leman qelimova

Həkim-infeksionist: “Xəstənin hansı ştamma yoluxduğunu öyrənmək mənasızdır” – MÜSAHİBƏ

Baxış sayı: 545

Koronavirusun “Omikron” ştammı dünyanı sürətlə zəbt edir. Ölkəmiz də istisna deyil. Bəs ölkə əhalisinin yarısı COVID-19-a qarşı peyvənd olunduğu halda, yoluxmada son kəskin artım necə baş verə bilər?

Beləliklə, bu və bir çox başqa mövzularla bağlı Bakı Sağlamlıq Mərkəzinin infeksiyaya nəzarət şöbəsinin müdiri, həkim-infeksionist Ləman Qalimova ilə söhbətləşmişik.

 

– Ölkədəki epidemioloji vəziyyəti necə qiymətləndirirsiniz?

– Biz COVID-19 infeksiyasına yoluxma sayında kəskin artım müşahidə edirik. Bu, hazırda ölkədə dominant olan “Omikron” ştammı ilə bağlıdır. Koronavirusun bu növü mövcud vəziyyətə gətirib çıxaran bir sıra xüsusiyyətlərə malikdir. Onlar ştammın strukturu ilə əlaqədardır. “Omikron” üçün inkubasiya müddəti “Delta”dan daha qısadır: bir həftə ilə müqayisədə iki-üç gündür. Koronavirusun bu ştammına yoluxan şəxs infeksiyadan sonra ikinci və ya üçüncü gündə ilk simptomların görünməsi ilə yoluxucu olur. Ona görə də “Omikron” çox sürətlə yayılır.

 

– Belə olan halda, karantin müddətinin 14 gündən 7 günə endirilməsi qərarı nə dərəcədə əsaslıdır?

– “Omikron”la uzun müddət karantin saxlamağa ehtiyac yoxdur. Bu, onun daha əvvəl sadaladığım xüsusiyyətləri ilə əlaqədardır. “Omikron” koronavirusun daha yoluxucu variantıdır, infeksiyadan sonra simptomlar daha tez görünür.

 

– Bəs yeddi gündən sonra xəstə özünü pis hiss etməyə davam edərsə, onda necə? O ki, hansı ştamma yoluxduğunu dəqiq bilmir.

– Hazırda ölkədə “Omikron” üstünlük təşkil edir. Ancaq karantin müddətinin sonunda xəstədə hələ də xəstəliyin əlamətləri varsa, o zaman məsuliyyət göstərməli və onların tamamilə bitməsini gözləməlidir. Daha bir həftə izdihamlı yerlərə getməməyə, maska taxmağa, sosial məsafəni qorumağa, əllərini tez-tez sabun və su ilə yumağa və ya antiseptiklərdən istifadə etməyə çalışmalıdır.

 

– “Omikron” ştammına yoluxduğumuzu necə müəyyən edə bilərik? Axı testdə hansı ştamma yoluxmağımız barədə məlumat qeyd edilmir.

– PCR testi yalnız koronavirusun varlığını və ya olmamasını göstərir – bu, ən vacib məqamdır. Xəstənin hansı ştamma malik olduğunu öyrənmək mənasızdır. İlk simptomlarda – boğazda və oynaqlarda ağrı, hərarətin qalxması, zəiflik zamanı təcili yardım çağıraraq və ya yerli həkimlə əlaqə saxlayaraq PCR testi vermək lazımdır. Nəticə müsbət olarsa, mütəxəssis müalicəni təyin edir.

 

– Bəs ekspress testlər? Onları istənilən aptekdən almaq olar…

– Ekspress testlər etibarlı deyil, onlara etibar etmək olmaz. PCR testləri də 100 % zəmanət vermir, lakin onlar daha effektivdir.

 

– “Omikron”u ev şəraitində necə müalicə etmək olar?

– Ümumiyyətlə, xəstələr koronavirusun bu variantını yüngül keçirirlər. Müalicəyə gəlincə, bir mütəxəssislə məsləhətləşmədən heç bir şey etmək olmaz. Evdə müalicə olunmağın mümkün olub-olmadığına və ya xəstəxanaya köçürülmənin daha yaxşı olub-olmadığına yalnız həkim qərar verir. “Sistem” köçürülməlidirmi, hansı hallarda antibiotik əlavə edilməlidir…

 

– Sistem köçürülməsi ilə bağlı daha ətraflı danışmaq olar? Yoluxmuş bir çoxları dərhal sistem köçürmələri üçün tibb bacılarına müraciət edirlər.

– “Sistem” köçürülməsi yalnız xəstə yeyib içə bilmədikdə lazımdır. Xəstə normal qidalanırsa, bu zaman heç bir “sistem”ə ehtiyac yoxdur. Antibiotiklərə gəlincə, onlar koronavirusa qarşı, eləcə də hər hansı digər virusa qarşı gücsüzdürlər. Onlar bakterial infeksiyaları müalicə edirlər.

 

– Sosial media istifadəçiləri belə sualla müraciət edirlər: Azərbaycanın yetkin əhalisinin yarıdan çoxu COVID-19-a qarşı peyvənd olunubsa, yeni kəskin yoluxma necə baş verə bilər?

– Peyvənd infeksiyadan yox, xəstəliyin ağır gedişindən xilas edir. Virus mutasiyaya uğrayır, strukturunu dəyişir, yeni ştammlar yaranır. Peyvənd edilmiş insanlar da “Omikron”a yoluxurlar, lakin xəstəliyi yüngül keçirirlər.

 

– Yəni, prinsipcə xəstəliyin ağır gedişindən söhbət gedə bilməz?

– Peyvənd olunmayanlar, yaşlılar, xroniki xəstəlikləri olan insanlar xəstəliyi ağır keçirir. Peyvənd olunanlar virusu soyuqdəymə kimi daşıdıqlarını deyirlər.

 

– “Omikron”un yayılması mövsümi qripin yüksək olduğu vaxta təsadüf etdi. Bir insan eyni anda iki infeksiyaya da yoluxa bilər?

– Ola bilər. Bunu klinik olaraq, yəni simptomlarla müəyyən etmək mümkün deyil, yalnız laboratoriyada, iki test vərməklə mümkündür. Belə xəstələr xəstəliyi ağır keçirirlər, xüsusən də xəstə risk qrupuna daxildirsə. Buna görə də biz illik qripə qarşı peyvəndlərin aparılmasınının leyhinəyik. Sentyabr-oktyabr aylarında bunu etmək daha yaxşıdır, amma indi də mümkündür, çünki qrip may ayına qədər bizimlə olacaq.

 

– Hazırda koronavirusa görə məhdudiyyətlərinin sərtləşdirilməsi, məsələn, məktəblərin bağlanması nə dərəcədə məqsədəuyğundur?

– Hesab edirəm ki, bu cür kəskin tədbirlər olmadan da öhdəsindən gələ bilərik. Bir məktəbdə və ya müəssisədə koronavirusa yüksək yoluxma müəyyən edilərsə, lokal səviyyədə tədbirlər görmək daha yaxşıdır. İndi bu prinsip ölkəmizdə də tətbiq olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir