goz

Gözləri qorumaq üçün 4 QAYDA, 8 HƏRƏKƏT

Baxış sayı: 1. 001

Gözləri qorumaq üçün gün ərzində xüsusi qaydalara əməl olunmalıdır. Bu qaydalar ələlxüsus gərgin iş rejimində çalışanlar, daha çox kompüter, planşet, mobil telefenlardan istifadə edənlər üçün keçərlidir. Oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva görmə gigiyenası və göz gimnastikası barədə qaydaları açıqlayıb. Onları təqdim edirik:

Görmə Gigiyenası :

1) İstənilən monitorlu texnikadan sutka ərzində cəmi 4 saat istifadə olunmalıdır, o da fasilələrlə.

2) İstənilən görmə gərginliyi ilə keçən işə hər 45 dəqiqədən bir 5 dəq. fasilə vermək lazımdır. Bu fasilə ərzində uzaqlara baxmaq, əli-ovucu qızdırıb gözləri ovuc səthiylə örtmək. Kiçik qan dövranında durğunluq olmaması üçün stol arxasından qalxmaq, hərəkət etmək lazımdır, başı saat əqrəbi və əks istiqamətdə sakit-aramla dairəvi hərəkət etdirmək məsləhətdir. Təmiz hava almaq lazımdır.

3) .20:20:20 – “Qızıl“ 20-liyə riayət etmək: monitor qarşısında əyləşəndən sonra hər 20 dəqiqədən bir 20 saniyəlik 20 metr uzağa baxmaq.

4) Kompüterlə işləyəndə gözləri tez-tez qırpmağa alışdırmaq (gözdə quruluğun qarşısını almaq üçün) lazımdır.

Bundan başqa, qida rasionunuza göz dibi hüceyrələrinin normal qidalanması üçün lazım olan mikroelementlərlə zəngin olan qidaları daxil edin: Balıq (həftədə 2 dəfə), qırmızı-narıncı-sarı rəngli meyvə-tərəvəz (yerkökü , çuğundur, portağal, ərik, manqo, ərik qurusu, xurma-karalyok, avakado və s.), enli yarpaqlı bitkilər (şomu-ispanaq, kahi, gül kələmi, brokolli və s.), giləmeyvələr (qara qarağat, quşüzümü ).

Göz gimnastikası :

1) Gözün horizontal hərəkəti: sağa-sola

2) Göz almasının vertikal hərəkəti: yuxarı-aşağı

3) Gözün dairəvi hərəkəti: Saat əqrəbi istiqamətində və əks istiqamətdə

4) Cəld templə qapaqları intensiv qapamaq (sıxmaq) və açmaq

5) Gözün diaqanal boyu hərəkəti: Gözü aşağı sol küncə çəpləşdirmək,sonra gözü düz yuxarı keçirtmək, yönləndirmək. Analoji hərəkəti əks tərəfə təkrarlamaq

6) Gözü burunda çəpləşdirmək. Bunun üçün barmağınızı qaşlar arasına qoyun və həmin barmağa baxın (gözü çəpləşdirmək)

7) Tez-tez qırpma hərəkəti etmək

8) Gözlərin “məsafə”də işləməsi. Pəncərəyə yaxınlaşın, ən yaxın dəqiq görsənən obyektə baxın: ən yaxında bitən ağacın budağına yaxud pəncərəyə dairəvi kiçik kağız kəsib yapışdırın və ona baxın. Sonra ən uzaqda aydın görünən obyekt seçib ona baxın. 3 saniyə yaxına 3 saniyə uzağa baxın. Məşqi ilk gün 2 dəqiqə, növbəti gün 5 dəq., daha sonra 7 dəq., bundan sonrakı günlərdə 10 dəqiqə olmaqla hər gün təkrarlayın.

Hər hərəkəti bütün istiqamətlərdə ən azı 6 dəfə təkrarlamaq lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir