Gulyaz M

Gülyaz Məmmədova: “Oğlumun mənə rəqib olmasını istəyərəm” – MÜSAHİBƏ

Baxış sayı: 188
“Qadın zəifdir, ancaq analar qüvvətlidir” – deyiblər. Doğrudan da çevrəmizdə olan qadınlara nəzər yetirəndə, görürük ki, ana olduqdan sonra qadınlar daha çox mühafizəkar, güclü  görünürlər. Bu gün cəmiyyətimizdə fədakar analar çoxdur. Hansı ki, min bir əziyyətə qatlaşıb, balalarının namərdə möhtac olmamağı, heç kimin qarşısında əyilməməyi üçün gecə-gündüz çalışıb, onu istədiyi şəkildə yetişdirirlər. Elə fədakar analardan biri də xalq artistimiz, sevilən ifaçı, aktrisa Gülyaz Məmmədovadır.
Siz onu hər zaman səhnədə peşəkar ifaçı və mehriban insan kimi görmüsünüz. İndi isə biz sizi onun ailədə necə bir ana olması ilə tanış edəcəyik. Qeyd edək ki, “Mənim balam” rubrikamızın qonağı Gülyaz xanımın yeganə övladı Ramazan da ifaçıdır. O, anasının sənətini yeni üslub və ifa tərzi ilə davam etdirir. Xalq artistimiz oğlu ilə bağlı ona ünvanladığımız sualları cavablandırdı. Bildirdi ki, övladı onun nəinki övladı, eyni zamanda ən yaxın dostudur.
– Gülyaz xanım, övladınızı tərbiyə edərkən hansı üsuldan istifadə edirsiniz? Dədə-baba üsulu ilə, yoxsa sizin öz metodikanız var?
– Bizi bu yaşa qədər valideynlərimiz tərbiyə edib. Onlar da öz valideynlərindən görüb, görüb-götürüblər. Biz onların sayəsində bu səviyyəyə qədər gəlib çatmışıqsa, deməli ən gözəl metodika məhz budur. Təbii ki, müasir dövrdə yaşayırıq, daima inkişafdayıq. Biz də müasir dövrdən nələrisə görüb götürürük. Təbii  haldır ki, dədə-babalarımızın dövrü ilə bugünkü dövr bir-birinə uyğunlaşmır. Amma tərbiyə məsələsinə gələndə isə, heç bir müasir metodika bizim aldığımız həmin tərbiyə üsulunun qarşısında dura bilməz. Mənim üçün övladımın tərbiyəsi hər şeydən üstündür.
– Sizcə, uşağı döymək tərbiyə üsuludurmu? Siz bu üsuldan istifadə etmisinizmi?
– Mən uşağı döyməyin əleyhinəyəm. Uşağı sözlə tərbiyə etmək lazımdır, nəinki döymək. Hər şeyin öz yolu var. Döyməklə tərbiyə etmək olmur. Uşağın özündən də çox şey asılıdır.
– Oğlunuz gitara ifa edir və özünə xas ifa tərzi var. Bir valideyn kimi deyil, bir müəllim kimi onun musiqi təhsili ilə maraqlanırsınızmı?
– Oğlum tar sinfini bitirib. İlk olaraq 22 saylı musiqi məktəbində gözəl tarzənimiz Ramiz Həsənov, daha sonra Azərbaycan Milli Konservatoriyasının nəzdindəki musiqi kollecində tarzən Elxan Müzəffərov, Nahid Məmmədov və Azər müəllimdən dərs alıb. Bu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “estrada” fakültəsini bitirdi. Müəllimləri xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artist Gülüstan Əliyeva olub. Təbii ki, Ramazanın ifasını, səsini çox bəyənirəm. Hər zaman ona kömək və dəstək göstərməyə hazıram. Ümumiyyətlə, yaradıcılığa başlayan istənilən gənc ifaçının dəstəyə ehtiyacı olur. Mənim özümün də saysız tələbələrim olub. Bizim borcumuzdur ki, doğru şəkildə yönləndirək. Bunun üçün də mən hər zaman oğlumun yanındayam. Ona hansı sahədə dəstək lazımdırsa, göstərməyə hazıram. Oğlumla hər zaman maraqlanıram.
– Gələcəkdə oğlunuzu necə görmək istəyirsiniz?
– Ramazana ümidlərim böyükdür. Onu gələcəkdə xalqına, vətəninə yararlı bir övlad kimi görmək istəyirəm. Özü hansı sənəti, ixtisası sevirsə, o yolun ən peşəkar nümayəndəsi olmasını istəyirəm.   O mənim üçün çox dəyərlidir. Hər zaman da məsləhət verərkən demişəm ki, insan gərək sevdiyi sənətlə məşğul olsun. Bu zaman uğur qapıları da insanın üzünə açıq olar. Onun bu sənətə böyük marağı var. Mən də onun arzularının ardınca getməsinə razılıq verdim.
– Bilirik ki, çox işgüzar xanımsınız. Həm teatrda çalışırsınız, həm pedaqoqsunuz, həm də sevilən ifaçısınız. Bir qadın olaraq bu qədər yükü üzərinizə götürmək təbii ki, sizi çox yorar. Maraqlıdır, övladınıza zaman ayıra bilirsinizmi? 
– Əlbəttə. Mənim üçün dünya bir yana, oğlum bir yana. Nə işim olursa-olsun, hər şeydən qabaq oğlum və onun sağlamlığı gəlir. Düzdür, pedaqoq kimi fəaliyyət göstərirəm, ifaçı kimi efirlərdə, konsert proqramlarımda çıxışlarım olur, ancaq bütün bu proseslərin içərisində Ramazana da xüsusi diqqət ayırıram. Çünki o mənim həyatımın əsas parçasıdır. Onsuz bir günüm olmasın. Mən evdə olanda da, olmayanda da bütün diqqətim oğlumun üstündədir.
– Siz tanınmış simasınız. İnsanlarla münasibətdə olanda sizinlə şəkil çəkdirmək, avtoqraf almaq istəyənlər olur. Belə hallarda oğlunuz sizi qısqanırmı?
– Oğlum da musiqi aləmində olduğu üçün hər şeyi gözəl başa düşür. Sözsüz ki, cəmiyyət içinə tez-tez çıxıram və mənimlə tamaşaçılarımız şəkillər çəkdirirlər. Bu normal haldır. Ancaq maraqlısı da burasındadır ki, hansı tədbirdə iştirak ediriksə, tamaşaçılar yaxınlaşıb Ramazanımla da şəkil çəkdirirlər. Təbii ki, bu gözəl haldır. Onun üçün də ikimiz də bir-birimizi yaxşı başa düşürük. Heç bir qısqanclıqdan söhbət gedə bilməz.
– Oğlunuz sizin sənətinizi seçib. Gələcəkdə onu sənətinizin davamçısı kimi görürsünüzmü?
– Əlbəttə. İstəyərəm ki, Ramazan öz sahəsi üzrə tanınsın, istedadı ilə şöhrət əldə etsin. İnsanlar tərəfindən sevilsin, məşhur olsun. Mənə rəqib olmağını istəyərəm. Bu yaxşı bir şeydir. Pis deyil ki. Hətta o qədər işinin peşəkarı olsun ki, bu sənətdə məni də keçsin. Mənim üçün dünyada bundan gözəl heç nə ola bilməz.
– Ramazan gələcəkdə ailə qurmaq istədiyi zaman bir ana kimi bu məsələyə müdaxilə edəcəksinizmi?
– Ramazan kimi sevərsə, onunla ailə həyatı quracaq. Düşünürəm ki, bu barədə düşünmək hələ çox tezdir. İnşallah, zamanı gələndə, bu barədə fikir bildirərəm. Ancaq hələ ki biz bu mövzu barədə heç fikirləşmirik də. O mənim yox, bütün xalqın gələcəyidir. Biz ona yardım etməliyik ki, daha çox irəli getsin.  (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir