hamile

Hamiləlik toksikozlarının mərhələləri və əlamətləri

Baxış sayı: 1. 090

Hamiləlik toksikozu hamiləlik vaxtı və ya yalnız hamiləliklə əlaqədar olaraq baş verən mürəkkəb patoloji neyrohumoral prosesdir. Hamiləliyin erkən toksikozu və müasir təsnifata əsasən “hestoz” adlandırılması hamiləliyin ikinci yarısının toksikozu sayılır.

Respublika Dəmir yolu Xəstəxanasının həkim-ginekoloqu Kəmalə Əliyeva deyir ki, erkən toksikozlar hamiləliyin ilk üç ayında baş verir, adətən 12-ci həftəyə qədər davam edir, bəzi hallarda isə 15-16-cı həftəyə qədər də çəkə bilər. Onun əksər formaları üçün həzm sistemi funksiyalarının pozulması xarakterikdir. Əsasən narahatlıq doğuran hallar mədə nahiyəsində ağırlıq, ürəkbulanma, qusma, normadan artıq tüpürcək ifrazı, müəyyən qida məhsulları və qoxulara olan ikrah hissidir. Bəzən bu hal daimi, bəzən də yalnız səhərlər, yaxud da qida qəbulundan sonra baş verir.

Erkən toksikozun əsas növü olan hamiləlik qusmaları ağırlıq dərəcəsinə görə üç yerə bölünür: yüngül dərəcəli qusma sinir sistemində baş verən funksional dəyişiklikləri, orta dərəcəli qusma intoksikasiyanı, ağır dərəcəli qusma isə müxtəlif orqanlarda baş verən distrofik prosesləri əks edir. Yüngül dərəcəli qusma zamanı iştaha azalır, sutkada 2-4 dəfə, xüsusilə qida qəbulundan sonra qusma baş verir. Hamilənin ümumi vəziyyəti dəyişmir, nəbz, hərarət və arterial təzyiq norma daxilində olur. Belə qusma adətən dölün inkişafına mənfi təsir göstərmir. Orta ağırlıqlı hamiləlik qusmaları zamanı hamilə çəkisini itirir, bədən hərarəti subfebril – 37,5 dərəcəyə çatır, nəbzdə taxikardiyaya meyillik, yəni dəqiqədə 90-100 vurğu olur, sutkada 10 dəfəyə qədər qusma baş verir. Düzgün aparılan müalicə nəticəsində hamilənin vəziyyəti düzəlir və normal inkişaf edir. Nadir hallarda proses inkişaf edərək ağır dərəcəli hamiləlik qusmasına keçdikdə hamilənin ümumi vəziyyəti ağır olur, çəkisi kəskin surətdə azalır, hərarəti 38 dərəcəyə qədər artır, nəbzi dəqiqədə 100-120 dəfə vurur, qusma sutkada 20 dəfə və daha çox təkrarlanır. Belə hallarda təcili tibbi müdaxilə və müalicə aparılmazsa, ana və döl üçün ağır nəticələr verər.

hamile

Həkim-ginekoloq deyir ki, qadınlar arasında belə bir fikir var ki, ürəkbulanma və qusma yoxdursa, deməli, hamiləlik düzgün inkişaf etmir. Əslində isə belə deyil. Əvvəllər belə fikirlər olub ki, ürəkbulanma və qusma yoxdursa, onda hamiləliyə xas olan hormonların səviyyəsi lazımi qədər deyil və hamiləlik üçün təhlükə var. Lakin müasir dövrdə həmin fikirlər təsdiqini tapmır və erkən toksikoz keçirməyən qadınların əksəriyyətində hamiləlik normal başa çatır. Erkən toksikoz zamanı hamilələrin vəziyyətini yüngülləşdirmək üçün onlara açıq havada daha çox vaxt keçirmək, yatmazdan əvvəl otağın havasını dəyişmək məsləhətdir. Hamilənin menyusunu tərkibcə zəngin, tez həzm edilən qidalar təşkil etməli, qida qəbulu isə az-az və tez-tez olmalıdır. Təbii ki, vəziyyəti aradan qaldırmaq üçün müxtəlif dərman preparatları və müalicə üsulları var, lakin onları həkim məsləhəti olmadan qəbul etmək yolverilməzdir. Hamilənin emosional durumunun erkən toksikozun yaranmasında rolu var. Elmi tədqiqatlar nəticəsində müəyyən olunub ki, arzuolunmayan hamiləlik zamanı erkən toksikozun əlamətləri daha qabarıq olur. Bundan əlavə, belə hallar əsasən ilk hamiləlikdə baş verir: qadın öz yeni vəziyyəti, gələcək uşağı haqqında daha çox düşünür. Erkən toksikozun gedişinə hamilənin fiziki və psixi gərginliyi də mənfi təsir göstərir. Ona görə də hamilə qadın gərginlik doğuran situasiyalardan uzaq durmağa çalışmalıdır.

Hamiləliyin ikinci yarısının toksikozu ağır patologiya olub ana və döl üçün arzuolunmayan nəticələrə aparıb çıxara bilər. Məsələn, mərkəzi və vegetativ sinir, ürək-damar, endokrin sistemlərinin, həmçinin bir sıra mübadilə prosesləri və s. funksiyaların pozulması baş verir. Səbəbi tam öyrənilməsə də, daha çox müxtəlif somatik xəstəliklər 18 yaşadək və yaşı 30-dan yuxarı olan ilkin hamilələrdə təsadüf olunur. İrsi meyilliyin də müəyyən rolu var.

Həmin patologiya üçün üç əsas əlamət – ödem, proteinuriya (sidikdə zülalın olması) və hipertenziya (arterial təzyiqin yüksəlməsi) xarakterikdir. Qadının barmağından üzüyü çətinliklə çıxarması, ayaqqabıları ayağına dar olması ödem patologiyasının ilk əlamətidir. Bundan əlavə arterial təzyiqin dəyişkən və asimmetrik olması (sağ və sol qollarda fərqlilik), hamilənin çəkisinin patoloji artması və s. hallar baş verir. Həmin patologiyaların vaxtında aşkarlanması və mümkün olan ağırlaşmaların qarşısını almaq üçün hamiləliyin uğurla başa çatması üçün qadın vaxtlı-vaxtında müayinələrdən keçməlidir. Hər müayinə vaxtı hamilənin çəkisi müəyyənləşdirilməli, hər iki qolda arterial təzyiq ölçülməli, sidik və mamalıq müayinəsi aparılmalıdır. Ümumiyyətlə, istənilən patologiya vaxtında aşkarlanıb düzgün müalicə olunduqda daha ağır formalara keçmir, ana və döl üçün təhlükə yaratmır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir