gunvurma

Günvurmadan necə qorunmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Baxış sayı: 412

“İstivurma uzun müddət xarici mühitdə qalma nəticəsində bütün bədənin həddindən artıq istiləşməsindən yaranan vəziyyətdir. Bu zaman orqanizmin ümumi isinməsi, bədən hərarətinin yüksəlməsi və nəticədə vacib funksiyalarının pozulmasına səbəb olur.”

Bunu Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova deyir.

Nermine Abbasova

Mütəxəssis bildirir ki, istivurmanın bir növü olan günvurma birbaşa günəş şüalarının düşməsi nəticəsində beyin damarlarının artan temperaturun təsirindən genişlənməsi ilə yaranır:

“İstivurma günvurmaya nisbətən daha tez baş verir. İstivurma üçün günəş əsas şərt deyil, hava buraxmayan isti paltarda fasiləsiz işləmək, isti havada uzun müddətli və yaxud bir neçə saat havasız, pis ventilyasiya olan yerdə keçirmək kifayət edir. Günvurmanın əsas əlamətləri – üzün qızarması, şiddətli baş ağrısı, başgicəllənmə, gözlərin qaralması, ürək bulanma, qusma, burundan qanın axması və görmə qabiliyyətinin pozulmasıdır”.

Ekspertin sözlərinə görə, xəsarət alan şəxsi dərhal təmiz havaya, kölgəyə, sərin və normal ventilyasiya olan yerə çıxartmaq, paltarının yaxasını açmaq və başı azca qaldırılmış vəziyyətdə kürəyi üstə uzatmaq lazımdır. Başının üstünə soyuq kompress (yaş sarğı) qoymaq, bədənini yaş parçaya bükmək və yaxud soyuq su vurmaq (çiləmək), çoxlu sərin su vermək məsləhətdir. Tənəffüs pozulduğu halda olaraq pambığı naşatır spirti ilə isladıb, bir neçə dəfə ehtiyatla xəsarət alanın burnuna yaxınlaşdırmaq lazımdır. Əgər xəsarət alan insan özündən gedib, nəfəsi dayanıb, nəbzini əl ilə yoxlayıb tapmaq olmur və ətrafda həkim yoxdursa, bu halda davamlı süni nəfəsvermə və ürəyin qapalı masajı etmək tövsiyə olunur.

Nərminə Abbasova isti günlərdə açıq havada işləyərkən nələrə diqqət yetirmək lazım olduğunu da vurğuladı:

“Açıq havada, xüsusilə isti yay günlərində günəşin altında olmağınız səhər 10-na kimi və axşam 6-dan sonra tövsiyə olunur. Zərurət yarandığı halda çölə çıxarkən günəş kremi məhsullarından istifadə nəticəsində dərini günəş ləkələrinin yaranmasından xilas edə bilərik. Baş nahiyəsini günəşdən qorumaq üçün gün eynəkləri, qoruyucu papaqlar və çətirlərdən istifadə edilməlidir. Yüngül yumşaq materiallardan hazırlanan paltarı geyinmək məsləhətdir. Həmçinin çox maye qəbul etməsi məsləhətdir, xüsusən təmiz, sərin suyu. Onu da nəzərə almaq lazımdır ki, çox isti havada həddindən artıq idman etmək insan səhhəti üçün təhlükəli ola bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir