hekimler

Havaların isti keçməsi xəstəliklərin artması üçün münbit şərait yaradırmı?

Baxış sayı: 1. 451

Artıq yanvar ayı başa çatmaq üzrə olsa da, sərt qış  havasını hiss edə bilmirik. Düzdür, havaların belə mülayim keçməsi müəyyən məqamlarda işimizə yarasa da, sağlamlıq baxımından problemlərə də yol açır. Xüsusilə, qarın yağmamağı, tez-tez temperatur dəyişikliyi insanlar arasında qripə bənzər elementlərlə müşahidə edilən müxtəlif xəstəliklərin yayılmasına səbəb olub.  Məktəblərdə, bağçalarda uşaqların  böyük əksəriyyəti viruslu xəstəliklərdən əziyyət çəkir. Bu günlərdə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin  (RGEM)  direktor müavini Afaq Əliyeva Trend-ə bildirib ki, ötən il ölkədə kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi 2016-cı illə müqayisədə 10 faiz azalıb: “Bu payız-qış mövsümündə laborator  müayinələr aparılıb. Hələ ki pandemik qrip virusları, o cümlədən A qripi virusu aşkarlanmayıb. Nümunələrin müayinəsi zamanı xəstələrin əsasən, kəskin respirator virus infeksiyalarına yoluxduğu məlum olub”.

2017-ci ildə vəziyyət nisbətən qənaətbəxş olsa da, 2018-ci ilin ilk ayında müxtəlif xəstəliklərdən şikayət edənlərin sayı da az deyil. Havaların isti keçməsi xəstəliklərin artması üçün münbit şərait yaradırmı?

Həkim-pediatr Kənan Qarayev deyir ki, qış aylarında havaların isti keçməsi yeni virus formalarının yaranmasına və aktivləşməsinə şərait yaradır: “Belə havalar isə adətən beş yaşına qədər olan uşaqlarda respirator virus infeksiyası ilə xəstələnməyə şərait yaradır. Bəzən valideynlər də şikayət edir uşaqlar ayda iki, üç dəfə xəstələnirlər. Havaların dəyişkən keçməsi, temperatur fərqinin zaman-zaman dəyişməsi respirator virusların aktivləşməsinə səbəb olur və əsasən yuxarı tənəffüs yollarının xəstəliklərinin yaranmasına gətirib çıxarır. Vaxtında düzgün müdaxilə edilmədikdə və həkimə getmədikdə, virus aşağı tənəffüs yollarına keçərək ciyər və bronxlarda uzun müddət davam edən problemlər yarada bilir. Bu epidemiyalar hazırda bağça və məktəblərdə davam edir. Ona görə profilaktik tədbirlərin görülməsi, virusların yayılmasının qarşısının alınması üçün otaqların havalandırılması lazımdır. Belə hallarda yaxşı olar ki,  qrip əleyhinə peyvənddən istifadə olunsun.  Bu peyvənddən bir çox dünya ölkələrində istifadə olunur. Peyvənd, qrip, yaxud respirator virusu törədən mikroorqanizmlərə qarşı  bədənin müqavimətini yüksək tutur. Beş yaşına qədər olan uşaqların bədən müqaviməti tam formalaşmadığı üçün onlarda tez-tez təkrar xəstələnmə halları baş verir. Əslində, beş yaşınadək uşaqlarına il ərzində 6-8 dəfəyə yaxın respirator xəstələnməsi normal hal deyil. Bəzən valideynlər bunu səhv dəyərləndirərək, xəstəliyi qriplə səhv salırlar. Amma bu, qrip deyil. Ona görə də valideynlər diqqətli olmalıdırlar. Həkimə müraciət edilsə və düzgün profilaktik tədbirlər aparılsa, xəstələnmə hallarının qarşısı xeyli alınar. Hələ payızın ilk aylarından qrip peyvəndi vurulmalıdır. Peyvənd edilən uşaqlarda xəstələnmə halları da az olur. Təəssüf ki, valideynlər bu peyvəndi bir çox hallarda etdirmirlər. Maariflənmə işləri aparılmalıdır. Uşaqların kütləvi şəkildə bu virusa yoluxmasının səbəbi də məhz məlumatsızlıqdan yayılır”.

Tibb üzrə ekspert Adil Qeybulla bildirdi ki, kollektivdə olan insanlar bu viruslara daha tez yoluxur: “Əslində, Azərbaycanın iqlim şəraiti elədir ki, qış aylarında hava bir o qədər də sərt keçmir və bir çox hallarda qar yağmır. Havaların bu cür dəyişkən keçməsi isə virusların fəallaşmasına səbəb olur. Təbii olaraq əhali arasında soyuqdəymə xəstəlikləri də geniş yayılıb. Müşahidə aparsaq, görərik ki, hər üç adamdan biri bu xəstəlikdən əziyyət çəkir. İnsanlar özləri kollektiv daxilində bir-birlərini bu xəstəliyə yoluxdururlar. Əslində bu, qrip deyil. Yuxarı tənəffüs yollarında mikroorqanizmlərin fəallaşması nəticəsində əlavə xəstəliklər yaranır”.

Ekspert bildirdi ki, burada söhbət təkcə qarın yağmasından getmir: “Amma qışın qış havası olmalıdır. Temperaturun bir müddət mənfi olması çox mühüm şərtdir. Son dövrlərdə qlobal istiləşmənin artması öz təsirini göstərir. Havaların belə keçməsi  bütün planetə təsir göstərir. İqlim dəyişikliyi başqa xəstəliklərin də yaranmasına gətirib çıxarır. Bəzən insanlar geyimlərinə fikir vermir, düzgün geyim seçə bilmirlər. Bu da soyuqdəymənin artmasına səbəb olur. Bir daha qeyd edim ki, qrip karantin infeksiyasıdır və bu baş verdikdə, ÜST bu haqda məlumat verir”.

 

Şəbnəm Mehdizadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir