turist_yolda

Gözləyirlər ki, kimsə gəlib onların əvəzinə işləsin…

Baxış sayı: 1. 671

Ölkədə turizmin inkişafına dövlət tərəfindən lazım olan dəstək göstərilir və hər cür şərait yaradılır. Lakin bu qədər şəraitin yaradılmasına baxmayaraq, özəl turizm şirkətlərinin fəaliyyəti bərbaddır.

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (ATA) baş katibi Müzəffər Ağakərimov deyib.

Baş katib qeyd edib ki, dövlət ölkədə turizmin inkişafı üçün mərhələlərlə hər şeyi edir və lazımi şəraiti yaradır: “Bir müddət əvvəl bir sıra ölkələrin vətəndaşları üçün sadələşdirilmiş viza rejiminə keçilməsi və vizanın əcnəbilərə elə hava limanlarındaca verilməsi məsələsi həll olunmuşdu. Qanunvericiliyə edilən dəyişikliklərdən sonra isə artıq elektron vizanın verilməsi müddəti də azaldıldı və cəmi 5 günə endirildi. Bütün bu addımlar müxtəlif ölkələrdən Azərbaycana turistlərin, iş adamlarının, müxtəlif tədbirlərə gələnlərin işlərini rahatlaşdırır. Dövlət infrastruktur yaradır, tarixi-memarlıq abidələrini bərpa edir, muzeylər açır, yollar çəkir, kommunal təchizat problemlərini həll edir. Dövlət artıq həm otellər, həm turizm şirkətləri üçün lisenziyalaşmanı da ləğv eləyib və bütün şəraiti yaradır ki, Azərbaycanda turizm inkişaf etsin və ölkəyə daha çox turist cəlb olunsun”.

Amma M.Ağakərimov hesab edir ki, bütün bunların qarşılığında turizm şirkətlərinin fəaliyyəti qənaətbəxş deyil: “İndi özəl turizm şirkətləri qollarını çırmalayıb yaxşıca işləməlidir. Amma bizim turizm şirkətləri çox zəif işləyirlər. Ölkədəki 300-dən çox turizm şirkətinin yalnız 5 faizi gəlmə turizmlə  məşğuldur. Biz ATA olaraq onlara dəfələrlə tövsiyələrimizi verib demişik ki, işləyin, yaradılmış fürsətlərdən istifadə edin, ölkəyə daha çox turist cəlb edin. Onlar isə hələ də gözləyirlər və elə bilirlər ki, kimsə gəlib onların yerinə işləməlidir. Arzu edərdim ki, özəl turizm şirkətlərimiz dövlətin onlara verdiyi dəstəkdən lazımınca istifadə etsinlər”.

İlkin İzzət




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir