VALIDEYN

Hədsiz tələbkarlıq uşaqlara necə təsir edir? – VALİDEYNLƏRİN MENYUSUNA

Baxış sayı: 1. 640

Mükəmməlçi insanlar hər sahədə ideal olmağa çalışır, fikirlərində, nitqlərində, davranışlarında, işlərində, şəxsi həyatda belə çatışmayan cəhətlər onları məyus edir. Bəzi valideynlər övladlarına qarşı çox tələbkar olduğundan onlarda mükəmməlçilik formalaşdırır. İlk baxışdan mükəmməlçilik müsbət bir keyfiyyət kimi görünsə də, bu, hər uğursuzluğu çox ağır qəbul etmək, yüksəkdə duran məqsədlərə çatmadıqda acı fəsadlarıyla üzləşməkdir.

Mükəmməlçilikdən əziyyət çəkənlər qarşılarına çətin, bəzən də real olmayan hədəflər qoyur və hədəflərinə nail olmadıqda bunu şəxsi uğursuzluğu, məğlubiyyəti kimi qiymətləndirir. Psixoloq Arzu Qurbanovanın  bildirdiyinə görə, hər bir insanda müəyyən qədər mükəmməlliyə meyl var: “Bəzən valideynlər özləri də bunu bilmədən övladlarını mükəmməlçi kimi tərbiyə edirlər. Mükəmməlçiliyin ilkin əlamətlərinə artıq məktəb illərindən rast gəlmək olur. Dərslər sayəsində uşaqlarda mükəmməlliyi aşıb keçməyə sövq edən obrazlı düşüncə tərzi formalaşır. Dərslərini yaxşı oxuyanlar, davranışı və tərbiyəsi ilə nümunəvi olan şagirdlər müəllimləri tərəfindən daha çox sevilir. Müəllimlər belə uşaqların gələcəyinin də parlaq olacağı barədə danışır. Valideynlər də uşaqları daha nümunəvi olmağa çağıraraq məhz bu yolla gələcəkdə istədikləri həyatı yaşamağa nail olacaqlarını vəd edirlər”.

Müsahibimiz hesab edir ki, bizim cəmiyyət rəqabətə əsaslanır: “Artıq uşaqlıqdan beynimizdə həkk olunub ki, istədiyimiz kimi yaşamaq, xoşbət olmaq üçün bacardıqca mükəmməlliyə daha yaxın olmalıyıq. Valideynlər uşaqların həyatında ən vacib, ən çox sevdikləri insanlar olduğundan onların tələblərinə uyğun şəkildə formalaşmağa, valideynlərinin gözləntilərini cavablandırmağa çalışır”.

Dediyinə görə, çox tələbkar valideynləri olan uşaqlara mükəmməlçilik sevimli olmağa, hörmət qazanmağa imkan verir. Belə uşaqlar üçün mükəmməlçilik imtina olunmaqdan qurtuluşa çevrilir.

Onun sözlərinə görə, uşaqlıqdan mükəmməlçiliyə can atan uşaqların digərləri ilə müqayisədə gələcəkdə nailiyyətləri daha az olur: “Bunun da səbəbi mükəmməlçinin qarşısına əlçatmaz məqsədlər qoyması və bunun acı fəsadlarıdır. Valideynlər özləri də bilmədən uşaqlarını mükəmməlçi olmağı öyrədir, daim uşaqları “daha yaxşı oxumalısan, daha çox çalışmalısan, daha bacarıqlı olmalısan” istiqamətində yönəldir. Çox vaxt uşaqlara çox basqı etməklə onların tez bir vaxtda uşaqlıqlarını əllərindən alırlar. Rahat və əyləncəli həyat yaşamaq əvəzinə mükəmməlçi uşaqlar “birdən yaxşı ola bilmərəm” fikri ilə stress yaşayırlar. Uşaq məqsədlərinə çatmadıqda özünü bacarıqsız hiss etməyə başlayır, özgüvəni aşağı düşür. Bu uşaqlarda gərginlik, hətta depressiyanın formalaşmasına səbəb ola bilər”.

Mükəmməlçi düşünür ki, növbəti dəfə daha çox çalışsa, onda hər şey alınacaq. Bu cür düşüncə tərzi təəssüf ki, yenidən uğursuzluğa və mənfi fəsadlara gətirib çıxarır. Mükəmməlçilikdən əziyyət çəkən insanlar, sanki, eyni dairəvi bir yolna hərəkət edərək bu labirintdən çıxa bilmirlər. Hadisələrə baxış tərzini dəyişdirsələr, “hər şeyi yaxşı etməliyəm” əmrindən çıxaraq “necə varam, eləyəm” kimi düşünsələr, onları bu qədər çox məyus edən mükəmməlçilik tələsindən çıxa bilərlər”.

Mükəmməlçilik düzgün düşüncə tərzi deyil və uşaqlar bundan əziyyət çəkməsinlər deyə, valideynlər ilk növbədə özləri mükəmməlçilikdən yan keçməlidir. Psixoloq məsləhət görür ki, uşağın həddindən artıq çox çalışdığına, daim əldə etdiyi nəticədən narazı qaldığına və özünə hədsiz dərəcədə tələbkar olduğuna fikir vermisizsə, özünüzə sual verin “Necə oldu ki, mən övladıma bu davranış modelini sərgilədim və sizin mükəmməlçi olmağınızın arxasında hansı qorxular dayanır” Adətən bu, kifayət qədər bəyənilməmək, mükəmməl olmamaq, qınanılmaq, cəzalandırılmaq qorxusudur: “Bütün bu qorxular bizi çox yaxşı olmağa təhrik edir. Bütün gücünü toplayıb bu qorxu ilə üz-üzə dayanmaq lazımdır. Bunun üçün çox sadə yol var. Qəsdən qorxduğunuz şeyi etməkdir. Ola bilər bir və ya bir neçə dəfə belə əməl etməli olarsız.

Yaxınlarınızdan kimdənsə sizi tənqid etməyi, mənfi cəhətlərinizi göstərməyi xahiş edin. Anlayın ki, bu düşündüyünüz qədər qorxunc deyil, siz buna tab gətirə bilərsiz. Siz artıq valideynlərinizin gözündən düşmək təhlükəsiz ilə üzləşəcək bir uşaq deyilsiz. Bütün bunları düşünərək mükəmməlçiliyin yaratdığı gərginliyin tədricən azaldığını, sizi sərbəst buraxdığını hiss edəcəksiz. Həyatdan zövq alın. Bunu dərk etdikdə övladınıza onun qorxularını kənarlaşdıraraq kömək edə biləcəksiz. Öz hisslərinizi, qorxularınızı uşaqla bölüşün, onu da eşitməyə çalışın. Onda o, sizinlə bu haqda danışacaq. Siz və övladınız mükəmməlçilikdən çox uzaqsız və bunda dəhşətli heç nə yoxdur. Məhz çatışmayan cəhətlərimiz bizi individual edir. Övladınıza mükəmməl olmamaq şansını verin, yəni qoy o, sərbəst olsun və həyatdan zövq alsın”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir