tursular

Həm ləzzətli, həm zəhərli: süfrəmizdəki TƏHLÜKƏ MƏNBƏYİ

Baxış sayı: 400

Məşhur yapon alimi Katsudzo Nişinin təliminə əsasən, insan orqanizmində yaranan əksər xəstəliklər bişmiş qidalardan qaynaqlanır. Onlardan ən təhlükəlisinin isə pomidor olduğu vurğulanır. Belə ki, pomidorun bişmiş halda qəbulu mədədə “quzuqulağı turşusu” adı ilə tanınan turşunun yaranmasına səbəb olur. Onun fəsadları xərçəng xəstəliyinə qədər aparıb çıxarır. Qəribəsi isə odur ki, yaranan turşunu yalnız pomidorun özünün təbii halda yeyilməsi məhv edə bilir.

Hazırda bütün dünyada dietoloqlar, həkimlər və bu sahənin mütəxəssisləri meyvə və tərəvəzlərin çiy, yaxud da azacıq buxara verilmiş şəkildə yeyilməsinin faydalı olduğunu bildirirlər. Onların qənaətincə, meyvə-tərəvəzlərin konservləşdirilməsi, turşularının qoyulması isə ümumiyyətlə yolverilməzdir. Amma insanlar xəbərdarlıqlara fikir vermədən payız və qış aylarında süfrələrində bu turşulardan bolluca istifadə edirlər. Nəticə isə bir çoxları üçün acınacaqlı olur.

Rəsmi rəqəmlərə əsasən, Azərbaycanda hər il turşu və bu tip konserv məhsullarından istifadə edən 20-yə yaxın insan zəhərlənərək həyatını itirir. Xüsusilə immuniteti zəif olanlar, hamilələr, uşaqlar belə qidalardan daha çox zərər çəkirlər.

Məlumat üçün bildirək ki, insanlarda turşu tutmaq adəti qidaların daha uzun müddət və təravətli saxlanması yollarını arayarkən yaranıb. Beləcə, meyvə və tərəvəzləri duzlu suyun içərisində uzun müddət saxlamağın mümkünlüyü aşkar olunub. Azərbaycan mətbəxində də turşular ləziz təam hesab olunur və əsasən yazın axırından payızın əvvəllərinə qədər hazırlanır. Pomidor, xiyar, kələm, badımcandan hazırlanan turşuları bir çoxları sevir. O cümlədən  alça, gavalı kimi meyvələrdən də tutmalar hazırlanır.

Hazırlanma qaydası olaraq əvvəlcə tərəvəz seçilir, təmiz yuyulur və steril olunmuş şüşə balonlara yığılır. Daha ləzzətli olmasını təmin etmək üçün ona hər kəsin zövqünə görə istiot, şüyüd, keşniş, cəfəri, sarımsaq, bibər əlavə olunur. İçərisinə qaynar su töküb, qabın qapağını hava keçirməyəcək şəkildə sıx bağlayırlar. Nəticədə süfrələrimizi bəzəyən, iştahımızı artıran ləziz bir təam hazırlanır. Ancaq duza qoyulan bu cür məhsulların menyumuzdakı ən təhlükəli qida olduğu da danılmaz həqiqətdir.

“Turşular Azərbaycan mətbəxindən yığışdırılmalıdır”, – deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, evlərdə hazırlanan turşular təhlükə mənbəyidi: “Turşular əsasən torpaqla təmasda olan bitkilərdən hazırlanır. Bəzən pomidor, xiyar torpaqdan zəhərli maddələri özünə götürür. Bu maddələr turşuya qoyulduqdan sonra da tərəvəzlərin tərkibində qalır və zəhər onların içində yox olmur. Və bu turşu təbii ki, zəhərlənmə ilə nəticələnir. Zərərli adətlərdən biri də dolma bişirmək üçün üzüm yarpağının plastik qablarda üzərinə sirkə əlavə etməklə saxlanmasıdır”.

E.Hüseynov bazarlarda açıq şəkildə satılan turşuların çox təhlükəli olduğunu vurğuladı: “Bakıda və rayonlarda bazarlarda şorabalar ağzıaçıq şəraitdə satılır. Belə şorabalar şirkətlərin istehsal etdiyi məhsullardan da təhlükəlidir. Kustar üsulla hazırlanan həmin məhsulların saxlanıldığı qabların üzərində onu hazırlayanın nə adı var, nə ünvanı. Acınacaqlısı isə səhər saat 8-də bazara gedirsən və həmin məhsullara bazar laboratoriyalarından yoxlama sənədlərinin verildiyini görürsən. Guya səhərə qədər həmin məhsullar tək-tək yoxlanaraq bazara buraxılıb, bu da absurddur”.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev isə ev şəraitində hazırlanan turşuların daha təhlükəli olduğunu bildirir ki: “Əhaliyə bu cür ərzaqların təhlükəli olması barədə dəfələrlə xəbərdarlıqlar edirik. Xüsusilə də ev şəraitində hazırlanan turşular, bilgisiz şəkildə hazırlanır. Çox vaxt turşu bağlayarkən sterilizə etmirlər, hazırlanma prosesində təmizliyə ciddi riayət etmirlər. Əgər insanlar öz qida rasionlarında mütləq turşulardan istifadə etmək istəyirlərsə, üstünlüyü evdə yox, sənaye üsulu ilə hazırlanan məhsullara verməlidirlər. Çünki bu cür sənaye məhsullarını daha sterilizə şəkildə bu sahə üzrə ixtisaslı kadrlar hazırlayır. Amma belə məhsulları alarkən qabın üzərindəki istehsal tarixinə diqqət yetirmək lazımdır. Həmçinin turşu qabına fikir vermək lazımdır ki, onun qapağı şişmiş olmasın”.

Yuxarıda toxunduğumuz problemə mütəxəssislər vasitəsilə aydınlıq gətirməyə çalışdıq. Təbii ki, illərlə adət etdiyimiz bəzi ləzzətli təamlardan birdəfəlik əl çəkmək o qədər də asan məsələ deyil. Amma lazım gələrsə, sağlamlığımız, həyatımız naminə bu vərdişlərdən vaz keçməyi bacarmalı, konservləşdirilmiş məhsullarla uşaqlarımızın qidalanmamasına xüsusi diqqət yetirməliyik

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir