Hamiləlikdə prolaktinoma nədir? – HƏKİM RƏYİ

Baxış sayı: 1. 414

Prolaktin baş beyində yerləşən hipofiz vəzindən ifraz olunan hormondur. Bu hormonun vəzifəsi hamiləlik vaxtı süd vəzilərini hazırlamaq, doğuşdan sonra da süd ifrazını təmin etməkdən ibarətdir. Süd vermə dövründə ovulyasiyanın dayanması və təbii olaraq qadının hamiləlikdən qorunması da bu hormonun sayəsində baş verir.

Bəs hamiləlikdə prolaktinoma nədir? Endokrinoloq Nadirə Ağazadənin Aile.lent.az-a bildirdiyinə görə, prolaktinoma – hipofiz vəzin özündən prolaktin ifraz edən şişidir. Ən sıx görülən hipofiz adenomasıdır. Qadınlarda prolaktin fizioloji olaraq, yəni heç bir xəstəlik olmadan aşağıdakı hallarda yüksələ bilər:
– Hamiləlik
– Laktasiya (süd vermə dövrü)
– Yuxu, stress
– İdman
– Süd vəzi stimulyasiyası
Prolaktin yüksələn zaman qadınlarda amenoreya (aybaşı tsiklinin olmaması) və ya pozulmalar, qalaktoreya (süd vəzilərindən süd gəlmə), sonsuzluq, çəkinin artması, tüklənmə, cinsi həvəsin azalması, vaginal quruluq, baş ağrıları, görmə sahəsi deffektləri, osteopeniya, osteoparoz kimi şikayətlər olur.
Həkim deyir ki, prolaktinomalar ölçüsünə görə mikro (<1sm) və makroadenoma (>1sm) olmaqla 2 yerə ayrılır: “Əgər hamilə qadına hamiləlikdən öncə mikroadenoma diaqnozu qoyulmuşsa və dərman müalicəsi alırsa, şiş görmə çarpazından uzaqsa, hamilə qalan kimi dərmanı kəsmək məsləhət görülür. Çünki mikroadenomalı qadınlarda hamiləlik boyunca şişin ölçüsündə böyüməyə çox az hallarda rast gəlinir. Makroadenomalı hamilə qadınlarda isə şişin ölçüsündə böyümə halları olduğuna görə öncədən dərman qəbul edilirsə, hamiləlik boyunca davam etdirilməlidir. Mikro və makroprolaktinomalı bütün hamilə qadınlar hər 3 aydan bir həkim nəzarətində olmalı, baş ağrıları, görmə sahəsində dəyişiklik həkim tərəfindən dəyərləndirilməlidir”.

N.Ağazadə qeyd edib ki, şişin ölçüsündə böyümə aşkarlanırsa, dərman müalicəsi başlanılır. Nəticə olmadıqda transsfenoidal cərrahi əməliyyat düşünülməlidir. Cərrahiyyə üçün ən uyğun zaman hamiləliyin 2-ci trimestridir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir