milyonçu, Tağıyev, ailə

Hansı azərbaycanlı milyonçu arvadı ilə yaş fərqini azaltmaq üçün sənədini dəyişdirmişdi? – AİLƏ FOTOLARI İLƏ

Baxış sayı: 2. 432

Bu gün – 25 yanvar tarixi məşhur azərbaycanlı milyonçu, mеsenat, Rusiya İmperiyasının həqiqi dövlət müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.

Əslində H.Z.Tağıyevin doğum tarixi bu günə qədər mübahisəlidir: 1899-cu ildə Tiflisdə Zaqafqaziya Şiə Ruhani İdarəsinin verdiyi doğum haqqında şəhadətnaməyə əsasən, H.Z.Tağıyev 1823-cü ildə anadan olub. Digər bioqrafik mənbələrdə isə doğum ili 1838-ci ildən 1842-ci illər arasında dəyişir. Bir sıra tarixçilər bu fikir ayrılığının səbəbini Tağıyevin valideynlərinin savadsız olmasında və doğum qeydiyyatının dini kitablar üzrə bir qədər dolaşıq şəkildə aparılmasında görürlər. Başqaları isə belə bir versiyaya arxalanırlar ki, H.Z.Tağıyev Sona xanım Ərəblinski ilə ikinci evliliyi zamanı şəxsən özünü “cavanlaşdırmışdı” ki, gənc xanımı ilə yaş fərqi çox olmasın.

Hacı Zeynalabdin Tağıyev iki dəfə evlənib. Onun birinci arvadı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan Hacının iki oğlu, bir qızı olmuşdu. Oğlanları: İsmayıl, Sadıq və qızı Xanım.

İkinci arvadı məşhur general-leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Məhz sona xanımla evlənməklə Hacı Zeynalabdin Tağıyev öz oğlu ilə bacanaq olmuşdu. 

Belə ki, General Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu Sadığın arvadı idi. Hacı oğlugildə olarkən, kiçik bacı Sonanı görüb, bəyənmiş və onunla evlənmişdi. Bəzi mənbələrin məlumatlarına görə, Sona xanım Ərəblinski H.Z.Tağıyevdən çox cavan olduğundan, aradakı yaş fərqini azaltmaq məqsədilə milyonçu özünü sənəddə “cavanlaşdırmaq” qərarına gəlir və doğum tarixini dəyişdirtdirir.

Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu olub. Qızları: Leyla (sonralar Şəmsi Əsədullayevin oğluna ərə getmişdi), Sara və Sürəyya. Oğlanları Məhəmməd və İlyas. Sonralar Məhəmməd “Dikaya diviziya”nın zabiti olarkən özünü öldürür, İlyas isə xəstəliyə tutularaq vəfat edir.

Hacı Zeynalabdin Tağıyev XIX əsrin sonu XX əsrin əvvəllərində neft dalğası ilə yüksələn Azərbaycanın tanınmış və hörmətli neft maqnatlarından biri olub. O,  hədsiz ictimai, maarifçilik və xeyriyyəçilik fəaliyyəti ilə əsl ümumxalq sevgisini qazanıb. Bu mərhəmətli şəxs fövqəladə müdrikliyi, parlaq diplomatik bacarığı və çox güclü şəxsi keyfiyyətləri fərqlənib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir