toy

Həyat yoldaşımızı necə seçirik?

Baxış sayı: 1. 669

Oğul: “Belə evlənmək olar? Sevgisiz, filansız…” Ata: “Sonra sevərsən də…”
Bu dialoqu oxuyanda, oxucularımız yüksək ehtimalla bildilər ki, hansı filmdən sitatdır. Hamımızın sevimlisi “Əhməd haradadır?” filmi və ata-ananın Əhmədi evləndirmək cəhdi maraqlı hadisələrin cərəyan etməsinə səbəb olur…Həyat yoldaşımızı necə seçək və bu işdə valideynlərin müdaxiləsi vacibdirmi? Bu dəfə bu mövzudan bəhs edirik.
Həyat yoldaşımızı necə seçirik?
Bütün insanlar həyatları boyunca öz yarını axtarır. Həyat yoldaşı seçimində nə qədər diqqətliyik, gələcək uşaqlarımızın atasını və ya anasını hansı kriteriyalara görə seçirik və seçimimiz bizə nə vəd edir? Aramızda öz seçdiyi insanla ailə quranlar da var, valideyninin seçdiyi insanla həyatını birləşdirən də. Bir çoxumuz isə yaşımızın ötməsini düşünmədən, hələ də öz yarımızı axtarırıq. Başqaları isə fikirləşir ki, görəsən öz yarımla təsadüfən qarşılaşsam, onu necə tanıya bilərəm.
Psixoloqlar bunu çox dəyərli bir əşyasını itirənin onu hər addımda axtarmasına bənzədir. Tutaq ki, sizə çox əziz olan papağınızı itirmisiniz. O qırmızı rəngdədir və siz qarma-qarışıq, dağınıq evdə sadəcə qırmızı rəngli əşyalara adaptasiya olursunuz, gözünüzə sataşan hər qırmızı rəngli əşyanı öz papağınız bilib ona doğru gedirsiniz və o olmadığını görürsünüz. Öz yarını axtaran da bu cür olur. Qarışıq, böyük dünyada öz yarını axtarır, axtarır, bəzən bənzərini görür, yaxınlaşır, o olmadığını görür və yenə axtarır…
Sağlam bir ailə həyatı yaşaya bilmək üçün ruh əkizimizi, yarımızı tapmağımız olduqca əhəmiyyətlidir. Gələcək həyat yoldaşımızla eyni şeylərdən zövq almasaq, oxşar zövqlərə sahib olmasaq, onda bu bizim ailə həyatımıza da təsir edəcək. Zamanla kiçik uyğunsuzluqlar böyüyəcək, ailədə narazılıqlar yaradacaq. Narazılıqlar isə getdikcə böyüyəcək, nifaq yaradacaq. Doğru seçilməyən həyat yoldaşı ilə ən sonunda yolumuz məhkəmədə ayrılacaq.
Qadınlar həyat yoldaşını necə seçirlər?
Qadınlara gəlincə, qadın var ki, gələcəkdə maddi sıxıntı çəkməmək üçün imkanlı ər, qadın var ki, həyatı boyunca arxalanacağı, güvənəcəyi bir kişi, qadın var ki, heç bir təmənna güdmədən bir ömür gözlərində sevgi görəcəyi kişi axtarır. Beləcə, hər kəs həyat yoldaşını bir cür seçir.
Son yüz ildə işləyən qadınların sayının artması sevib-evlənmə hallarının da artmasına səbəb oldu. İndi qızların çoxu əvvəlki kimi valideynlərin razılığı, göbəkkəsmə, uzaqdan görüb-bəyənmə ilə ərə getmir. Əksəriyyəti istədikləri, könül verdikləri insanla həyatını birləşdirə bilir. Düzdür, ailə seçimə müdaxilə edir, fikir bildirir, amma daha çox qızın fikri vacib hesab edilir. Bizim cəmiyyətin atalarında, analarında bu fikir formalaşıb: “Bir ömür boyu onunla sən bir yerdə yaşayacaqsan, özün fikirləş”.
Lakin hələ də zorla evləndirilən, hətta tanımadığı birisi ilə ailə həyatı qurmağa məcbur edilən gənclər var. Əksər hallarda, bu hansısa vəzifəli və imkanlı bir şəxslə qohum olmaq, onun imkanlarından bəhrələnmək istəyən valideynlərin günahı ucbatından olur. Yəni, övladlarının xoşbəxtliyi üzərində özlərinə karyera qurmaq istəyən valideynlər də az deyil.
Amerika qadınları həyat yoldaşını necə seçir?
Qadınlar hansı hisslərə ehtiyac duyursa, gələcək həyat yoldaşlarını da bu hisslərini cəmləşdirən birinin timsalında seçir. Amerikanın Texas Universitetinin apardığı bir araşdırma nəticəsində məlum olub ki, qadınlar evlilik məsələsində və gələcək həyat yoldaşı seçimində bir qədər iddialıdırlar. Araşdırmada bildirilir ki, qadınlar hər şeyi birdən tələb edirlər. 120-dən artıq qadının qatıldığı sorğunun nəticələrinə görə, qadınlar gələcək həyat yoldaşlarını bu göstəricilərə əsasən seçirlər:
— Sağlam genetikası olmalı;
— Yaxşı görünüşə sahib olmalı;
— Maddi vəziyyəti normal olmalı;
— Romantik olmalı;
— Ailəcanlı olmalıdır.
Qeyd edək ki, bu institutun bundan öncəki araşdırması da qadınlar arasında olub və o araşdırma da çox maraqlı nəticələr əldə etmişdi. Həmin araşdırmanın tərkibində keçirilən sorğuda 94 nəfər qadın iştirak etmişdi və onlar gələcək həyat yoldaşının uzunmüddətli münasibət fikrində olmasını və maddi gəlirinin yaxşı olmasını istədiklərini demişdilər.
Kişilər həyat yoldaşını bu xüsusiyyətlərinə görə seçirlər
— Kişilər ən birinci qadının özünə nə qədər güvəndiyinə diqqət edirlər — başınızı və bədəninizi dik tutursunuzsa, gözlərinizi qaçırmırsınızsa və onun əlini möhkəmcə tutursunuzsa, bu sizin özünüzə güvəndiyinizi göstərir. Özünə güvənən kişilər məhz bu cür qadınlardan xoşlanır, amma yumşaq ruhlu, sadə kişilər utancaq, çəkingən qadınları bəyənirlər.
— Qadından gözəl uşaqları olub-olmayacağını düşünürlər — əksər kişilər görüşdüyü qadının xarici görünüşünə baxaraq gələcək uşaqlarının fiziki xüsusiyyətlərinin necə olacağını anlayırlar.
— Qadının ehtiraslı olması əhəmiyyətlidir — nə qədər gülməli görünsə də, kişilər yeməklə ehtiras arasında maraqlı bir əlaqə qururlar. Onlara görə yeməkdə iştahlı qadın, yataqda ehtiraslıdır.
— Azad ruhlu qadınları sevirlər — geyiminizə baxaraq sizin çılğın, yoxsa klassik ruhlu biri olub-olmadığınızı müəyyən edirlər. Çünki cəsur geyim tərzi qadının azadlığı sevdiyini göstərir. Geyim tərziniz fiziki xüsusiyyətlərinizə və xarakterinizə uyğun deyilsə, özünü dərhal büruzə verir.
— Qadının sənətini dərhal təxmin edir — Rusiyada aparılan bir araşdırmaya görə, qısa və baxımlı saçlar hüquq, maliyyə kimi sektorlarda işləyən qadınlar tərəfindən seçilir. Adət etmədiyimiz, fərqli görünüşlü saçların sahibi, dəblə ayaqlaşan görünüşü olan qadınlar da KİV, reklam ya da ictimaiyyətlə əlaqələr sektorunda işləyir. Boyunun arxasında və ya təpədə yığılan saçların sahibləri müəllim ya da həkimdir. Kişilər elə hesab edirlər ki, dikdaban ayaqqabı geyən, ağ və ya mavi köynəkdən, qısa ətəkdən istifadə edən qadınlar karyera sahibi, müvəffəqiyyətli, özünə əmin insanlardır.
— Qadının bədən ətri vacibdir — kişilər ilk tanış olduğu qadının ətrinə böyük önəm verirlər. Bu, hamımızın istifadə etdiyi kimyəvi ətirlər deyil. Bildiyiniz kimi, hamımızın özümüzə xas qoxumuz var və kişilər də ilk görüşdə qadının məhz bu qoxusunu duymağa çalışırlar.
— Şikayəti sevmirlər — kişinin soruşduğu hər suala şikayət cümləsi ilə başlayan qadınla heç bir kişi əlaqəsini davam etdirmək istəmir. Çünki kişilər həyatı olduğu kimi qəbul edirlər və qətiyyən şikayət sevməzlər. Sizin hadisələri ələ alışınızdan ömür boyu deyilib-deyilməyəcəyinizi anlaya bilərlər.
— Kişilər onu bəyəndiyiniz ilk 20 saniyədə anlayırlar. Sizin baxışlarınız, əlləriniz, danışıq tərziniz sizin haqqınızda hər şeyi ona “danışır”.
Məntiq evliliyi nədir?
Bəzi kişilər, gələcək uşaqlarını yaxşı tərbiyə edə biləcək qadın axtarır, bəzi kişilər bir ömür boyu güvənəcəyi, sirdaş olacağı qadın axtarır, bəzi kişilər isə ömür boyu aşiq ola biləcəyi bir qadınla evlənmək istəyirlər. Cəmiyyətimizdə maddi vəziyyətini düzəltmək üçün maddi imkanı yaxşı olan ailədən qız almaq arzusunda olan gənclər də az deyil.
Aramızda elə insanlar var ki, evlənəndə sevgi, eşq, məhəbbət kimi məsələlərə görə evlənmir, sadəcə “evlənmək xatirinə” evlənirlər. Bəzən “məntiq evliliyi” dediyimiz evliliklər də mümkündür. Bu zaman evlənənlər bir-birinin sosial vəziyyətinə, olduğu mövqeyə və yaxud da digər göstəricilərə görə evlənirlər.
Gözümüz önünə məntiq evliliyi edən bir cütlüyün toy mərasimi gəlir, toyun səbəbkarları sanki rəsmi tədbirdə oturublar, ciddi, quru. Səmimiyyət yox, eşq yox, sevgi yox. Yeni qohumlar bir-birinə yaddır, hərə öz qohumu ilə bir tərəfdə oturub toyun bitməsini gözləyir.
Yeni evlənənlər isə gələcək həyatlarında bir-birindən asılı olmayacaqlar, onlar yalnız axşamlar evdə olurlar, qadın öz rəfiqələri ilə, kişi öz dostları ilə gününü keçirir. Heç bir tərəf bir-birini qısqanmır, çünki evlənəndə aralarında bu cür münasibət olmayacağını artıq qərarlaşdırıblar. Onların evliliyi bir şirkətin təsis edilməsinə bənzəyir…
Valideynlərin evləndirdiyi gənclər bədbəxt olur?
Psixoloq Elnur Bayramlı deyir ki, informasiya bolluğu zamanında yaşamaq bəzi ənənələri sıradan çıxarıb: “Valideynlərin xeyir-duası ilə evlənən gənclər də olub və onlar bir ömür boyu bir yerdə xoşbəxt olublar. Məsələ ondadır ki, indi yaşam dövrümüz informasiya, məlumat bolluğu içərisində keçir. Əvvəl qadınların böyük əksəriyyəti düşünürdü ki, evin kişisi hər bir problemi aradan qaldıracaq, amma indi qadınlar da cəmiyyətin aparıcı qüvvəsi, söz sahibidirlər”.
Psixoloqun sözlərinə görə, cəmiyyət əvvəl düşünürdü ki, valideynlər daha yaxşı bilir, amma indi vəziyət dəyişib: “İndi gənclər daha çox bilir, daha çox informasiya alırlar. Təbii ki, psixoloji problemlərlə də rastlaşırlar. Tanımadığın şəxslə bir yerdə yaşamaq hər iki tərəfdən çətindir, bir-birindən çəkinir, bəzən adi sözün deyilişi tərəflərin xarekterinə uyğun olmayan bir halda səslənir və bu hal ailədə söz-söhbətə gətirib çıxarır. Onlar bir-birlərinə özlərini daha yaxşı düşündüyü kimi təqdim etməyə çalışırlar, bu isə uzun sürmür, çünki bir ömrü maska altında yaşamaq mümkün deyil.
Tərəflər olduğu kimi görünəndə isə biri digərinə deyir: “Sən əvvəl belə deyildin”. Bu isə digər bir psixoloji narahatlığın başlanğıcıdır. Düzdür, bununla barışanlar da olur, amma bu günümüzdə bu vəziyyəti qəbul edənlər çox azdır. Valideynlərin təklifi və təkidi ilə evlənən gənclərin özünün müstəqil fikir yürütmə, müstəqil yaşama və liderlik xüsusiyyətləri zəif olur, onlar kiminsə mənəvi dəstəyi oladan yaşamağı çətin hesab edirlər”.
Bu da sorğumuzun nəticəsi
Araşdırma yazımızı “Facebook”da təşkil etdiyimiz bir sorğu ilə yekunlaşdırırıq. “Necə evlənməli” başlıqlı sorğumuza 27 nəfər qatıldı. Respondentlərdən 22 nəfəri “sevdiyimizlə” variantını seçdi. Qalan 5 nəfər isə “məntiq evliliyi etmək lazımdır” dedi. “Valideynimizin seçdiyi ilə” variantını isə ümumiyyətlə seçən olmadı.
Yüzilliklərdir valideynlər öz övladı üçün qız bəyənib — bu, qədimdə qadın hamamında, qız toyunda olurdu, ana gördüyü qızları öz oğluna yaraşdırır, birinə elçi düşməyə qərar verir, fikrini oğluna bildirir, seçdiyi qızı nişan verirdi. Evlənəcək oğlan qızı uzaqdan görər, bəyənərdi. Onlar yalnız toy günü bir-birinin üzünü görərdilər, amma bir ömür boyu xoşbəxt yaşayardılar…
Zaman hər şeyi dəyişikliyə sürüklədiyi kimi, insani dəyərləri də dəyişir. İndi illərlə nişanlı qalan, bir-birini yaxından tanıyan gənclər evlənir, 2 aydan sonra boşanırlar. Dünən “ruh əkizim”, “yarım” dediyimiz insan, bu gün bəzən bizə yadlaşır, ögey olur. İndi ailə dediyimiz məfhum müqəddəslikdən uzaqlaşmaqda, hər gün yeni-yeni dəyişikliyə məruz qalmaqdadır.
Bütün hallarda həyat yoldaşı seçimində maksimum diqqətli olmaq, “yüz ölçüb, bir biçmək” lazımdır. Sonra peşman olmamaq üçün…

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir