çistka

Həm kişiyə, həm qadına əhəmiyyətli “təmizlənmə”

Baxış sayı: 888

Üzün təmizlənməsi proseduru bütün dərilərə, xüsusilə də yağlı və qarışıq dərilərə vacibdir . Gündəlik makiyajdan istifadə, tonal kremlər, ekologiyanın çirkli olması dəridə buna ehtiyac yaradır. Bildiyimiz kimi, hər gün dəridə hüceyrələrin yenilənməsi prosesi gedir. Tələbata uyğun olaraq “çistka” proseduru etdirmədikdə dəridə ölmüş hüceyrələr çoxalır və dərinin rəngi boğulur. Məsamələr tıxanır. Dəriyə istifadə edilən kremlər maskalar dəriyə yaxşı hopmur.

Kosmetoloq Nurlana Hüseynova təkcə qadınlar üçün deyil, kişilər üçün də əhəmiyyətli olan “çistka” prosesi barədə danışarkən bildirdi ki, ilin istənilən fəslində “çistka” proseduru etdirmək mümkündür: “Əgər dəridə çoxlu sayda sızanaqlar və iltihabı proseslər varsa, bu zaman “çistka” proseduru etdirmək olmaz. Belə dərilərə xüsusi müalicəvi prosedurlar edilir. Yalnız sızanaqlar quruduqdan, iltihabı proseslər sönəndən sonra üzün təmizlənməsi prosedurunu həyata keçirmək olar”.

Onun sözlərinə görə, əksər hallarda “çistka” üçün 1 seans da kifayət edir: “Lakin bəzən dəridə həddən çox qara nöqtələr, dərialtı komedonlar olur ki, bu zaman prosedur seans şəklində aparılmalıdır. Çünki bir dəfəyə təmizləməyə cəhd etmək, həddən çox sıxmaq dərinin şişməsinə, qızarmasına və zədə almasına gətirib çıxara bilər. Ona görə prosedur elə olmalıdır ki, xanım gündəlik həyatına davam edə bilsin”.

Dərinin, ən azı 6 aydan bir təmizlənməsinə ehtiyac var

Kosmetoloq bildirir ki, “çistka” proseduru müxtəlif üsullarla həyata keçirilir: “Vakuum, brasaj, ultrasəs,qaşıqla və manual “çistka” növləri var. Prosedur zamanı müxtəlif skrablar, təmizləyici və antibakterial gel və maskalardan istifadə edilir. Prosedurun sonunda isə quruducu və məsamə bağlayıcı maska çəkilir. Mütlə darsanval edilir. Bu zaman ozon buxarının təsiri altında açılmış məsamələr bağlanır, dəridə yaranan qızartılar çəkilir və dəri sakitləşır. Sonda dəriyə uyğun krem vurulur”.

N.Hüseynova qeyd edir ki, prosedurdan sonra dərinin rəngi açılır, dəri qara nöqtələrdən – komedonlardan, ölü hüceyrələrdən azad edilir: “İstifadə edilən kremlər, maskalar dəriyə yaxşı nüfuz edir. Makiyaj dəridə daha səliqəli görünür. Bəzən xanımlar ev şəraitində bəzi maskalarla qara nöqtələrdən qurtulmağa çalışırlar. Lakin məsamələri bağlamağı düşünmürlər. Bu zaman isə məsamələr açıq qaldığı üçün dəri daha tez-tez çirklənə, bəzən səpə də bilər”.

Kosmetoloq onu da əlavə edir ki, proses sadədir və yarım saata bitir. 20 yaşından sonra hamı bu proseduru etdirə bilər.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir