AİLE

Həyat yoldaşınızı niyə tənqid etməməlisiniz?

Baxış sayı: 162

“Həyat yoldaşınızı tənqid edirsinizmi?” sualına çox vaxt ”Bəli, tənqid edirəm, ancaq həmişə həqiqəti deyirəm”, – cavabını verirlər. İstər yalan olsun, istər həqiqət, mənfi mənada edilən hər bir tənqid çox vaxt qarşılıqlı anlaşılmazlıqlara səbəb olur. Çünki həqiqət dediyiniz şey yalnız sizin üçün həqiqətdir, hamının qəbul etdiyi bir həqiqät deyil. Yəni siz özünüzə görə haqlı ola bilərsiniz, ancaq həyat yoldaşınız sizin kimi düşünməyə də bilər. Gəlin, birlikdə bir neçə tənqid cümləsinə və bu cümlələrin daşıdığı mənalara baxaq. “Çox köksən”, “Çox məsuliyyətsizsən”, Televizora çox baxırsan”, “Nə məni, nə uşaqlarını düşünürsən” və s. Bu misalları artırmaq da olar. İndi isə bu cümlələrdən bir neçəsini təhlil etməyə çalışaq. Məsələn, mütəmadi olaraq həyat yoldaşına kök olduğunu deyən və ya onu televizora çox baxmaqda ittiham edən tərəf bu yolla həyat yoldaşının onun istədiyi qəlibə girməsini tələb etmiş olur. Bu cümlələr həmçinin “Səni müəyyən şərtlər daxilində sevirəm“ və ya “Səni olduğun kimi qəbul edə bilmirəm“, – deməkdir. Və ya məsuliyyətsiz, ya da düşüncəsiz kimi ittihamlara məruz qalan tərəf üçün məsuliyyətin və ya düşüncənin standartları başqa ola bilər. Bu isə tərəflərin bir-birilərini anlamamasına və ya bir tərəfin qarşı tərəfin onu yersiz ittiham etdiyini düşünməsinə gətirib çıxara bilər. Bu cür tənqidlərlə hər hansı bir nəticəyə də nail olmaq olmaz. Əgər bir tərəf qarşı tərəfdə bəzi dəyişikliklərin olmasını istəyirsə, bunu məqsəddən kənara çıxmamaq şərti ilə etməlidir. Bu isə ancaq sərt tənqidləri və ya yersiz ittihamları bir kənara qoymaqla mümkündür. Nəyi nə üçün istədiyinizi həyat yoldaşınıza izah edə, qarşılaşdığınız problemlərdə həyat yoldaşınızın dəstəyinə ehtiyac hiss etdiyinizi deyə bilərsiniz. Hətta, bunun üçün bəzi alternativ yollar da təklif etmək olar. Məsələn, həyat yoldaşınızı televizora çox baxdığı üçün ittiham etmək əvəzinə, onunla söhbət etmək ehtiyacı hiss etdiyinizi, ancaq televizorun həmişə açıq olmasının buna mane olduğunu deyə bilərsiniz. Beləliklə, həm həyat yoldaşınızı mühakimə etməmiş, həm də onun dəstəyini almış olarsınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir