emeliyyat

Həkim səhvi, yoxsa riskli əməliyyat və ya analar qeysəriyyədə niyə ölür?

Baxış sayı: 1. 248

Son zamanlar qeysəriyyə zamanı anaların ölüm halları artıb. Bu isə bəzi hamilələrin “təhlükəsizdir” deyib hətta səbəbsiz yerə üz tutduğu qeysəriyyə əməliyyatının həqiqətənmi ölümlə nəticələnəcək qədər təhlükəli olub-olmadığı sualını yaradır. 

 

Baş verən ölüm faktlarının səbəbi nədir?

Həkim səhvi ya əməliyyat riski?…

Qeysəriyyə – dölün və sonluğun uşaqlıqdan onun divarını kəsməklə çıxarılması, başqa sözlə, təbii doğuş prosesinə cərrahi müdaxilə deməkdir. əməliyyatı zamanı əvvəlcə qarının üst divarı – dəri, piy və toxumalar kəsilir. Bundan sonra isə uşaqlığın divarı şaquli və ya üfüqi istiqamətdə kəsilərək, döl çıxarılır.

Azərbaycanda da qeysəriyyəyə müraciət edənlərin sayı kifayət qədərdir. Baş verən ölüm halları da insanlar arasında daha çox təşvişə səbəb yaradır.

Məsələyə münasibət bildirən ginekoloq Ləman Əkbərova qeysəriyyənin düzgün tətbiq edilmədiyi zaman fəsadların baş verə biləcəyini bildirib:

“Qeysəriyyədə məqsəd, ana və uşağın həyatını xilas etməkdir. Təbii ki, digər əməliyyatlar kimi qeysəriyyə əməliyyatının da risk faktorları mövcuddur.

Adətən hansısa patologiya zamanı qeysəriyyəyə qərar verilir. Ölüm hallarına çox zaman həmin patologiyalar səbəb olur. Qeysəriyyə kəsiyi anesteoloji müdaxilə tələb edir. Bu da bir risk faktorudur. Anesteziya zamanı ölüm halları rast gəlinəndir.

Düzdür, bəzi səbəblər var ki, qeysəriyyə zamanı daha çox rast gəlinir və nəticədə ölüm faktı yaşana bilir. Onlardan biri əməliyyat zamanı baş verən infeksiyalaşmadır ki, bu qeysəriyyə zamanı daha çox baş verir, nəinki təbii doğuş zamanı. Qan itkisi də faktor hesab edilə bilər. Çünki əməliyyat zamanı qan itkisi daha çox olur.

Digər bir səbəb əməliyyat zamanı kimyəvi zəhərli maddələrin ananın qanından dölün qanına keçməsi olur ki, bu da körpənin tənəffüs sisteminə təsir edərək blok edir. Nəticədə uşaq  ölümünə səbəb olur.  Lakin qeyd etdiyim kimi bunlar nadir rast gəlinəndir. Qeysəriyyə düzgün şəkildə aparılarsa çox nadir hallarda ana ölümü yaşana bilər”.

Həkim vurğulayır ki, son zamanlar qeysəriyyə əməliyyatları artıb:

“Biz istərdik ki, təbii doğuş daha çox olsun. Qeysəriyyə təbii doğuşun 5-10 faizini təşkil etsin. Bu da son zamanlar hamilə qadının öz istəyi ilə  daha çox baş verir”.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir