Hansı yaşda evlənməli? – POLEMIKA

Baxış sayı: 1. 613

Evlilik çox böyük məsuliyyət və hazırlıq tələb edən bir prosesdir. Ona görə də nikaha girərkən yaxşı düşünməli, tələsmədən düzgün qərarlar verməliyik. Maraqlıdır, bəs görəsən neçə yaşında ailə qurmaq daha uyğundur? Qanuna görə 18 yaşını bitirmiş hər kəs nikaha daxil ola bilər. Amma bu yaşlarda evliliyin məsuliyyətini dərk etmək, onun yükünü çiyinlərinə götürmək elə də asan iş deyil. Ötəri verilmiş hansısa bir qərar həyatımızda böyük problemlərə, səhvlərə səbəb ola bilər. Ona görə ciddi fikirləşməli, məsələyə doğru yanaşmalıyıq.

“Polemika” rubrikamızda bu dəfə “Hansı yaşda evləməli?” mövzusu ətrafında gənclərlə həmsöhbət olub, onlardan evlənmək üçün ideal yaş aralığını soruşduq.

“Evliliyin yaşı yoxdur”

 

Xanım Əliyeva – aktrisa

Xanım düşünür ki, insan həm psixoloji, fizioloji, həm də maddi baxımdan evliliyə hazır olmalıdır: “Məncə, evliliyin yaşı yoxdur. Birincisi, insan nikaha addım atarkən özünü buna hazır hiss etməlidir. İstər 20, istər 30, istərsə də 40 yaşında olsun. Əgər həmin insan evliliyə, o məsuliyyəti üzərinə götürməyə hazır deyilsə, evlənməməlidir. Evliliyə hazır olmaq deyəndə isə, bütün nüanslar nəzərə alınmalıdır. Yəni, insan həm psixoloji, fizioloji, həm də maddi baxımdan hazır olmalıdır. Elə insanlar var ki, onlar ümumiyyətlə, ailə qurmamalıdırlar. Çünki nikah onlar üçün deyil. Onlar ailənin məsuliyyətini, valideyn olmağı qətiyyən dərk etmirlər. Sadəcə, evlənmək xətrinə evlənirlər. Və belə insanlar evlənib əks tərəfi bədbəxt edirlər. Qeyd etdiyim psixoloji məqam burada əsasdır”.

Həmsöhbətimiz deyir ki, evlənərkən yüz ölçüb, bir biçmək lazımdır: “Xoşbəxtliyin yaşı olmadığı kimi, nikahın da yaşı olmur. Biz nə vaxt hazırıqsa, nə vaxt o insanı tapırıqsa, nə vaxt anlayırıqsa ki məhz bu, o şəxsdir, o zaman evlənmək haqqında düşünə bilərik. Və o zaman yüz ölçüb, bir biçib evlənməliyik. Bir məqamı da qeyd edim ki, nikahların əksəriyyəti maddiyyat üzündən dağılır. Çünki maddiyyat da bir ailənin qurulmasında, onun saxlanılmasında çox böyük önəm daşıyır. Evlənmək istəyən insan gərək ayaqları üstündə durmağı bacarsın, ailəsini dolandıra biləcək qədər maddi vəziyyəti yaxşı olsun. O zaman artıq tam şəkildə ailə qura bilər”.

“Evlənmək üçün xüsusi bir yaş dövrü var”

 

Mehdi Qəniyev – gənc fəal

Mehdi 29 yaşdan sonra olan evliliyin kişilər üçün uğurlu olmadığını düşünür: “İlk olaraq öz ailəmdən deyim. Mən həmişə ailəmdən nümunə götürürəm. Valideynlərim evlənərkən atamın 27, anamın isə 19 yaşı vardı. Və hazırda da çox xoşbəxt yaşayırlar. Onların evlilik yaşlarına baxanda görünür ki, ideal yaş aralığındadırlar. Düşünürəm ki, kişi ilə qadın arasında ən azı 5 yaş fərq olmalıdır. Çünki qadın olduğu yaşdan daha böyük düşünür. Kişi idarə olunmağı, qadın isə idarə etməyi sevir. Evlilik məsələsinə gəlincə isə, mənim yanaşmam fərqlidir. Bir çox insan düşünür ki, yaşın fərqi yoxdur. Özünü nə zaman evliliyə hazır hiss edirsənsə, o yaşda evlənməlisən. Lakin bu fikir mənim üçün absurd düşüncədir. Çünki insan heç vaxt bilə bilməz ki, o, evliliyə hazırdır, ya yox. Yəni bu “vəhy” deyil ki, gələ və sənə deyə ki, evlənməlisən. Bunun üçün xüsusi bir yaş dövrü var. Bu, kişilər üçün 25-29 yaş aralığıdır. 29 yaşdan sonra evliliyin kişilər üçün uğurlu olduğunu düşünmürəm. Qadınlar üçün isə yaş aralığı 22-27-dir.  27-ni keçdisə, el dilində desək, həmin qız evdə qalmış sayılır”.

Mehdi deyir ki, evlilik olduqca məsuliyyətli işdir, həyata aid anlayışı olmayan insanın ailə qurmağı çətindir: “Qadınların yaş dövrlərindən asılı olaraq fikirləri, həyata baxış bucağı fərqli olur. Yəni, tutaq ki, 18 yaşında bir xanım evlənirsə, bu xanım demək ki, universiteti hələ bitirməyib. Ali təhsili, həyata dair anlayışı yoxdur. Bu, əslində, biz kişilərə də aiddir. Məncə, ilk olaraq hər bir insan təhsil almalıdır, sonra müəyyən müddət işləməli, cəmiyyətə inteqrasiya olmalıdır. Daha sonra evlilik haqqında düşünməlidir. Çünki evlilik çox məsuliyyətli bir işdir”.

“Gözünü yum, birini seç” doğru deyil

 

Aysel Aslan – jurnalist

Aysel bildirir ki, hər yaşın öz düşüncəsi, həyata yanaşma tərzi var: “Evlilik iki insanın təkcə bir yerdə yaşaması deyil, ailə qurmaqdır. Ailənin qurulması üçünsə, qarşılıqlı sevgi hissi kifayət etmir. Təbii olaraq, evlilik yolunda addım atmaq üçün hər iki tərəf özünü mənəvi, sosial baxımdan hazır hiss etməli, ailənin məsuliyyətini daşıya biləcək gücdə olmalıdır. Və ən əsası, qarşındakı insana sevgin olmalıdır. Əlbəttə, evlilikdə yaş önəmlidir. Hər yaşın öz düşüncəsi, həyata yanaşma tərzi var. Məsələn, mən 18-19 yaşımda düşündüyümü indi – 22 yaşımda düşünmürəm. Fərqli yanaşıram, həyata baxış bucağım dəyişib, ailə məfhumunu daha yaxşı qavraya bilirəm. Sözsüz ki, 25-26 yaşında da fərqli düşünəcəyəm. İstənilən halda, evlənmək üçün ideal yaş, özünü mənəvi cəhətdən hazır hiss etdiyin, gələcək ailənin sosial tələbatını ödəmək üçün hazır olduğun və bütün ömrünü bir yerdə keçirə biləcəyin insanı – həyat yoldaşını tapdığın vaxtdır”.

“Tez evlənənlə, yuxudan tez oyanan udar” misalını çəkən Aysel deyir ki, ümumiyyətlə, xalq olaraq çox tələskənik: “Addım atmaq üçün səbir edib, müəyyən götür-qoy etdikdən sonra fikrimizi reallaşdırmağı düşünmürük. Nədənsə ailə qurmaq dedikdə, adı “evlilik” olan hər hansı ittifaq anlaşılır. Axı belə deyil. Yaşadığımız cəmiyyətdə bəlkə də ən çox istifadə edilən ifadədir: “gözünü yum, birini seç”. Və bir çoxu prinsip ilə həyat yoldaşını seçib, ailə qurur. Düzdür, bəziləri düşünmədən addım atsa da, xoşbəxt ola bilir. Çünki təsadüf belə olsa, ailə qurduğu insanla fikirləri üst-üstə düşür, bir-birlərini anlayırlar. Amma çox ailələr də elə, o, “gözünü yum, birini seç” yanaşmasının qurbanı olur. Ona görə düşünürəm ki, tələsmədən, doğru zamanı gözləyərək ailə qurmaq lazımdır”.

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir