efsane rusttemova

“Hamı kimi olma(ma)q” – “NATAMAM”

Baxış sayı: 1. 282

“Bilirsiniz, hamının həyatdan fərqli gözləntisi var.” deyərək başlamışdı ilk söhbətimizə. Heç belə ani başlanğıc gözləmirdim, düzü. Gözləntisi qarşılanmayan çox qadınla rastlaşmışam bu günə qədər, amma fərqli gözləntilərə düşənləri mənə daha optimist təsir bağışlayıb. Bu optimist qadın hansı dərdi ilə baş edə bilməyib görəsən?!

-Fərq yaratmaq gözəldir. Bəs ibtidai gözlənti nədir? Əvvəl bundan başlayaq.

-Mən həyatda çox az şeyi dərd edən biriyəm, ilkin baxanda da anlamısınız yəqin. Amma cəmiyyətin bu xüsusiyyətimə görə məni tənqid etməsiylə bacara bilmirəm artıq. Hamı mənə bivec, əhli-kef  kimi baxır və bu məni sıxır. Mən cəmiyyətin dərd olaraq gördüklərinə çarə tapa, optimist yanaşa bilirəm deyə niyə günahkar sayılmalıyam ki?! Baxın, anlayıram, siz də mənim haqqımda bəlkə də elə düşünürsünüz. Amma mən bu həyata bir dəfə gəlirəmsə, xoşbəxt olmaq istəyirəm, qınanmaq yox. İnsanlarsa, mən daima təbəssümlə gəzirəm deyə qınayır məni. Barmaqla göstərir. Anlaq səviyyəmin aşağı olduğunu düşünür. Halbuki mən onların niyə belə baxdığını belə anlayıram. Sadəcə hər dəfə onlara özümü izah etməyə yoruluram. Axı mən onlara mane olan heç nə eləmirəm, bəs onlar niyə mənim yaşamağıma mane olur?!

Əslində haqlı idi qadın. Tez-tez bu müraciətlərlə pasientlər qəbul edirəm. Hamı cəmiyyətdən narazıdır. Amma o cəmiyyəti də elə o HAMI təşkil edir. Bəs nədir burdakı paradoks? Bəs nədir burda yolunda getməyən şey?!

Çünki insanlar narazılıqlarını səssiz yaşayır.  Çünki insanlar dərdlərin dilə gətirəndə yarğılanacağın düşünür, bilir, əmindir. Halbuki ağzını açsa, ilk dəstəyi elə ən zəhmli duruş sərgiləyəndən görəcək. İndi əvvəlki cəmiyyət də yoxdur, dəyərlər də. Cəmiyyət parçalanıb, dəyərlərin isə qol-qanadı qırılıb. Əslində haqlıdırlar bəlkə də. İnnovativliyə meylli gənclərlə Sovet adamlarının üz-üzə qaldığı dönəmdə şəxsi duruş və iradə sərgiləmək çətin məsələdir. Bu çətinliyin içində xoşbəxtlik yolu da keşməkeşlərlə doludur. Amma insan iradəsini istifadə edərsə, əldə edə bilməyəcəyi heç nə yoxdur. Ona lazım olan özü özü sərgilədiyi mövqeyə, tərəfdarı olduğu yaşayışa, amala qəlbdən inansın. Öz vicdan mühakiməsini tamamlasın, daha sonra səsli şəkildə bunu dilə gətirsin. Bu halda cəmiyyət amalı onlara uyğun görməsə də, duruşun qətiyyətini görüb arxa çıxacaqlar o adamlara.

Düşünürəm ki, biz ən böyük yanlışı “təsirlənərək” edirik. Təsirlənərək sərgilədiyimiz mövqelər cəmiyyətin gözündə şəxsiyyətimizi zədələyir və bir müddət sonra bu şəxslərə baxış “ciddiyə almamaq” kimi olur.

Əksər intiharların başlanğıcı bu yoldan keçir…

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir