ayla

Gündəmin filmi: “Ayla”

Baxış sayı: 1. 501

Son iki həftədə Türkiyə mediasında Can Ulkayın rejissoru olduğu “Ayla” filmi müzakirə mövzusuna çevrilib. Bu film Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Kino Təşkilatı nümayəndələrindən ibarət 17 nəfərlik məclis tərəfindən “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə “Oskar” mükafatına namizəd göstərilib. Bu film son iki həftədə Türkiyənin  ən sevilən və reytinq toplayan filmlərindən birinə çevrilib. Filmin hekayəsi də çox fərqli və orijinaldır.

 

60 il sonra yenidən görüşdülər

Yenicə geridə qoyduğumuz ilin oktyabr ayında yayımlanmağa başlayan və son ayların ən çox müzakirə olunan filmlərindən biri türkiyəli rejissor Can Ulkayın “Ayla” filmi haqqında söz-söhbətlər səngimək bilmir. Koreya müharibəsindən bəhs edən kino dünya kinomanlarının diqqətini çəkib. Filmdə 1950-ci ildə Koreya müharibəsində iştirak edən gənc türk əsgərinin ata-anasını itirmiş 5 yaşlı koreyalı qızı tapması, bir il yarım ərzində ona atalıq etməsindən, daha sonra isə ayrılmaq məcburiyyətində qalmasından və ata-qızın 60 il sonra yenidən qovuşmasından bəhs edir.

Gənc Süleyman 1950-ci ildə könüllü şəkildə Koreya müharibəsində iştirak edib. O, savaşdıqları zaman qarla örtülmüş bir ərazidə soyuqdan büzüşərək oturmuş, donmaq üzrə olan bir qız uşağı tapır.

Ata-anası öldürüldüyündən, kimsəsiz qalan qız uşağına sahib çıxıb, onu özü ilə aparır. Süleyman uşağa Ayla adı verir. Müharibənin davam etdiyi 1,5 il ərzində Süleyman Aylanı yanından ayırmayıb, ona atalıq edib, öz qızı kimi baxıb. Ölkədən ayrılmaq vaxtı çatanda isə Süleymana Aylanı Türkiyəyə apara bilməyəcəyi deyilib. O, qızı kimi sevdiyi Aylanı məcburən uşaq evinə verib və “ata-bala” bir-birindən ayrılıb. Ayla ailəsini bir dəfə daha itirib…

O hadisədən 60 il keçdikdən sonra türk əsgəri 85 yaşında Koreyada qoyub gəldiyi “qızını” axtarmaq fikrinə düşüb. O, 5 yaşında ayrılmaq məcburiyyətində qaldığı Aylanın harada olduğunu, yaşayıb-yaşamadığını bilmək üçün aidiyyəti qurumlara müraciət edib.Əlində sadəcə, şəkillər olan Süleyman kişi “qızının” axtarışına başlayıb. Türkiyəli əsgərlərin sahib çıxdığı ana və atasını itirən 20-yə yaxın uşaq tapılır. Lakin Ayladan səs çıxmır. Nəhayət 1 ay sonra gözlənilən xəbər gəlir. Ayla tapılır.

Məlum olur ki, 5 yaşlı Ayla indi 60 yaşında Kim Eunjadır. Ona Süleymanla olan fotoları göstəriləndə isə Kim göz yaşlarını saxlaya bilmir və hər şeyi dünənki kimi xatırladığını deyir.

“Ata-bala”nın görüşü Koreyada, onların ayrılmaq məcburiyyətində qaldığı yerdə gerçəkləşir. Süleyman-Ayla qovuşması isə ətrafdakı hamını göz yaşına boğur.

 

 

Film kimi hekayə

Gerçək həyat  hekayəsi ilə gündəmə gələn Süleyman Dilbirliyinin səhhətinin birdən birə pisləşməsi tamaşaçıları məyus edib. “Ayla” filmində Türk tamaşaçılarını göz yaşına boğan və böyük sevgi qazanan Süleyman Dilbirliyinin səhhəti günü-gündən pisləşir. Dilbirliyi tənəffüs çatışmazlığı səbəbi ilə xəstəxanaya qaldırılıb. “Ayla” filminin prodüseri Mustafa Uslu Türkiyə mətbuatına açıqlamasında deyib ki, Süleyman əmi mələk kimi bir insandır və onun Türkiyə tərəfindən nə qədər sevildiyini görməyini çox istəyir: “Hər kəsdən Süleyman əmi üçün dua etməsini istəyirəm”.

Filmi izləyən hər kəs Süleyman əmiyə heyranlığını bildirib Kiçik bir qız uşağının həyatını xilas edən Süleyman əmi bütün Türkiyənin sevgisini qazanıb. Hazırda Haydar Paşa Numune xəstəxanasında müalicə olunan keçmiş əsgərin görüşünə gəlmək istəyən insanların sayı gündən-günə çoxalır. Filmin prodüseri Mustafa Uslu göz yaşları içində bildirib ki, həkimlər hər an hər şeyə hazırlıqlı olmamızı istəyir: “Oktyabr ayında Süleyman əminin bütün müalicələrini aparırdıq. Ayağında çiban kimi çıxan böyük bir çirk vardı. Onu müalicə etdirdik. Ondan sonra Süleyman əmi filmin qalasına qatıldı. Və qalanın bitməsinə bir neçə saniyə qalmış əyilərək qulağıma “Oğlum, məndən bu qədər. Sən mənim arzumu gerçəkləşdirdin, mən də Aylaya verdiyim sözü tutdum” dedi. Qala gecəsində onun nə demək istədiyini anlamadım. Bir də onda gördüm ki, o, yerə sərildi. Həkimləri də onun ciddi bir xəstəliyi olmadığını, amma artıq yaşam üçün mübarizə aparmaqdan imtina etdiyini dedilər. Nə olar, bütün Türkiyə dua etsin. Çünki Süleyman əmi də, həyat yoldaşı Nimet xanım da bizim üçün tanrı tərəfindən göndərilmiş mələkdirlər. Onlar aldıqları kiçik bir pensiya ilə küçədə yaşayan heyvanlara baxıb, qarışqanı belə incitməyiblər. Mənim bu həyatda tək istədiyim şey odur ki, Süleyman əmi insanların onu nə qədər sevdiyini görsün. Xəstəlik xəbərini eşidəndən hər kəs onunla görüşmək, əlini öpmək istəyir. Süleyman əmi hazırda ölüm ayağındadır, taleyi aparatlardan asılıdır. Bütün dualarımız Süleyman əmi üçündür. Gözlərini açsın və görsün ki, bu xalq onu necə sevir”.

Gerçək fotolardan götürülmüş kadrlar

Real həyatdan götürülmüş filmin Türkiyədə qalası keçirildi. Filmi izləyən tamaşaçılar Süleyman bəyə məktublar yazmağa başlayıblar.  Rejissor  Can Ulkay film haqqında öz təəssüratlarını türk mediası ilə bölüşüb. Filmin necə ərsəyə gəlməsi ilə bağlı bütün detalları mətbuat nümayəndələri ilə bölüşüb. O deyib ki, Süleyman əmi Koreyaya gedəndə fotoaparatını da özü ilə aparıb: “Süleyman əmi müharibədə 300-400 şəkil çəkib. Onların hamısını bizə göstərdi. Yeri gəlmişkən, onların yenilərini çıxartdıq. Sonra da Süleyman əmidən bir-bir şəkillərin hekayəsini danışmasını xahiş etdik. Danışdıqca hadisələri və adları xatırlamağa başladı. Bu film yalnız kiçik uşaq və bir şəxsin həyatı haqqında ola bilməzdi. Süleyman Əmi bizə 15 obraz danışdı. Onların arasında Əli və Pepe də var. Məsələn, Pepe pəltək olduğu üçün Süleyman əmi onun dediklərini heç vaxt anlamazmış. Onu da, Əlini də filmə daxil etdik. Filmdə bu insanların prototiplərini görəcəksiniz”.

Rejissor deyir ki, Süleyman əminin çəkdiyi şəkillər əsnasında bir neçə kadrlar hazırlanıb: “Bütün hekayə və detallar yüz faiz real hadisələr əsasında çəkilib. Amma onların ssenaridə birləşdirilməsi vacib idi. Məsələn, o illərdə Merlin Monro Koreyada konsert proqramı ilə çıxış edib. Biz onu ssenariyə uyğunlaşdırdıq. Bu kimi birləşdirmələrin aparılması mütləq idi. Süleyman əminin fotolara baxarkən verdiyi reaksiyanı həyatım boyu unutmayacağam. Xəyallara dalması çox qəribə idi”.

 

“Biz istəmirik ki, “Ayla” müharibə filmi kimi tanınsın”

Can Ulkay deyir ki, “Ayla”nın müharibə filmi kimi tanınmasını istəmirlər: “Bu, sevgi filmidir. Müharibə səhnələri filmin hər yerində var, amma mövzuya uyğun olsun deyə. Bir neçə qarşıdurma səhnəsi çəkdik. Hər halda, filmin 90 faizi sevgi, qardaşlıq və yardımsevərlikdən danışır. Qırmızı, Mavi və Ağ film üçlüyü var. Biz də tizerləri dostluq, sevgi və ayrılıqla bağlı hazırlamağa qərar verdik. Çünki filmin mahiyyətində üçü də var. Bu hekayə dünyanın hər hansı yerində, başqa iki millət arasında da baş verə bilər. Filmdən Türkiyənin gerbini: ay ulduzu və qızın qıyıq gözlərini çıxarsan, bu hekayə dünyanın istənilən ölkəsinə aid edilə bilər.

İstəyirəm ki, “Ayla”nın beynəlxalq məhəbbət və yaxşılıqdan bəhs edən film olduğuna diqqət çəkilsin. İnsanlar müharibə filmi kimi qələmə verir, amma baxandan sonra elə olmadığını anlayacaqlar. Biz dünya kinosunda edilə biləcək ən yaxşı tarazlığı qoruyub saxladıq”.

 

Can Ulkay 1950-ci illəri və II Dünya Müharibəsini gözəl təsvir edib. Deyir ki, həmin illərdə dünya ikiyə bölünmüşdü: “Çətin mənzərədir, təsəvvür edin, dünya ikiyə bölünüb: Kommunizm və digər tərəf. Filmin sonunda Amerika, Çin, Koreya, Türkiyə də var. Əgər nə vaxtsa film təhlil edilsə, müharibə, kommunizm kimi faktorların olduğunu görərsiniz. Amma bunların hamısı yuxarıda dediyim kimi, mövzu etibarilə detallar kimi daxil edilib.

Filmdə amerikalıları da canlandırmışıq, çünki müharibədə onlar da olub. Millətçiliyə xüsusi diqqət çəkməmişik. Amerikalı bir general “Buraya türklər gəldilər, biz onları bu xidmətə aldıq. Amma müharibə elə bir vəziyyətə gəlib ki, türklərin gəlişi müharibənin rəngini dəyişdirdi. Müharibə bitdikdən sonra heç kim Amerika və ya başqa ölkədən danışmayacaq, yalnız türklərdən danışacaqlar” deyib. Generalın bu çıxışı rəsmi sənədlərə daxil edilib, bu sözlər filmdə də var. Bunun həqiqət olduğunu bilməyənlər, boş danışdığımızı düşünəcək. Lakin Amerika sənədlərində bu deyilənlər var”.

Filmin keyfiyyətinə gəlincə isə  rejissor bildirib ki, prodüserin işə ürəyini qoyması çox əhəmiyyətlidir: “Biz heç bir mübahisəsiz bu yerə gəlmişik. Mənim üçün şansdır. Hər istədiyimizi etdilər. Çox böyük iş görmüşük, layiqdir də. Biz Türkiyə standartlarına uyğun film çəkmək niyyətində deyildik. Biz, kino standartlarında uyğun film çəkməliydik! Beynəlxalq standart və Türkiyə standartları arasında ayrı-seçkilik olmamalıdır. Odur ki, xaricdə bizi təmsil edən doğru film çəkməliyik”.





Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir