yemek

“Harda nə yeyək?” – TAİLAND MƏTBƏXİ

Baxış sayı: 1. 751

Kimsə özü üçün Tailandı artıq çoxdan kəşf edib, amma indiyədək turistlərin çoxu hələ də bu ölkəyə getməyə tərəddüd edir. “Məni orada nə təəccübləndirə bilər?”, “Ümumiyyətlə, Tailanda niyə gedim?”, “Tailand Türkiyə, Misir və digər ölkələrdən nə il fərqlənir?” sualları arasında baş sındırır. Əslində isə bu ekzotik ölkəyə getmək üçün yüzlərlə gözəl bəhanələr tapmaq olar. Tailand ilk növbədə Asiya ölkələri arasında xüsusilə böyük populyarlığa malikdir. Təsadüfi deyil ki, Tailandı həm də Asiyanın turizm paytaxtı adlandırırlar. Bu ekzotik Cənub-Şərqi Asiya ölkəsi haqda danışmağımızın səbəbi “Harda nə yeyək?” rubrikasında bu dəfə Tailand mətbəxindən bəhs etməyimizdir.

yemek

Tailandın mətbəxi də özünəməxsus və təkraredilməzdir. Bu ölkənin yeməklərinin Azərbaycan və Avropa mətbəxi ilə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Lakin bu, o demək deyil ki, siz aclıqdan bir dəri, bir sümük qalacaqsınız. Əksinə, salatlar, soyuq qəlyanaltılar, müxtəlif isti yeməklər hər kəsin ürəyincə olacaq. Tayların məşhur “Thai Tom Yam” şorbasını xüsusi vurğulamağa dəyər. Ora gedən hər kəs mütləq bu şorbanın dadına baxmalıdır. Şəhərin küçələrində yaxşı hazırlanmış və müxtəlif yerli yeməklər satılır. Banan və manqo blinçikləri, eləcə də, klassik şaurma, meyvəli toyuq kababı və qaynadılmış qarğıdalı xüsusi ilə məşhurdur. Bütün yeməklər təzə, dadlı və sərfəli qiymətədir. Ləziz yeməkləri ilə yanaşı, Tailand ekzotik meyvələrdən hazırlanmış təzə şirələrin də dadını sınamağı şiddətlə məsləhət görürük. Əsas üstünlüyü təzə kokos şirəsinə verin, onlar demək olar ki, hər yerdə satılır.

thai_kokos

Tailand mətbəxi göy-göyərtinin bolluğu və çeşidi ilə seçilir. Məsələ ondadır ki, tərəvəz burada il boyu yetişir və həmişə süfrədə göy-göyərti olur. Tailandın əlverişli iqlimə malik olması onun mətbəxinin də olduqca zəngin olmasına gətirib çıxarıb. Bir sözlə, Tailandda ilin bütün fəsillərində bazarlar aşıb-daşır. Ona görə də Tailandda ac qalmaq haqqında söhbət gedə bilməz. Yeri gəlmişkən, taylarda “aclıq” sözünün olmaması ölkədə ərzaq bolluğunu bir daha sübut edir.

Tailandlılar öz mətbəxlərində ətdən, balıqdan, həmçinin yuxarıda qeyd etdiyimiz kimi, çoxçeşidli meyvə-tərəvəzdən geniş istifadə edir. Tailandda xüsusilə bayramlarda mətbəxlər daha zəngin və rəngarəng olur. Bu zaman milli mətbəxə xas olan bütün yeməklər süfrəyə gətirilir. Ona görə də zəngin tay mətbəxi ilə ilk dəfə tanış olan qonaqlar, xüsusilə Avropa ölkələrindən olan turistlər heyrətlərini gizlədə bilmirlər. Tay mətbəxini fərqləndirən bir xüsusiyyət də süfrəyə verilən yeməklərin bəzədilməsinə xüsusi önəm vermələridir. Tayların yeməklər üzərində fantaziyaları o qədər inkişaf edib, bəzən yeməklərə baxanda elə bilirsən ki, məşhur bir rəssamın insanı valeh edən rəsm əsərinə tamaşa edirsən.

 

Aytən




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir