ders

Hansı amillər dərslik hazırlığına mənfi təsir göstərir?

Baxış sayı: 967
Son bir neçə ildə ölkəmizdə dərsliklərlə bağlı xeyli problemlər nəzərə çarpır. Bu yöndə müzakirələr də bitmək-tükənmək bilmir. Azərbaycanda dərslik hazırlığına mənfi təsir göstərən amillər heç də az deyil.

Təhsil İnstitutunun “Ehtiyat dərsliklər” layihəsinin rəhbəri Zaur İsayev bildirir ki, ixtisaslaşmış peşəkar nəşriyyatların, müəlliflərin azlığı, müasir dərslik nəzəriyyəçilərinin yoxluğu dərslik hazırlığına mənfi təsir göstərən amillər sırasındadır. Azərbaycanda peşəkar dərslik müəllifi yoxdur”.

Mövcud durumu dəyərləndirən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirir ki, vahid dərslik bütün şagirdlərin bilik və bacarıqlarına uyğun deyil. Ona görə də alternativ dərsliklər daha effektlidir:

“Hazırda ölkədəki 4472 orta məktəbin heç birində alternativ dərslik istifadə olunmur. Yəni, orta ümumtəhsil məktəblərində təhsil alan 1.5 milyon şagirdin hamısı vahid dərslikdən istifadə edir. Buna təsir göstərən amillərdən biri də qəbul və buraxılış imtahanlarıdır. Qəbul imtahanlarında vahid dərsliklərdən test tapşırığı tərtib edildiyi üçün narahatlıq yaranır ki, abituriyentlərin istifadə etmədiyi kitabdan sual düşə bilər.

Şagirdlərin bilik və bacarıqlarına uyğun dərslikləri müəllim özü sərbəst şəkildə müəyyən edə bilər. Alternativ dərslik eyni zamanda bir və ya bir neçə dərslikdən istifadə edilməsidir. Təhsil Nazirliyi bir neçə dərsliyi tədris üçün yararlı hesab edir, amma hansı dərslikdən istifadə etməyi məktəb, sinif müəllimi özü seçir. Bunun effektli olmasının səbəbi odur ki, vahid dərslik bütün şagirdlərin bilik və bacarıqlarına uyğun deyil. Müxtəlif bilik və bacarıqlara malik olan şagirdlər üçün alternativ dərsliklər tərtib edib istifadəyə vermək lazımdır. Eyni zamanda, istənilən halda, minimal standart da təmin olunmalıdır”.

Ekspert qeyd edir ki, dünyanın inkişaf etmiş ölkələrində geniş şəkildə alternativ dərsliklərdən istifadə olunur:

“2009 – cu ildə qəbul edilən “Təhsil haqqında” qanunda alternativ dərsliklərdən istifadə nəzərdə tutulsa da, hələ də tətbiq edilməyib. Əsas problem məhz qəbul imtahanlarıdır. Zənnimcə, bunu aradan qaldırmaq üçün üst – üstə düşən mövzular mütəxəssislər tərəfindən müəyyən edilməli və ancaq o mövzulardan test tapşırığı təqdim olunmalıdır. Vahid dərslikdən testlərin hazırlanması çətinlik yaradır. Təhsil rus dilində aparılan məktəblər üçün dərslik ayrıca olaraq yazılmır. Elə Azərbaycan dilində olan dərsliklər rus dilinə tərcümə olunaraq rus bölməsinin şagirdlərinin istifadəsinə verilir. Yəni, “rus bölməsinin dərslikləri daha yaxşıdır, keyfiyyətli və standartlara uyğundur” demək düz olmazdı. Çünki hər iki bölmə üçün eyni dərsliklər istifadə olunur. Yeganə fərq tədris dili və ədəbiyyatdır ki, burda da ciddi fərq yoxdur”.

K.Əsədov məktəbşünaslığı bilən aparıcı ekspertlərin orta məktəb dərsliklərinin yaradılması prosesinə cəlb edilməsinin faydalı ola biləcəyini hesab edir:

“Orta məktəblər üçün alternativ dərslik və dərs vəsaitləri dedikdə, ilk növbədə, orta məktəb dərslikləri və abituriyentlər üçün vəsaitlər arasındakı uyğunsuzluqlarla bağlı fikirlər yaranır. Bunu kütləvi repetitorluğa səbəb olan amillərdən biri kimi qiymətləndirir, dərslik materialları və test bankları arasındakı uyğunsuzluqların mövcudluğunu orta təhsil pilləsi üçün ən ciddi problem hesab edirik. Təəssüflər olsun ki, son bir neçə il ərzində xüsusən də yuxarı siniflərdə dərslik ikinci dərəcəli vəsaitə çevrilib. Dərslikdən törəmə test proqram və məcmuələrinin dərsliyi-ilkin mənbəni sıxışdırması anormal haldır. Hazırda vahid dərsliklər belə işləmir. Əvəzində hansısa müəlliflər tərəfindən tərtib olunmuş vəsaitlər daha çox istifadə olunur. Düşünürəm ki, orta məktəblər üçün alternativ dərsliklər zamanın tələbidir və buna qısa müddətdə keçmək lazımdır.

Bəzi dərsliklərdə çətin məsələ-misallardan, ibtidai siniflər üçün istifadə olunun dərsliklərdə şivədən, dialekt sözlərdən, uşaqların qavraya bilməyəcəyi şeirlərdən çox istifadə edirlər. Bu da dərsliklərimizin dilinə ağırlıq, akademiklik gətirir. Dərslik elə tərtib edilməlidir ki, uşaq bu dərsliyi bağlayıb kənara atmasın, əksinə, sevsin. İbtidai sinif şagirdi kitabı üçün darıxmalıdır. Onları sevə-sevə açmalıdır. Təəssüf ki, bizdə bu baş vermir. Problemin həllini üçün, istifadə olunan dərsliklərin seçimində yaxşını ancaq onda əldə etmək olar ki, alternativlər olsun. Məsələn, Gürcüstanda birinci sinif üçün 5-6 dərslik var.

Bizdə isə orta məktəblərdə ancaq bir dərslikdən istifadə olunur. Deyirlər ki, bundan başqa heç bir dərslik ola bilməz, ona görə də təhsilimiz, dərsliklərimiz bu gündədir. Gürcüstanla yanaşı Almaniya, Türkiyə, ABŞ və başqa bir çox ölkədə çeşid-çeşid dərsliyin içindən biri seçilir, təsdiqlənir. Nazirlik alternativ dərsliklər istifadəyə buraxır, ən uyğun olanı məktəb, müəllim özü seçir”.

 

Yeganə Bayramova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir