak eksperti Elnur Fərzəliyev bildirir ki, iş yerlərinin fəaliyyətinin dayandırılması ilə rayon qeydiyyatında olan vətəndaşların əksəriyyəti öz rayonlarına qayıdıb və kirayə evlər boş qalıb.

“Demək olar ki, kirayə bazarı çöküb. Elə ev sahibləri var ki, vəziyyəti başa düşüb qiymətləri endirib, bəziləri isə endirim etmir, kirayənişindən evdən çıxmağı tələb edir. Hazırda buna görə çox boş ev var” – deyə E.Fərzəliyev qeyd edir.S

Ekspert onu da vurğulayır ki, küçəyə çıxmaq icazəli olduğu və şəhərdə daha çox sıxlıq müşahidə edildiyi üçün bəzi vətəndaşlar bağ evlərinə köçüb. Elə bu səbəbdən də bəzi ev sahibləri vəziyyətdən istifadə edib bağ evlərinin kirayə qiymətini artırır.

 Yaşayış kompleksi, arxiv şıkli

“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov da bir müddət əvvəl da qeyd etmişdi ki, bağ evlərinin kirayəsində dinamika müşahidə edilir.

Onun sözlərinə görə, kirayə bazarında dinamika şəhər mərkəzində sıfıra enib, kənarda, xüsusilə də bağ evlərində nisbətən canlanıb: “Çünki mərkəzdə əhali sıxlığı var. Kənarlaşdıqca sıxlıq aşağı düşür və xəstəlik üzrə risk göstəriciləri də azalır. Mərkəzdən kənar ərazilərə axın daha çox Mərdəkan, Şüvəlan, Bilgəh, Buzovna istiqamətindədir. Çünki bu ərazilərdə infrastruktur, nəqliyyat imkanları daha yaxşıdır”.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə bildirir ki, daşınmaz əmlak adətən böyük şəhərlərdə 15-17 faiz arasında kirayə verilir. Bakı şəhərində bu göstərici maksimal həddədir: “Bu məsələ urbanizasiya ilə əlaqəlidir. Hər zaman kənd-rayon əhalisinin böyük şəhərlərə, xüsusilə Bakıya axını müşahidə edilib. Bu şəxslərin çoxu qeyri-rəsmi gəlirlər əldə etdiyi üçün indi böhran onların fəaliyyətinə təsir göstərib. Yəni bunların sayı həddindən artıq çoxdur. Düşünürəm ki, bu kimi şəxslər hazırda gəlirsiz qaldığı üçün bu da kirayə bazarına təsir göstərir”.

E.Azadovun sözlərinə görə, hazırda bir çox ticarət və xidmət sahələrinin fəaliyyəti dayanıb. Həmin şəxslər daha çox ticarət və xidmət sahələrində çalışdığı üçün onların gəlirləri də yoxdur.

“Bu iqtisadi böhran həmin şəxslərin gəlirlərini dayandırdığı üçün onlar əvvəlki kimi kirayə pulunu ödəyə bilməyəcək. Hətta hazırda bir çox şəxslər var ki, onlar dövlətdən dəstək gözləyir. Əmlak sahibləri isə təbii ki, pullarını tələb edəcəklər” – deyən ekspert vurğulayıb ki, ticarət sahəsində bir çox obyekt sahibləri obyektlər işləmədiyinə görə güzəştlər edirlər.

Lakin mənzillərdə kirayə qalanlarla əmlak sahibləri arasında narazılıqlar var.

Ekspertin sözlərinə görə, daşınmaz əmlakın 80%-i qeyri-rəsmi kirayə verilir: “Yəni rəsmi olduğu halda istər ticarət obyekti, istər ev sahibi dövlətə 14% vergi ödəməlidir. İnsanlar da vergi ödəməkdən yayınmaq üçün qeyri-rəsmi şəkildə evlərini kirayə verirlər. Əminliklə deyə bilərəm ki, bu rəqəm 80-90% arasında dəyişir”.

Ekspertin fikrincə, kirayə bazarında qiymətlərin artımı mümkün deyil. Əksinə tədricən düşməsi gözlənilir.

Burada isə əsas iki səbəb var: “Biri pandemiya səbəbilə yaşanan böhran, digəri isə vətəndaşların bölgələrə qayıtması. Belə ki, bir çox vətəndaş yay mövsümündən istifadə edib, müxtəlif regionlara gedəcək. Tələbələr regionlara qayıdacaq. Bu səbəbdən hələ konkret bir söz demək mümkün deyil. Gözləyirik ki, karantin müddəti bitsin. Bundan sonra iqtisadi proseslərin əmlak bazarına təsiri haqqında danışmaq olar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir