Rehime Hesenova

“Hər qorxu fobiya deyil” – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 1. 448

Fobiya təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan haldır. Fobiya insan beyninə olan təzyiqdir. Adi qorxu hissindən fərqli olaraq fobiya insanın normal həyat tərzi sürməsinə mane olur. Fobiya, onun növləri, əlamətləri və müalicəsilə bağlı psixoloq Raminə Həsənovanın müsahibəsini təqdim edirik.

 

– İnsanlar adətən nədənsə qorxduqda deyirlər ki, mənim fobiyam var. Bununla bağlı çəkilən xeyli maraqlı filmlər də var. Fobiya nədir? Hər qorxunu fobiya adlandırmaq olarmı?

– Qorxu şərti refleks olaraq bizlə bərabər dünyaya gəlir. Bizi ətraf mühitdən qoruyan müdafiə mexanizmidir. Özümüzü müdafiə etmək üçün olan instinktdir. Daha ağırlaşmış vəziyyətdə olan qorxu fobiyadır. Hər hansı qorxunun fobiyaya çevrilməsi o deməkdir ki, bədən fiziki olaraq qorxuya reaksiya verir. İnsan sadəcə qorxmur. Qorxu üçün səbəb olmadığını anlayaraq belə, güclü qorxu hissini dəf edə bilmir. Özünü idarəni itirir, əlləri əsir, gözləri bərəlir. Məsələn, biz qapalı yerdə qaldıqda orda nədənsə qorxuruqsa, bundan sonra qapalı yerdə olanda, qapalı yer görəndə qorxuruq, bir müddət sonra bu qorxu keçir. Amma biz hər hansı bir qapalı yerə girdikdə, qapalı yerdə olduqda bədəni soyuq tər bürüyürsə, insan əsirsə, qan daha sürətli dövr etməyə başlayırsa, üzün rəngi qaçır, gözlərinin forması dəyişir, əllər tərləyir, insan qaçır, qışqırır və ya yerindəcə donub qalırsa, bu artıq adi qorxu deyil, fobiya həddinə çatan qorxudur. Bu zaman artıq insan qorxu keçirərkən bədənində dəyişikliklər başlayır ki, bu fobiyanın təzahürüdür. Fobiya ilə bağlı başqa misal gətirim, insan yol ilə gedir və hörümcək ya da hörümcək toru görür, qışqırır, halı pisləşir, özündən gedir.

 

– Fobiyanın hansı növləri var?

– Fobiyanın növləri çoxdur: klaustrofobiya­ (qapalı məkandan qorxmaq), akluofobiya (qaranlıqdan qorxmaq), qolossofobiya (ictimai yerlərdə danışmaqdan qorxmaq), akrofobiya (yüksəklikdən qorxmaq), araknofobiya (hörümçəkdən qorxmaq), noktifobiya (gecənin düşməsindən qorxmaq), entomofobiya (həşəratlardan qorxmaq), sosial fobiya və s. Hər bir fobiyanın da yaranma səbəbi fərqlidir. Akluofobiya zamanı insan qaranlıqdan qorxur. Əsasən uşaqlara xas olan qaranlıq qoruxusu dərinləşirsə, insan böyüdükcə də, uşaq kimi qaranlıqdan qorxur. Bu fobiya uşaq vaxtı uşağa danışılan qaranlıq hekayələr, qorxu filmləri nəticəsində meydana gəlir. Qaranlıq fobiyasını keçirənlərə elə gəlir ki, qaranlıqda onlara hücum edecək bir varlıq var, qaranlıqda nəsə pis bir hadisə baş verəcək.

Klaustrofobiyanın bir neçə səbəbi var. Bu əsasən genetik gələn bir qorxudur. İnsan heç bir psixoloji travma almamış da qapalı məkandan qorxa bilər. Digər səbəbi uşaq vaxtı valideyinlərin uşaqları qapalı məkanda cəza məqsədi ilə saxlamasıdır. Belə uşaqlar böyüdükdən sonra da bu məkan yaddaşlarında əbədi iz qoyur və qapalı məkanda qorxu hiss edirlər.

 

– Azərbaycanda hansı fobiyalar daha geniş yayılıb?

– Ölkədə daha çox qaranlıq, hündürlük, qapalı yerdə qalmaq, yəni klaustrofobiya­ kimi fobiyalar yayılıb. Elə uşaqlar var ki, məktəbə getməyə qorxur. Bu fobiyada bizdə çox yayılıb.

 

– Fobiyanın hansı əlamətləri var?

– Fobiyanın növləri çox olduğu kimi, hər növünə xas əlamətləri də fərqlidir. Məsələn, sosial fobiyanın əlamətlərinə üz qızarması, ürək döyüntüsünün tezləşməsi, əzələlərdə gərginlik, əl titrəməsi, sinədə sıxıntı hissi, həddən artıq tərləmə, mədədə rahatsızlıq hissi, baş ağrısı aiddir. Əks cinslə dialoqda olmaq, çox adamların olduğu yerdə yemək yemək, kütlə qarşısında çıxış etmək,

bir anlıq diqqət mərkəzində olmaq, bir iş görərkən başqaları tərəfindən izlənmək, qonaq qarşılamaq, kiməsə zəng etmək, tanımadığı insanla tanış olmaq və s. kimi hallar sosial fobiyanı üzə çıxarır.

 

– Fobiya müalicə olunurmu?

– Bəli, fobiyadan əziyyət çəkənlər psixoloqlara müraciət edilməlidir. Hər kəsin fobiyası fərqli şəkildədir. Fobiyası olan insan gərək fikrini yayındırsın. Gerçəklikdə qorxu yaratmayacaq obyektə qarşı qorxunun yaranması insanın həyatında böyük çətinliklər yaradır. Əsas çətinlik insanın qorxunudan qaçmasıdır. Vacib olan qorxunun üzərinə getməkdir. Fobiyanın müalicəsində dərman və psixoterapiyadan istifadə olunur. Dərmanlar sakitləşdirici və antidepressant təsirli dərmanlar ola bilər. Müalicə zamanı psixoterapevt həmin şəxsin qorxu ilə üzləşməsinə şərait yaratmalıdır.

 

-Müalicə olunmasa fobiya nə ilə nəticələnə bilər?

– Fobiyanın qarşısı alınmazsa, insan evdən çıxa bilməyəcək həddə çata bilər. Fobiyadan əziyyət çəkən insan müalicə olunmadıqda cəmiyyətdə özünü idarə edə bilməz. Həyatın bir çox sahələrində geri qalar. Fobiyanın növündən asılı olaraq şəxsi həyatını, işgüzar həyatını qurmaqda çətinlik çəkər, insanlarla ünsiyyətdən qaçar, özünə qapanar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir