mekteb

Hansı məktəbin daha keyfiyyətli təhsil verdiyini necə biləcəyik?

Baxış sayı: 681

Azərbaycanda ümumtəhsil müəssisələri adambaşı maliyyələşmə sisteminə keçə bilər. Bu barədə Təhsil naziri Emin Əmrullayev bir müddət əvvəl “Təhsildə özəl biznesin rolu” mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı bildirib. Nazir qeyd edib ki, ümumtəhsil müəssisələrində hələki adambaşı maliyyələşməyə keçid baş tutmayıb. Yalnız ali təhsildə keçilib.

Nazir həmçinin ümumtəhsil müəssisələrində adambaşı maliyyələşməyə keçidin çətinliklərindən danışıb. O, qeyd edib ki, Azərbaycanın relyefi elədir ki, 4400 məktəbdən 2000-dən çoxunda şagird sayı 200 nəfərdən azdır:

“Şərti olaraq şagird sıxlığı aşağı olan məktəblərdə adambaşına düşən vəsait daha çoxdur. Praktik olaraq bu gün ən az şagird sıxlığı olan Daşkəsən rayonunda bir uşağa daha çox pul xərclənir. Çünki orada hər sinifdə cəmi 3-5 şagird təhsil alır. Lakin müəllimlər ölkə üzrə mövcud olan eyni maaş sistemi ilə əmək haqqı alır. Yəni adambaşı maliyyələşməyə keçid özü-özlüyündə rasionallaşdırma tələb edir. Bu da asan islahat deyil”.

Bəs görəsən, orta məktəblərdə adambaşına maliyyələşmə təhsilin keyfiyyətinə nə vəd edir?

 

Dünyada təcrübə necədir?

Bu suala cavab tapmazdan öncə qeyd edək ki, təhsildə adambaşına maliyyələşmə ilə bağlı dünyada təcrübələr mövcuddur. Məsələn, ABŞ-ın bəzi ştatlarında hər bir uşaq üçün dövlət tərəfindən təhsil üçün ayrılan vəsait vauçer şəklində verilir. Bu vauçeri təhsildən başqa heç bir yerdə istifadə etmək, xərcləmək olmur. Valideyin həmin pulu istədiyi məktəbə və müəllimə yatırır.

Bu məktəblər arasında daha keyfiyyətli təhsilə rəqabət mühiti yaradır. Beləcə, təhsilə ayrılan həmin maliyyəni əldə etmək uğrunda rəqabət başlayır. Adambaşına maliyyələşmə şagirdin göstəricilərinə uyğun dəyişə də bilir. Təhsildə daha yaxşı nəticələri olan şagirdlərə ayrılan maliyyənin məbləği artır, aşağı göstəriciləri olan şagirdə münasibətdə məbləğ azalır.

Birləşmiş Ştatlarda hər şagirdin təhsilinin maliyyələşməsi üçün illik 14,418 dollar büdcə ayırılır. 12 illik təhsil sistemi üzrə ABŞ-da bir şagirdin təhsil almasına ümumilikdə 586,4 milyard dollar sərf olunur. Təhsilin maliyyələşməsində yerli bələdiyyələr də iştirak edir. Bu ölkədə təhsil xərcləri ABŞ-ın üzvü olduğu YUNESKO kimi beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş meyarlardan aşağıdır.

Ölkə təhsilə dövlət maliyyəsinin 11,6%-ni qoyur ki, bu da beynəlxalq standart olan 15,00%-dən xeyli aşağıdır. Birləşmiş Ştatlardakı məktəblər hər şagirdə orta hesabla ildə 12,624 dollar xərcləyir ki, bu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan 37 digər inkişaf etmiş ölkə arasında şagirdə düşən ən yüksək – beşinci yerdədir.

Digər ölkələrə gəlincə, bu məbləğ dəyişir. Lüksemburqda hər şagirdin illik təhsilinə büdcədən ibtidai sinif üzrə 21 143 dollar, yuxarı siniflər üzrə 25 421 dollar ayrılır.

Koreyada bu məbləğ ibtidai sinif üzrə 12,535, yuxarı siniflər üzrə 14,978 dollar, Fransada ibtidai sinif üzrə illik 8,724, yuxarı siniflər üzrə 13,006 dollardır.

Adambaşına təhsil xərcləri ən aşağı hesab olunan ölkə sırasında İndoneziya qərarlaşıb. Bu ölkədə ibtidai siniflər üzrə bir şagird üçün illik 1,514 dollar, yuxarı siniflər üçün 1,435 dollar ayrılır.

 natiq ceferli

Adambaşına maliyyələşmə təhsilin keyfiyyətini necə dəyişəcək?

İqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, orta məktəblərdə adambaşına maliyyələşmə sisteminin tətbiq edilməsi təhsilin keyfiyyətinə müsbət təsir edəcək. Onun sözlərinə görə, bu məktəblər arasında keyfiyyətli təhsil verməyə stimul yaradacaq.

N.Cəfərli deyir ki, dünyanın bəzi ölkələrində artıq ümumtəhsil müəssisələrində də adambaşına maliyyələşmə tətbiq edilir və çox yaxşı nəticələr verir:

“Amma nazirin də dediyi kimi orta məktəblərdə adambaşına maliyyələşməni tətbiq etmək elə də asan deyil. Xüsusilə şagird sayı az olan məktəblərdə adambaşına maliyyələşmə sisteminə keçmək sərfəli olmur”.

 

Adambaşına maliyyələşmənin fəsadları da ola bilər

Ekspert deyir ki, orta məktəblərdə adambaşına maliyyələşməyə keçid müsbət addım sayılsa da, bunun mənfi təsirləri də ortaya çıxa bilər:

“Xarici ölkələrdə orta təhsildə adambaşına ayrılan vəsaitin hansı məktəbə yatırılmasında valideynə seçim hüququ verilir. Valideyn də hansı məktəbdə təhsilin keyfiyyəti yüksəkdirsə, dövlətin övladına ayrıdığı vəsaiti həmin məktəbdə təhsilə sərf edir. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda dövlət ümumtəhsil müəssisələri arasında keyfiyyətli təhsili ilə seçilən orta məktəblərin sayı elə də çox deyil. Belə olan halda ən keyfiyyətli təhsil verən dövlət məktəblərində şagird sıxlığı yarana bilər. Hamı uşağını keyfiyyətli təhsil verən məktəblərə yönəltsə, həmin məktəblər məcbur olacaq ki, iki, üç növbəli sistemə keçsin. Bu isə təhsilin keyfiyyətinə təsir edəcək. Ona görə də əvvəlcədən adambaşına maliyyələşmə sisteminə keçən məktəblərdə şagird sayı ilə bağlı qaydalar və normalar işlənib hazırlanmalıdır”.

 

Hər bir şagirdin özəl məktəbdə təhsil almaq şansı yarana bilər

N.Cəfərli onu da deyir ki, orta təhsildə adambaşına maliyyələşmə sisteminə keçid valideynlərə gələcəkdə özəl məktəb seçiminə də imkan yarada bilər:

“Tutaq ki, dövlət hər bir uşağın orta təhsilinə illik 1000 manat vəsait ayırır. Bu maliyyənin özəl təhsil sektorunda istifadəsinə icazə verilərsə, valideyn övladının daha keyfiyyətli təhsil alması üçün özəl məktəb də seçə bilər. Bu zaman təhsil haqqı illik iki min manatdırsa, valideyn həmin məbləğin müəyyən hissəsini dövlətin ayırdığı vəsaitlə ödəyə bilər”.

Qeyd edək ki, Təhsil naziri Azərbaycanda fəaliyyət göstərən özəl ümumtəhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsinin mümkün olub-olmaması məsələsinə aydınlıq gətirib. Emin Əmrullayev dünyada belə təcrübənin olduğunu xatırladıb.

 

Bağçalar da adambaşına maliyyələşməyə keçəcək?

Nazir bildirir ki, dövlət müəssisələri özü adambaşı maliyyələşməyə keçdikdən sonra adambaşı maliyyələşməyə düşən vəsait özəl sektora yönləndirilə bilər:

“Bu, müəyyən mənada pilləli islahatdır. Biz hələ də “”Azərbaycanda məktəbəqədər təhsil səviyyəsində (uşaq bağçaları) adambaşı maliyyələşməyə keçidin ümumi təhsil səviyyəsinə daşınmasını planlaşdırırırıq”.

kamran esedov

Hazırda hər şagirdə ayrılan vəsait…

Təhsil üzrə ekspert Kamran Əsədov bildirir ki, təhsildə adambaşına maliyyələşmə dünyanın bir sıra ölkələrində tətbiq edilir.

Həmsöhbətimiz deyir ki, hazırda dövlət ümumtəhsil müəssisələrində təhsil alan 1, 6 milyon şagirdin hər birinə illik adambaşına 1300 manat civarında maliyyə ayırır:

“Bu isə kifayət qədər yüksək məbləğdir. Hazırda ümumtəhsil müəssisələrinə ümumi vəsait ayrılır. Adambaşına vəsait şagird sayı çox olan məktəblərə daha çox ayrılır”.

 

Müəllimlərin əmək haqqı arta bilər

K.Əsədov deyir ki, təhsildə adambaşına maliyyələşmə mexanizminin tətbiqi təhsilin keyfiyyətinə müsbət təsir edir, rəqabət mühiti yaradır. Ekspertin fikrincə, adambaşına maliyyələşmə keyfiyyətli təhsil verən məktəblərin gəlirlərini də artıracaq.

Onun sözlərinə görə, belə halda müəllimlərin əmək haqları da artır. Adambaşına maliyyələşmə tədrisin keyfiyyətinə müsbət təsir göstərəcək.

Ekspert Natiq Cəfərli isə bildirir ki, adambaşına maliyyələşmə mexanizminə keçidin səmərə verməsi üçün məktəblərə iqtisadi biliyi olan menecerlər direktor təyin edilməlidir.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir