dil

Hansı yaşda olan insanlar xarici dili daha asan öyrənə bilərlər?

Baxış sayı: 717

Dünyanın sürətlə inkişaf etdiyi bir dövrdə hər bir insanın bir neçə dili səlis bilməsi çox önəmlidir. Dayanıqlı gələcəyin təmin edilməsi üçün əvvəllər şagird və tələbələrə 2 dilin bilməsi bəs edirdisə, indiki dövrdə 3 və hətta 4 dildə sərbəst danışa bilən mütəxəssislər hər bir şirkət və qurumda daha üstün tutulur. Alimlərin sözlərinə görə, insanlara gənc yaşlarda xarici dili qavramaq daha asan gəlir. Bunun üçün məktəb və tələbəlik illərində dilin öyrənilməsinə xüsusi diqqət yetirilir. Bəzən insanlara yetkin yaşlarda da yeni dili öyrənmək lazım olur. Bəs dil öyrənməyin yaş dövrü varmı? Yəni hansı yaşda olan insanlar xarici dili daha asan öyrənə bilərlər?

İngilis dilinin tədrisi sahəsində 6 ildən çox təcrübəyə malik müəllim Turan Abdullayev deyir ki, bu məsələdə yaş önəmli faktordur. Müəllimin sözlərinə görə, universitet tələbələri dili daha tez qavrayır: “Çünki bu insanların beyni təhsilə fokuslanıb və hələ də öyrənmək mühitindədir. Ona görə də dili rahat qavrayırlar. Dil öyrənmək insanın fizioloji xüsusiyyətləri ilə əlaqəli deyil. Sadəcə yuxarı yaş qrupunda insanların beyninin fokus nöqtəsi, istiqaməti fərqli olur. Məsələn, biznesmenin həyatının böyük bir hissəsi işə həsr olunur, işdən sonra da, əgər ailəlidirsə, ailə qayğıları, uşaqlar və s. problemlər oxumağa imkan vermir. Bu maneələr olmasa, onlar da dil öyrənmək baxımından digərlərindən geri qalmazlar. Sadəcə fokuslandığı sahələrə görə iki pillə daha çətin öyrənirlər. Amma yenə də əsas öyrənmək istəyidir. Mənim 45, 56 yaşında tələbəm olub və dili az müddətə öyrəniblər. Məqsəd hər istəyin açarıdır. Ümumilikdə isə işləməyən və təhsil mühitində olan tələbələr öyrənməyə meyilli olur və onlarda nəticə yüksək olur”.

Dili öyrənmək üsullarına gəldikdə isə həmsöhbətimiz deyir ki, hər hansı dili öyrənmək üçün 3 əsas yol var: “Bunlardan birincisi o dərsi tədris edən müəllimin metodikasıdır. Əgər müəllimin dərsə yanaşma tərzi düzgün olarsa, bu, öyrənmə prosesini həm tələbə, həm də müəllim üçün olduqca rahatlaşdırır. Belə olan təqdirdə tələbə öz inkişafına nəzarət edə bilir. Müəllimin metodikası sınanmış, nəticəyönümlü olmalıdır. Müəllimin metodikası düzgündürsə və müəyyən müddət sonra nəticəsini verirsə, ikinci yol tələbənin öhdəsinə düşür. Tələbə dərslərə ciddi yanaşır və hədəfi varsa, dili öyrənəcək. Motivasiyası yüksək olsa, bu nəticəyə nail ola biləcək. Tələbələrin bu işə yanaşması, zəhmətkeşliyi və intizamlı olması çox vacibdir. Əcnəbi mütəxəssislər deyir ki, yeni dil öyrənməyin ən yaxşı yollarından biri maraqlı film izləməkdir. Bu vasitə hər zaman işə yarayır və sizə kitablarda tapa bilməyəcəyiniz ifadələri öyrənməyə kömək edir. Dil öyrənməyin 3-cü yolu da komplekssiz praktikadır. Tələbələr olur ki, söz ehtiyatı var düzgün cümlə qura bilir, amma danışmaq kompleksi var. Utancaqlıq, komplekslilik ona mane olur. İstənilən mühitdə ilk fürsətdə öyrəndiklərini tətbiq etməyə utanmamalısan”.

Balaca uşaqların xarici dil öyrənməyə daha çox meylli olması və daha asan öyrənmələri barədə fikirlər çox populyardır. Lakin elmi araşdırmalar göstərir ki, daha böyük yaşda xarici dilləri öyrənməyə başlayanlar yaxşı nəticə əldə edə bilər. Yaşla yanaşı, sosial status, öyrənmə metodları, hətta dostluq və dostluq kimi amillər də nə qədər xarici dildə danışdığımıza və nə dərəcədə yaxşı danışdığımıza təsir göstərir. Edinburq Universitetinin Biliklilik Mərkəzinin inkişaf dilçiliyi professoru Antonella Soracenin  sözlərinə görə, yaş artmaqla hər şey pisləşmir: “Müəllimin sinifdəki qaydaları izah etdiyi “açıq öyrənmə” metodunda gənc uşaqlar dil öyrənməyə müvəffəq ola bilmirlər, çünki onların konsentrasiyası və yaddaş qabiliyyəti və idraki nəzarət bacarıqları məhduddur. Yetkinlər bundan daha yaxşıdırlar. Buna görə də, yaş artdıqca öyrənmək xüsusiyyət yaxşılaşır”.

Gənclər isə  “gizli öyrənmə”ni çox yaxşı bacarırlar. Başqa sözlə, xarici dildə danışan bir insanı dinləmək və təqlid etməklə öyrənirlər. Ancaq bu öyrənmə tərzi bu dildə danışan insanla çox vaxt keçirməyi tələb edir.

 

9 dil bilənpoliqlot, xarici dillər üzrə kouç Aslan Məmmədzadə dil öyrənərkən yaş baryerinin olmadığını bildirdi. Həmsöhbətimiz yaş mövzusunu 3 hissəyə ayırır: “Körpələr, gənclər və yaşlı nəsil. Körpələr anadan olduqdan 5 yaşlarına qədər çox sürətli dil öyrənirlər. Hətta texnikaları bildikdə, 6-7 dilli uşaqlar böyütmək mümkündür. Ətrafımızda belə insanlar var və çox uğurlu nəticə əldə edə bilirlər. İnsanların əksəriyyəti düşünür ki, yaş ötdükcə dil öyrənmək çətinləşir. Əlbəttə ki, müəyyən dərəcədə elədir. Amma “50-60 yaşdan sonra dil öyrənmək mümkün deyil” fikri tamamilə yanlışdır. Düzgün düşüncə tərzi ilə başlayanda, düzgün texnikalardan istifadə etdikdə, yaşdan asılı olmayaraq, dil öyrənmək mümkündür. Mənim 45, 55, 60, hətta 60 yaşdan yuxarı tələbələrim olub ki, onlar çox uğurlu nəticə göstəriblər. Sadəcə yaşlı nəsildə problem odur ki, universiteti bitirdikdən sonra kitablardan uzaqlaşırlar. Vaxt getdikcə, qocaldığını düşünür, daha da geriyə gedirlər. Üzərində işləmədikdə, beyin inkişafını dayandırır. Beyinləri aktiv olmadığına görə, onlara dil öyrətmək müəyyən qədər çətinləşir. Amma bu çətinləşmə 5-10 faizdir. Yaşlı nəsil özlərinə qoyduqları limitlərə görə dil öyrənmə potensiallarını yavaşladırlar. Əgər bir insan həmişə vurğulayırsa ki, bu işi bacarmayacaq, o iş nə qədər asan olsa da, bacarmaq şansı azdır. Amma əgər inanırsa ki, bunu bacaracaq, o iş nə qədər çətin olursa-olsun, yolunu tapıb bacaracaq. Yəni hər şey beynimizə qoyduğumuz limitlərdən başlayır. Doğru texnikalarla bunu bacarmaq mümkündür. Məsələn, hazırda atamın 62 yaşı var. O, ömrü boyu kitab oxuyub, indi də oxuyur. Onun beyni çox aktivdir. Hər dəfə mütaliə edir, özünü inkişaf etdirir. Ona ispan və ya başqa dillər öyrətdiyim zaman bunu çox rahatlıqla qavraya bilir. Beynimizə tətbiq etdiyimiz limitləri qaldırsaq, istənilən yaşda dil öyrənmək mümkündür”.

Bütün bunları nəzərə alaraq, əminliklə qeyd etmək olar ki, dil öyrənməyin yaşı yoxdur. Xarici dilin qavranmasına bir sıra faktor və şərait təsir edir. Xarici dili həm uşaqlar, həm tələbələr, həm də orta və yaşlı təbəqə lazımi istək səviyyəsi olarsa, öyrənə bilər.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir