SEVGI

Həyat yoldaşınızla söhbət edirsinizmi? – “EVLİSƏN”

Baxış sayı: 761

Yəqin ki, yazının başlığını oxuyanda həyat yoldaşınızla nə cür ünsiyyətdən bəhs etdiyimizi düşünənlər az olmadı. Söhbət dedikdə, əlbəttə ki, burada xüsusi mövzulardan və ya xüsusi müzakirələrdən söhbət getmir. Başqa sözlə, gündəlik baş verən hadisələr və ya uşaqlarla bağlı məsələlər də tərəflər üçün söhbət mövzusu ola bilər. Tərəflərin özləri ilə bağlı məsələləri (istər mənfi olsun, istər müsbət) bölüşmələri də onların söhbət edə bildiklərini göstərir. Digər tərəfdən, söhbət edə bilmək tərəflər arasında ünsiyyətin də mövcud olmasından xəbər verir. “Gencaile.az” saytının “Evlisən” rubrikasında məhz bu haqda danışacağıq.

sevgi

Maraqlıdır ki, bəzi tərəflər öz aralarında danışa bilsələr də, söhbət edə bilmirlər. Məsələn, tərəflərdən birinin “Yemək hazırdır” və ya “Bu yeməyin duzu çoxdur” deməsi söhbət etmək yox, danışmaqdır. Söhbət isə təkcə bu cümlələrlə kifayətlənməmək, məsələn, yemək haqqında fikir mübadiləsi aparmaq və ya növbəti günün menyusunu planlaşdırmaqdır. Təbii ki, bu misalı başqa məslələlər üçün də tətbiq etmək olar.

Digər tərəfdən, söhbət etdiyiniz mövzular qarşı tərəfi yormamalı və ya qarşı tərəfdə söhbəti yarımçıq qoymaq arzusu oyandırmamalıdır. Həmçinin, söhbət edə bilən tərəflər üçün nədən danışmaq problemi də olmamalıdır.

sevgi

Söhbət etmək üçün əsas amillərdən biri də yersiz ittihamlardan uzaq olmaqdır. Başqa sözlə, məsələyə “Yenə eyni şeylərdən danışacaq” kimi bir münasibət göstərməməkdir. Buna görə də, əsas məsələ yersiz ittihamları bir kənara qoymaq və hər söhbətə ilk söhbət kimi başlamaqdır. Digər tərəfdən, bu, söhbət mühitinin mübahisə mühitinə keçməsinin qarşısını almaq üçün də vacibdir.

sevgi

Bir az əvvəl də qeyd etdiyimiz kimi söhbət etmək üçün xüsusi mövzulara ehtiyac yoxdur. Sadəcə olaraq, yaşadığınız, şahid olduğunuz və ya haqqında düşündüyünüz hər hansı bir məsələni həyat yoldaşınızla bölüşmək kifayətdir. Əgər həyat yoldaşınızla aranızda belə bir təcrübə varsa, davam etdirin. Yox, əgər həyat yoldaşınızla aranızda belə bir təcrübə yoxdursa, başlayın. Nəticəsini özünüz görəcəksiniz…

 

Təqdim etdi: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir