q

Gözəllikdən xəstəliyə bir addım

Baxış sayı: 1. 813
Bu gün dünyanın bir çox ölkələrində qadınlar arasında yeni bir dəb yayılıb; müxtəlif idman hərəkətlərindən istifadə edərək bədəni olduqca mükəmməl formaya salmaq və daim bu formada qalmaq. Müxtəlif idman hərəkətləri ilə sağlam forma və bədənə sahib olmaq mümkün olsa da, artıq sağlamlıq heç də ilk pillədə dayanmır.
Bədənin tab gətirə bilməyəcəyi olduqca ağır idman hərəkətləri ilə bədəni normadan artıq yükləyərək formaya salmaq qadınlar üçün hava-su qədər önəmli olub. Xüsusən son zamanlar sosial şəbəkələrdə bu cür qadın idman məşqlərinin qısa video formasında hazırlanaraq yayımlanması qadınları daha da iştahlandırır. İllərin hesabına başa gələn formanı “sadəcə 15 dəqiqə” adı altında yayımlayaraq insanları həvəsləndirən bu videoların əksəriyyəti nəzarət tələb edən idmanlardır. Üstəlik ümumən idmanla məşğul olmayanlar üçün olduqca təhlükəlidir.
Qadınlar belə düşünür ki, ağır idman hərəkətləri fitnesin bir qoludur və bu cür məşqlər etmək insan sağlamlığı üçün vacibdir. Halbuki, fitnes qadın üçün ağır yük ola biləcək heç bir hərəkəti ilkin pillədə təqdim etmir. Zamanla bədənin öyrəşdirilməsindən sonra bir sıra bədən formaya salan hərəkətləri icra etmək mərhələsi başlayır ki, bu mərhələdə artıq orqanizm yetəri qədər idmana alışmış və yük qaldıra biləcək qədər möhkəmlənmiş olur. Qeyd etdiyimiz “15 dəqiqə” videolarını isə icra edənlər əksərən ümumən idmanla məşğul olmayanlardır. Bu cür idmanın edilməsi isə bədənin formaya salınmasından çox ağırlıqla yüklənməsi və əzələ-sümük sisteminin normal işləməsinin qarşısında sədd çəkilməsidir.”15 dəqiqə” videoları əslində təlim xarakteri daşıyır və bu cür videolar artıq müəyyən mərhələni adlamış qadınlar üçün məsləhət görülür. İdman videoları xarici dildə olduğu üçün əksər xanımlar idman ustalarının nə dediyini başa düşmür. Halbuki, bütün bu videolarda öncədən alışdırılmamış bədən üçün məsləhətli hərəkətlər olmadığı qeyd olunur. Bir sıra ölkələrdə fitnes və bu kimi idman növləri bir həyat tərzi olduğundan belə videoların yayılması da təbii hal hesab olunur və xüsusi qeydə ehtiyac olmur. Halbuki, idmanla məşğul olmayan bədən üçün hətta sağlamlığa ziyan vura biləcək qədər təhlükəli hərəkətlər mövcuddur.
Fitnes ustası Lena Qordanovanın sözlərinə görə, bədənin fiziki quruluşunun gücləndirilməsini məqsədini qarşıya qoyan fitness məşqləri, adamın seçiminə görə bir çox fərqli şəkildə və məkanda edilə bilər. Bunun üçün bədənin hansı mərhələdə olmasını bilmək və daha sonra məşqlərə başlamaq lazımdır. Nəzərə almaq lazımdır ki, fitnes birbaşa əzələlərin işlədilməsinə yönəlir və bu səbəbdən bu idman növünə arıqladıcı növ kimi baxmaq düzgün deyil: “Fitnes dedikdə, adamın ağlına ilk olaraq bədəni inkişaf etdirmə gəlir. Fitnes kimi edilən məşqlərin daha ayrı bir məktəb olduğunu və fitnes edənlərin çox fərqli bir idman sahəsi ilə maraqlandığını düşünlər də az deyil. Halbuki, fitnes sözünün mənası “sağlam olma, formada olma” deməkdir. Bu mənada fitnes çox geniş müxtəlifliyə malik olan digər fərqli məşq növləri kimi də xarakterizə edilə bilər. Fitnes istər alətli, istərsə də alətsiz olsun, bədən əzələlərinin tək-tək ya da qruplar şəklində işlədilməsi üçün edilən məşqlər toplusudur. Bu o deməkdir ki, fitnes birbaşa əzələlərin yığılması, şişməsi, bədənin nahiyəsinə görə formaya düşməsi deməkdir. Xüsusən, artıq çəkili, yeni ana olmuş, onurğa və əzələ- sümük narahatığı olanlar üçün məsləhət görülmür”.
“15 dəqiqə” idmanlarından danışan fitnes ustası bildirir ki, bu cür videolar sırf öyrəşmiş bədənlər üçündür. Yeni başlayan xanımlar alətsiz və mümkün qədər sadə növlərdən istifadə etməlidir ki, əzələlər zədələnməsin. Gözəl görünmək xətrinə sağlamlığa ziyan vurmaq da mümkündür: “Əgər xanım güzgünün qarşısında özünə inamlıdırsa, özünü kök hesab etmirsə, ilkin mərhələdən fitnesə başlaya bilər. Fitnes bədəni bərkidir. Əgər artıq çəki ilə fitnesə başlanılacaqsa, çəki elə olduğu kimi qalıb əskinə bərkiyəcək. Buna görə də, ilkin mərhələ olaraq sağlam bir şəkildə arıqlamaq lazımdır. Daha sonra fitnes və “15 dəqiqə” idmanlarını icra edərək yaranan sallaqlıqları yığışdırmaq mümkündür. Ətrafınızdakı insanlardan hansısa idman hərəkətlərini öyrənib məlumatsız halda onları təkrarlamanız əsas səhvlərdən biridir. Vücudunuza uyğun olmayan idman hərəkətlərini etməniz sizi istəyinizə qovuşdurmayacaq. Yüngül hərəkətlərlə idmana başlamadan qəfildən ağırlıq hərəkətləri etməniz əzələ deşilməsi, liflərdə zədələnmə, hətta qopmalara da səbəb ola bilər. Buna görə də vücudunuzun ağır hərəkətlərə öyrəşdiyinə əmin olun. İdman zamanı hansı əzələni hərəkət elətdirmək istədiyinizə zehni cəhətdən özünüzü alışdırın”.

 Günay Ramizqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir