internet asililigi

Hamının evində olan qorxulu silah, əlimizdə gəzdirdiyimiz partlayıcı – İnternet

Baxış sayı: 615

Sovet dönəmində böyüyüb başa çatan nəslin mütləq şəkildə bir idolu var idi. Sovet təbliğat maşını o dövrdə böyüyən oğlanlara Qaçaq Kərəmi, Qaçaq Nəbini, İsrafil Məmmədovu, Mehdi Hüseynzadəni və bu kimi qəhrəmanları mərdlik, kişilik simvolu kimi tanıdır, nümunə göstərirdi. O cümlədən qızlar da oxudumuz ədəbiyyatdan, tamaşa etdiyimiz kinofilmlərdən, tamaşalardan iffətli, təmiz ürəkli, mərhəmətli , sadiq qadın obrazlarını görür, bunun ailədə şahidi olmasa belə yaxşı və pis insanın necə olması barədə təsəvvür sahibi olurdular.

Bəs indi necə? İndiki nəsil nə görür, götürür? Ekranlarımızı zəbt etmiş həm görünüşcə həm xaraktercə qadınmı, kişimi olduğu bəlli olmayan, qalmaqala meyilli, milçəkdən fil düzəldən bir- birlərini təkrarlayan insan tipləri.Yetişkinlər pisi yaxşıdan ayırır, amma yeni böyüyən nəsil adları dillərdə əzbər olan və məşhurluğun gətirdiyi zənginliklə (ən azından özlərini bu şəkildə təqdim edirlər) cəmiyyətdə irəli getməyin mümkün olduğunu sayıb bu həyat tərzini norma kimi qəbul edirlər. Təsəvvür edirsinizmi 30 il öncə Azərbaycanda letargiya yuxusuna gedən insan bu gün oyansaydı Azəraycanda olduğuna şübhə edər, hətta hansı dildə danışdığımızı anlamazdı. 30 il öncə qadınlarımız bişirdikləri dadlı yeməklərlə, böyütdükləri tər- təmiz tərbiyəli uşaqlarla, nə bilim yuyub şəridlərə sərdikləri bəmbəyaz paltarlarla öyünərdilər. İndiki qadınlarımız sosial şəbəkələrdəki “ gəl məni gör, dərdimdən öl” tipli şəkillərlə qazandıqları “like”lərlə öyünürlər. 30 il əvvəl bir qadına seksi demək ayıb, qəbahət sayılırdı, evli qadın bu kəlməni hətta ərindən eşitmirdi, indi çılpaq ombalarını, sinəsini satışa çıxarırmış kimi nümayiş etdirib şəkillərinin altında “çox seksisən xanım” şərhini eşitməkdən zövq alar oldu Azərbaycan qadını. Sosial şəbəkələr həm bazar yerinə dönüb, həm döyüş meydanına. Camaat burda öz aqressiyasını, öz basdırılmış duyğularını meydana tökərək bildiyini edər olub. Başını telefondan qaldıra bilməyən yeni nəsil yaranıb.

Mütəxəssislərin qənaətincə, internet asılılığının əsas psixoloji fəsadları bunlardır: – Komputer arxasında özünü yaxşı hiss etmə və eyforiyaya qapanma; – Kompyuterdən ayrılmağın problemə çevrilməsi; – Kompyuter arxasında keçirilən vaxtın tədricən artması; – Ailəyə, yaxınlara və dostlara qarşı etinasızlıq; – Kompyuterdən kənarda olarkən mənəvi boşluğun, depressiyanın, əsəb gərginliyinin yaranması; – Öz fəaliyyəti haqqında işdə müdiriyyətə, evdə isə ailə üzvlərinə yalanlar uydurma; – İş və ya təhsillə bağlı problemlərin aranması. İnternetdə uzun müddət vaxt keçirmə karpal kanalı sindromu (əl əzələlərinin uzun müddət gərilməsi nəticəsində yaranan problem), gözlərdə quruluq, miqren tipli baş ağrıları, bel ağrıları, qida rejiminin pozulması, şəxsi gigiyenaya qarşı etinasızlıq, yuxusuzluq .

internet

Çox təəssüf ki, dünyaya açılmaqla bərabər dünyaya rahatca inteqrasiya edə bilən vəhşi, manyaklar dəstəsi də yaranıb.Ovlarını sosial şəbəkədə gözaltı edib, real həyatda qana bulayan gənclər. Milli Məclisin deputatı Nəsib Məhməliyev cəmiyyətin artan aqressiyasına qarşı öz fikirlərini bu şəkildə ifadə edib:

Heç bir ciddi səbəb olmadan cəmiyyətdəki aqressiya, müxtəlif insanlar arasındakı dözümsüzlük,əsasız hegemonluq cəhdləri, paxıllıq, qısqanclıq, birinin digərini qəbul etməməsi, ictimai yerlərdə utanc hissini itirərək əxlaq normalarını pozma və sairə hallar cəmiyyətimizi narahat edən, düşündürən məsələlərdir.

Necə ola bilər ki, İKT- nın verdiyi imkanlardan sui istifadə edərək, heç vaxt görmədiyin, tanımadığın insanları subyektiv fikirlərinə, statusuna görə tənqid yox, küçə söyüşləri ilə ağır formada təhqir edəsən. Şəxsi uğursuzluqlarının səbəblərini özündən başqa hər kəsdə axtarasan, dörd tərəfə nifrət dolu şər, böhtan yağdırasan.

Müxtəlif mənbələrdən aldığım məlumata görə, şəhərdə bir çox gənclər, hətta bəzi məktəbli yeniyetmələr belə özlərilə bıçaq gəzdirirlər. Sual olunur nə üçün? Kimə lazımdır bu? Ermənistan kimi mənfur, hiyləgər düşmənlə müharibə, Dövlətimizin inkişafını gözü götürməyən qüvvələrlə mübarizə şəraitində mənasız yerə özümüz özümüzə niyə düşmən kəsilməliyik. Allah qarşısında çox böyük cinayət törədərək , günahsız bir gəncin həyatına son qoyaraq, ailəsinə, yaxınlarına sağalmaz yara vurmalıyıq.

Hər gün səhərlər xəbər saytlarını izlədikdə, bu tipli ağır cinayətlərin Bakı şəhərində və bölgələrdə baş verdiyinin şahidi oluruq. Hesab edirəm ki, bu faciələrdən nəticə çıxarılmalı,ilk növbədə ailədə, məktəbdə uşaqların, gənclərin tərbiyəsilə çox sıx şəkildə məşğul olmalıyıq.Formal olaraq yox, ciddi şəkildə hər bir məktəbdə, kollektivdə, ( tək uşaqlarla deyil, həm də valideynlərlə) işləməyi bacaran psixoloqlara ehtiyac var.

Mən buradan hörmətli KİV nümayəndələrindən xahiş edirəm.Artıq dəb halını almış kriminal avtoritetlər, el arasında “vor zakon” kimi tanınan insanları qəhrəman obrazında təqdim edərək, onların həyatı, məişəti, kriminal çəkişmələri barədə məlumatların verilməsi düşünürəm ki, məqsədə uyğun deyil. Belə bir təqdimatdan, “ təbliğatdan” sonra bir çox zəif iradəli gənclərVə özlərini onlara oxşatmağa çalışır, nümunə kimi qəbul edirlər. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəzi hallarda ictimai siyasi həyatda üzdə olan bəzi insanlar da belə hərəkətləri təşviq edirlər. Bu gələcəyimiz üçün çox ziyanlı, təhlükəlidir.

Son vaxtlar şəhərin mərkəzi hissəsində DİN – i tərəfindən milli mənəvi dəyərlərimizə, əxlaqımıza zidd, xalqımızın imicinə xələl gətirən neqativ hallarla apardığı mübarizə ictimaiyyət tərəfindən olduqca yüksək qiymətləndirilir, razılıqla qarşılanır.

Hər bir normal vətəndaş cəmiyyətin kriminallaşmasının qarşısının alınmasında,gənclərin doğru, dürüst, vətənpərvərlik ruhunda tərbiyə olunmasında öz töhvəsini əsirgəməməlidir.

Hüquq müdafiəçisinin evində axtarış aparıldı

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın sözlərinə görə, problemlərdən çıxış yolu kimi təbliğatı gücləndirmək lazımdır: “Hər bir insan bilməlidir ki, sosial şəbəkədən istəyi nədir. Bu, narkotik kimi bir şeydir. Bəzən insan bu saytlara o dərəcə bağlanır ki, bir gün bu sayta girməsə özünü çox narahat hiss edir. İnsanları öyrətmək lazımdır ki, sosial şəbəkələrlə necə davranmaq lazımdır. Hər bir insan bilməlidir ki, internetdə nə qədər oturmalıdır. Şəbəkələrin müsbət və mənfi tərəfləri tam açıqlanmalıdır. Əgər bu, ailədə problem yaradırsa, buna əvvəlcədən fikir vermək lazımdır. Əgər həyat yoldaşı internetdə gündən-günə daha çox vaxt keçirirsə, deməli, bu, artıq qadın və kişi üçün bir şüuraltı zəng olmalıdır. Buna qarşı mübarizə aparmaq, tez-tez qonaq getmək, ünsiyyəti artırmaq, havaya çıxmaq lazımdır. Hələlik sosial şəbəkələrdə çox vaxt keçirmə kütləvi təhlükəyə çevrilməyib. Sosial şəbəkələrdə oturmaqdansa, tanışlıq və porno saytlarda oturmaq daha çox ailələrin dağılmasına səbəb olur. Sosial şəbəkənin əsas məqsədi ünsiyyət və dostluq qurmaqdır. Amma bizdə bu şəbəkələrdən düzgün istifadə olunmur”. Sosial şəbəkələrin yaratdığı problemlər üzündən psixoloqlara müraciət edən şəxslərin sayı həddindən artıq çoxdur.

Dünya alimləri belə hesab edirlər ki, “Facebook”, “Twitter” bəşəriyyəti məhvə aparan yeni silah növüdür. Onlar hesab edirlər ki, bu tip sosial şəbəkələr insanları müasir həyatdan uzaqlaşdırır, onların beyinlərini yuyur və robort kimi özünə tabe edir. Ən başlıcası isə insanlarda mənəvi dəyərləri məhv edir. Hamımızın evinə girmiş, hamımıza bulaşmış qorxunc bir virusun əsiriyik. Onu necə, nə şəkildə, nələrin yararına işlətmək isə sadəcə ağıl işidir. Bıçağı soğan soymaq üçün də işlədir insan, adam doğramaq üçün də. Baxır o kimin əlindədir.

 

İlhamə Rəsulova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir