Turab Canbaxısov

Hamilələr və təhlükəsizlik qapıları – GINEKOLOQ YAZIR

Baxış sayı: 1. 640

“Gencaile.az” Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ikinci mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun yazısını təqdim edir.

 

Hamilə qadınların xüsusilə erkən müddətdə tez-tez soruşduqları suallardan biri də təhlükəsizlik sistemlərindəki qapılardan keçmələrində bir problemin olub-olmamasıdır.

Bu xüsusi qapılar daxilindən keçən insanın üzərində silah kimi ağır metal tapılan anda səsli siqnal verərək, mühafizəçilərə xəbərdarlıq edir. Əvvəllər sadəcə hava limanları və xüsusi qoruma tətbiq olunan binaların girişlərində olan bu metal detektorlar indiki dövrdə bütün dünyada terror cəhdlərinin artması səbəbiylə xəstəxanalar, alış-veriş mərkəzləri kimi çox sayda insanın olduğu binaların girişlərində geniş şəkildə istifadə edilməyə başlanmışdır.

hamile

Bu qapıların işləmə mexanizmi əslində çox sadədir. Yüngül elektrik axını ilə zəif bir maqnit sahəsi yaradılır və bu sahədə hər hansı bir səbəbdən kəsilmə baş verərsə, siqnal verilir. Yəni bu cihazlar rentgen dalğaları ilə işləmirlər. Bu cihazlarda yaranan maqnit sahəsi maqnit rezonans (MR) müayinəsindən qat-qat azdır. Aparılan tədqiqatlardan da məlum olmuşdur ki, istər uşaqda, istərsə də anada hər hansı patologiyanı aşkar etmək üçün aparılan MRT müayinəsində bir problem yoxdur. Bundan əlavə, xüsusi qapıdan keçəndə maqnit sahəsinə məruz qalma müddəti MRT ilə müqayisə olunmayacaq dərəcədə qısadır.

 

Digər bir tədqiqatda – “Physics in Medicine and Biology” jurnalında avqust 2003 tarixində dərc olunan məqalədə müxtəlif markalarda əl detektorlarının hamilə qadınlar və körpələrinə təsirləri öyrənilmiş və bu cihazların hamiləlik üçün heç bir risk yaratmadığı aşkar olunmuşdur. Ancaq xüsusilə ölkəmizdə bir çox insanın məlumatının olmaması və hamilələrə qarşı olan həssas münasibət səbəbindən xəstəxana girişlərində belə qapılardan keçmək istəməyən hamilə qadınlara güzəşt yaradılır. Bunun lazımsız və mənasız bir yanaşma olmasına baxmayaraq, fərqli olduğunuzu hiss etmək üçün bir az oyun oynamanın zərəri yoxdur. Odur ki, bu tip qapılardan keçmək məcburiyyətində qalsanız, hamilə olduğunuzu söyləyərək fərqli münasibət tələb edə və bu haldan zövq ala bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir