Tariyel Faziloglu

“Hazırda Azərbaycanda ailə modeli xaotik ailə modelidir” – PSİXOLOQLA MÜSAHİBƏ

Baxış sayı: 926

“Gencaile.az” saytı psixoloq Tariyel Faziloğlunun müsahibəsini təqdim edir.

 

– Taryel müəllim, ailə psixoloqusunuz. Ailə psixoloqu Azərbaycanda ailələrin qorunub-saxlanmasında mühüm rol oynaya bilirmi?

– Ailə psixoloqu sahə olaraq Azərbaycanda yenidir. İnsanlar ailə ilə bağlı streotipləri hələ aşa bilməyiblər. Hələ də düşünürlər ki, ailəyə kənardan bir müdaxilə olmamalıdır. Amma ailə psixoloqunun dünyada 100 ildən çox yaşı var. Rəsmi olaraq, ailə psixologiyası 50-ci illərdən başlayıb. Bu dönəmdən sonra Amerikada, Avropada, inkişaf etmiş ölkələrdə çox ciddi spektr alıb. Azərbaycanda ailə psixologiyası bir neçə ildir ki, formalaşmağa başlayıb. Buna görə də insanlar individual olaraq psixoloqlara müraciət edirlər. Azərbaycanda ilk dəfə ailə psixoterapiyası üzrə təhsil alan və ixtisaslaşan 2 nəfər olub – Elnarə Baxışlı və mən.

Biz Azərbaycanda ailə psixologiyasının, ailə terapiyasının əsasını qoymağa çalışmışıq. İndi isə çalışırıq ki, bu sahəni inkişaf etdirək və insanlara bu haqda insanlara məlumat verək.

2014-2015-ci ildən bu yana mən Azərbaycanda haradasa 100-dən çox ailə ilə işləmişəm. Onların hamısında problemlər çözülüb. Yalnız bir ailədə boşanma olub.

 

– Ailə institutlarını dağıdan səbəblərdən danışarkən daha çox üzdə görünən problemlər qabardılır. Bəs dərinliyinə getsək, başqa hansı səbəblər tapa bilərik?

– Azərbaycanda insanlar ailə institutlarını dağıdan əsas səbəblər haqqında məlumatsızdırlar. Ailəni dağıdan səbəb nə imkansızlıq, nə iqtisadi məsələ, nə də aradakı münaqişədir. Ailə dağıdan səbəblər fərqlidir. Lakin insanlar bu haqda məlumatsız olduqlarına görə, həmin səbəblərin onlarda yaratdığı aqressiyanı başqa bəhanələrə yönəldirlər.

 

– Məsələn, üzdə görünən bəhanəyə hansı problem təkan verir?

– Ailədə ilk olaraq problem yaradan məsələ seksual doyumluluqla bağlıdır. Cütlüklər evlənirlər, evlilik müddətində hər iki tərəfin bir-birinə seksual cəzbetməsi olur. Evləndikdən bir müddət sonra bu ehtiyac ödənilir və doyumluluğa çatır. Doyumluluğa çatdıqdan sonra insanlar bir-biri üçün adiləşir. Adiləşdiyi dönəmdə isə problemlər artır. Lakin tərəflər bir-birinə münasibətdə əvvəlki istəyi, ehtiyacı niyə duymadığını dərk etmir.

Bir tərəf uzaqlaşdığı zaman ikinci tərəf də artıq səbəbini bilmir. Bunu başlayırlar başqa yerlərə yozmağa. Müxtəlif bəhanələr gətirirlər.

Bundan başqa, boşanmaların artmasının digər səbəblərindən biri də tərəflərin bir-birindən qeyri-real gözləntiləridir. Fərz edək ki, oğlanla qızın çıxdığı ailə mühiti, baxış bucağı fərqlidir. Deyək ki, oğlan atanın dominant olduğu ailədən çıxıb. Ailədə görüb ki, evin söz sahibi atadır, atanın dedikləri keçir. Qız isə ananın dominant olduğu bir ailədən çıxıb. Görüb ki, evdə ananın sözü keçir, evdə hər şeyin qərarını ana verir. Buna görə də qız da öz ailəsini də elə görmək istəyir, ailədə idarəetməni əlinə almağa çalışır. Bu zaman qeyri-real gözləntilər ortaya çıxır. Çünki hər iki tərəf qarşı tərəfin ona tabe olmasını gözləyir. Qeyri-real gözləntilər isə münaqişələrə gətirib çıxarır.

Ailələrin dağılmasının başqa bir səbəbi isə sosial fərqliliklərdir, maraqların müxtəlif olmasıdır. Fərz edək ki, xanım daha çox səyahətlə, kitabla maraqlanır, fəlsəfi düşüncəyə malik biridir. Yoldaşı isə texniki sahənin adamıdır və bütün marağı, söhbəti texnikadır. Maraq fərqi ər-arvad arasında ortaq mövzuların yaranmamasına gətirib çıxarır.

Bir müddətdən sonra isə onlar arasında sosial ünsiyyət zəifləyir və yavaş-yavaş ortadan qalxır. Bununla da hər ikisinin öz mühiti formalaşır, yavaş-yavaş bir-birindən qopmağa başlayırlar. Onların əsas söhbəti ailə məsələsi və uşaq üzərində olur. Bu isə ailənin tam sosiallaşmasına imkan vermir. Ərlə-arvadın bir-birinə diqqəti azalır və tərəflərdən biri ya da hər ikisi diqqəti kənarda axtarmağa başlayır. Bununla da ailəyə xəyanət edilir.

 

– Dediniz 100-dən çox ailə ilə işləmisiniz. Hər halda bununla Azərbaycanda ailə institutunun mikro modelini özlüyünüzdə qura bilmisiniz. Azərbaycanda hazırda ailə modeli hansı formatdadır?

– Hazırda Azərbaycanda ailə modeli xaotik ailə modelidir. Çünki Azərbaycanda tarixən klassik ailə modeli olub. Burada ana, ata, nənə, baba, xala, dayı ümumi bir ailə institutu sayılıblar.

Müasir cəmiyyətdə isə insanlar Avropa modelinə üstünlük verirlər. Ər, arvad və varsa uşaqdan ibarət kiçik ailə modeli. Məsələ budur ki, genetik fonddakı klassik ailə modeli Avropa ailə modelinə keçməyə imkan vermir.

Avropa ailə modelində bütün problemlər, münaqişələr o ailənin içində qalır. Problemi mütəxəssislə həll etməyə çalışırlar. Azərbaycanda ailələr tək yaşasalar belə, hər iki tərəfin bütün qohumları həmin ailə haqda məlumatlıdırlar və müdaxilə kanallarının hamısı açıqdır. Buna görə də bizdə xaotik ailə modeli formalaşıb.

 

– Avropa ailə modelini daha yaxşı hesab edirsiniz?

– Xeyr. 5 ailə modeli var. Birincisi klassik ailə modelidir. Burada iyerarxiya var. İkincisi Avropa ailə modelidir. Üçüncüsü isə yarımçıq ailə modelidir. Yəni, atanın və ya ananın olmaması şəklində olan ailə modeli.

Dördüncüsü, vətəndaş nikahında yaşamaqdır. Beşinci ailə modeli isə tək nəfərlik ailə modelidir. Yəni, iti ilə, pişiyi ilə yaşayır. Bu da ailə modeli olaraq qəbul edilir.

Bizdə klassik ailə modeli həmişə hakim olub. Genetik fondumuzda hər şey klassik ailə modeli üzərində qurulub. Biz evləndikdən sonra atamız, anamız, bacımız xəbər etmədən evimizə gələ bilər, bu, normal qarşılanır. Avropa ailə modelində isə hətta sənin atan belə evinə qonaq gəlmədən öncə, xəbər edir.

Bizdə gənc nəsil Avropa ailə modelinə can atır. Amma şüuraltındakı klassik ailə modelidir. Klassik ailə modelindən qopa bilmədən Avropa ailə modelinə keçid mümkün deyil. Liberal ailə mühitinə keçid üçün 3-5 nəsil dəyişməlidir.

 

– Sizə elə gəlmirmi ki, bizdə cəmiyyət olaraq da xaotiklik mövcuddur?

– Azərbaycan cəmiyyəti kütləvi psixozdan əziyyət çəkir. Küçəyə çıxın, insanların üzünə baxın. İnsanların üzündə gərginlik, kədər, qəmginlik və düşüncəli mimikalar var. Həqiqətən də üzündən xoşbəxtlik yağan insanları nadirən görmək olar. Problem ondadır ki, Azərbaycan cəmiyyətinin gənci də, qocası da, orta yaşlısı da eyni dərəcədə gərgindir. Son 5 ildə Azərbaycanda cinayətlərin, ailə münaqişələrinin tendensiyası artan istiqamətdə gedir. Bunun hamısının qarşısı ciddi şəkildə alınmalıdır. Ona görə də kompleks tədbirlər həyata keçirilməlidir. Azərbaycan cəmiyyəti xaotik deyil, bizdə sadəcə güvənsiz bir toplum var. Güvənsizlik kütləvi psixoz yaradır. Təəssüflə demək lazımdır ki, Azərbaycan cəmiyyəti nə özünə, nə də başqalarına inanır.

Bu da kütləvi psixoza gətirib çıxarır və insanlar bir-birinə qarşı daha radikal olurlar.

Psixoloq Taryel Faziloğlu - Beynəlxalq Təlim və Layihə Mərkəzi ...

– İnamsızlıq sindromunun dərin psixoloji qatlarında hansı amillər dayanır?

– Azərbaycan insanında aşağılıq kompleksi var. Qəbul etsək də, etməsək də bu, belədir. Biz özümüzə, dövlətimizə, millətimizə, kimliyimizə qarşı natamamlıq kompleksi yaşayırıq. Bu da beynimizə bir düşüncəni hakim edib – hər kəs bizdən yaxşıdır. Əslində isə belə deyil. Bunun da dərin kökləri var.

Biz 200 yüz il ərzində Rusiyanın əsarətində olmuşuq. Bu müddətdə rus ideoloji maşını Azərbaycan insanının şüuraltına “sən pissən”, “sən heç bir işə yaramırsan”, “sənə heç bir şey etibar etmək olmaz” düşüncəsini yeridib. Çar Rusiyası dövründə Azərbaycan insanı əsgərliyə aparılmırdı. Çünki o, etibarsız təbəqə olaraq qəbul edilirdi.

Bunu hər şəkildə bizə bildirirdilər. Üstəgəl, bizim insanlar dövlət idarəçiliyinə buraxılmırdılar. Nəticə isə bu oldu ki, Azərbaycan insanında aşağılıq kompleksi yarandı. Biz daha sonra 70 il Sovet İttifaqının tərkibində olduq. Bu müddətdə də əvvəlki strategiya tətbiq edildi.

1990-cı illərin əvvəllərinə qədər Azərbaycanda iki təbəqə var idi. Birincisi, Azərbaycanı sevməyən, azərbaycanlılara yuxarıdan aşağı baxan rusdilli təbəqə, ikincisi isə aşağılıq kompleksində olan azərbaycandilli təbəqə.

Bizdə o zamanlar rus dilində təhsil prestij sayılırdı. Niyə? Çünki özündə olmayan hər şey prestij hesab olunur.

 

– Digər tərəfdən də çox eqolu cəmiyyətik. Namus, qeyrət, şərəf məsələsində elə düşünürük ki, heç kim bizim kimi deyil. Bəs aşağılıq kompleksindən əziyyət çəkən cəmiyyət belə niyə düşünür?

– Narsizm (özünəvurğunluq) var. Bunun iki forması var –  narsizm və neqativ narsizm.

Narsizm həqiqətən də özünə vurğun olan insanın digərlərini aşağı görməsidir. Neqativ narsizm isə özünü sevməyən insanın maskalanmasıdır. Özünü sevməyən insan maskalanaraq hər kəsə özünü sevirmiş kimi təqdim etməyə çalışır. Narsizmdə insanlar bivec olurlar, onları yalnız öz həyatları maraqlandırır.

Neqativ narsizmdə isə hər an özünü təsdiq etmək ehtiyac var. Namus, qeyrət, asmaq, kəsmək – bunların hamısı aşağılıq kompleksinin basdırılması nəticəsində yaranan duyğulardır. Biz eqolu deyilik. Azərbaycan insanı çox da davaya meylli adam deyil. Biz yaradıcılığa meylliyik. Amma aşağılıq kompleksi bizim yaradıcı duyğularımızı deyil, özünütəsdiq duyğularını qabardır. Buna görə də aqressiya yaranır.

Azərbaycanda nə qədər böyük uğura imza atan biri olsun, onu ortaya çıxarsan, həmin adamı tərifləyənlər aşağılamaq istəyənlərin içərisində azlıqda qalacaq. Əksəriyyət “kimsə ona daydaylıq edir”, “adamı var” deyəcək. Aşağılıq kompleksi bizi bu cür düşünməyə vadar edir.

 

– Taryel müəllim, digər bir məsələ keçmişimizə çox bağlılıqdır. Bilmirəm, nə dərəcədə doğrudur ya yox. Danışanda çoxları nənələrimizə, babalarımıza, bizdən əvvəlki nəsillərə istinad edirlər. Guya onlardan təmizi olmayıb, onlar hamısı pak olublar. Bu düşüncədən niyə azad ola bilmirik?

– Çar Rusiyasına qədərki dönəmdə insanların milli sevgisi, toparlanması kimi duyğusal kökləri var idi. Çar Rusiyasından sonra isə aşağılıq kompleksi yüklənməyə başlanıldı. Bizim beynimizdə, şüuraltımızda hələ də o iki dönəmin savaşı gedir. Çünki bir dönəmdə yetəri qədər uğurlara imza atmışıq və bu, bizim keçmişimizdir. Ortada isə 200 illik bir kəsinti var. Bu kəsintidə aşağılanmışıq. Ortadakı kəsimi həzm etmək üçün “biz onda yaxşı idik” deməyə ehtiyac duymuşuq. Nəticə etibarı ilə keçmişə istinad etməyə meylliyik. Ona görə ki, yeni uğurlarımız yoxdur. Yeni naliyyətlərimiz olsa, biz onlara istinad edəcəyik. Baxın, 2016-cı ilin aprelin əvvəllərindən bu yana ən çox istinad edilən nöqtələrimizdən biri aprel döyüşləridir. Çünki bu, yeni uğurumuzdur. Uğurlarımızın, naliyyətlərimizin sayı artdıqca, problemlər də çözüləcək. Daha çox müasir şeylərə köklənəcəyik.

 

– Keçmişə bağlılıq bəzi dini kəsimlərdə özünü göstərir. Onlar hətta 1400 il bundan qabakı həyat, düşüncə tərzini nümunə kimi götürürlər. Din də insanlara siz dediyiniz aşağılıq kompleksini aşılayır?

– Məhəmməd peyğəmbərin bir sözü var. Deyib ki, insan bilmədiyinə düşməndir. Çox gözəl ifadədir. Azərbaycanın radikal dindarları din haqda məlumatsız olduqlarına görə 1400 il əvvəldən yapışıblar. İslam daim inkişafı dəstəkləyən bir din olub. O sənə heç zaman pis şey aşılamayıb.

7-ci əsrdən 13-cü əsrə qədər bütün dünya elminin ən böyük ixtiraları islam dünyasının payına düşüb. Həmin alimlərin də çoxu milliyyətcə türk olub. 13-cü əsrdə Qəzali ortaya bir iddia atır ki, bütün elmlər Qurani-Kərimdə var və müsəlmanların Qurandan başqa elmlərə ehtiyacları yoxdur. Bu iddiaya inanan insanlar qısa zaman ərzində çoxalmağa başlayır. O dönəmdə ən böyük kitabxanalardan biri yandırılır. Bundan sonra islam tənəzzülə getməyə başlayır.

Sonra xristian dünyasında intibah dönəmi başladı. Qırılma nöqtəsinə qədər olan islam dünyasına baxdıqda görürük ki, hər kəs hər şeyi araşdırıb. Əl-Biruni Yerin diametrinə qədər hesablayıb.

İslamdakı yeni rifah dönəmi 19-cu əsrdə başlayır. Ancaq 19-cu əsrdə islamda yenidən elmə qayıdış dönəmi fiaskoya uğrayır. Səbəb isə o idi ki, artıq xristian dünyası ayılmışdı və lokomotivi ələ almışdılar. Nəticə etibarı ilə biz də onların arxasınca getməyə başladıq. Hələ də biz o lokomotivə çata bilmirik.

Bu gün bizə təriqətlər vasitəsi ilə təbliğ olunan dinin kökündə aşağılıq kompleksi dayanır. Fikir verin, təriqətlər başqalarını pisləyir. Bir yerdə nifrət varsa, həmin nifrət birinci sənə qaynaqlanır, özünə köklənir. Nəticədə də problem həll olunmur, sən inkişaf etmirsən.

Bəziləri deyirlər ki, guya din insanı məhvə aparır. İslam və ya digər dini ilahi deyil, sosial münasibətlər sferasında araşdırsanız görərsiniz ki, onun altında çox ciddi psixoloji aspektlər yatır.

Dində ailə münasibətlərindən söz açılarkən hər iki tərəfin bir-birini dinləməsi prinsipi vurğulanır. Bütün dinlər deyir ki, ailənizlə danışın. Bütün problemlər danışmayanda yaranır. Ər-arvadın münaqişələri də oturub danışmayanda dərinləşir. Bəziləri düşünür ki, guya danışmamaqla münaqişəni böyütməyin qarşısını alır. Amma danışmamaqla qarşı tərəfdə neqativ duyğuları artırdığını düşünmür.

 

– Bəzi dindar ailələrdə azyaşlı uşaqlara basqılar edilir, başları bağlanır. Ailədəki bu cür basqılar cəmiyyət olaraq bizi hara aparır?

– Dindar ailə başqa, xurafata itaət edən ailə başqadır. Həqiqi dindar ailə övladına siz dediyiniz təzyiqi etmir. Çünki bilir ki, islamda təzyiq yoxdur. 3-5 yaşında övladının başını bağlamağa məcbur edən ailə isə din haqda məlumatsızdır. Onlar dinin o tərəflərini görmürlər. Onlarda sadəcə qulaqdan dolma bilgilər hakimdir. Belə bilgilərdə xurafat ağırlıq təşkil edir.

Bu gün xurafata meylli, radikal bir kəsim var. Amma bunlar Azərbaycanda heç zaman üstünlük təşkil etməyəcək. Azərbaycan insanının genefondunda bir azadlıq duyğusu mövcuddur.

Azərbaycanda neçə ildir ki, vəhhabiliyin təbliğatı gedir. Bir ara onların sayı artdı, amma indi azalıb. Çünki Azərbaycan insanları belə radikal şeylərə getmədi.

Azərbaycan cəmiyyəti kütləvi psixozdan əziyyət çəkir” - Psixoloq ...

– Sizin digər bir ixtisasınız psixoloji savaşdır. Ayrı-ayrı və eyni cəmiyyət daxilində psixoloji savaşlar necə aparılır?

– Bütün savaşlar psixoloji savaşın silahıdır. Bura lokal, ideoloji, iqtisadi, informasiya savaşları daxildir. Bunlar hamısı psixoloji savaşın silahlarıdır. Psixoli savaş deyərkən propaqanda deyilən təsiretmə güclərindən danışılır.

Ağ propaqanda doğru informasiyanın deformasiyaya uğradılaraq fərqli formada çatdırılmasıdır.

Boz proqaqanda isə budur ki, informasiyanın doğruluğu və ya yanlışlığı təsdiqlənə bilməyəcək formadadır. Mənbə bəlli deyil.

Qara propaqanda isə şəxslərə yönəlir. Ölkənin kilid adamları hədəf seçilir. Bunlar ölkənin siyasi, ictimai və inanc liderləri ola bilər. Bu adamları ləkələməklə insanların inanclarını qıra bilərsiniz.

Bill Klinton Amerikanın prezidenti olarkən ölkənin bəlli güclərinin dediklərini etmirdi. O zaman seks skandalı ilə Klintonu dizə gətirdilər. Müasir tarixdə ən çox misal çəkilən təzyiq üsullarından biridir.

Qəddafini qara propaqanda ilə xalqın düşməninə çevirdilər və xalq özü onu parçaladı.

 

– Yaxın tarixdə Azərbaycana qarşı aparılan psixoloji savaşı nümunələrlə izah edə bilərsinizmi?

– 1992-1993-cü ildə Ermənistanın Azərbaycana qarşı çox ciddi psixoloji savaşı oldu. Xocalı faciəsinin o dərəcədə qəddarlıqla edilməsi o ərazilərdə yaşayan insanlarda xof yaratdı. Orduya, dövlətə qarşı inamsızlıq formalaşdı. Kişilər ailələrini çıxarıb daha təhlükəsiz ərazilərə köçürdülər. Məntiqləri bu idi ki, onları köçürüb özləri döyüşsünlər. Amma siz onları çıxardığınız zaman döyüşmək üçün səbəbiniz qalmır. Ermənilər bəzi kəndlərin, rayonların çox az güllə ataraq boşalmasına nail oldular. Bütün bunlar psixoloji savaşın elementləridir.

Silahlı propaqanda deyilən bir şey var. Balaca Zəhranın nənəsi ilə birlikdə öldürülməsi Cocuq Mərcanlıya əhalinin köçürülməsi ərəfəsində oldu. Uşağı və nənəsini bilərəkdən vurdular. O adamların ölümü ilə insanların beynində xof yaratdılar ki, sən burada təhlükəsizlikdə deyilsən.

Ermənistanın baş nazirinin böyük bir toplantını Xankəndidə keçirməsi propaqandadır. Ermənistan istəyir ki, bununla Azərbaycan insanı öz dövlətinin gücünə şübhə ilə yanaşsın.

Sizə qara propaqanda ilə bağlı da misal deyim. 1990-cı illərin sonları, 2000-ci illərin əvvəllərində “mentalitet köhnəlikdir” düşüncəsi ilə Azərbaycanın bütün mental dəyərlərinə hücum başlandı. Bu hücumlar Azərbaycanda ağsaqqallıq institutunu, ailə institutunu əməlli başlı aşındırdı. 1990-cı illərin sonlarına qədər Azərbaycanda boşanma 2 faizi keçmirdisə, bu gün boşanma faizi 30-un üzərindədir. Bu, balaca məsələ deyil.

 

– Konspirologiya nəzəriyyələrinə görə, bu tip strategiyalar beyin mərkəzləri, analitik şirkətlər, kəşfiyyat orqanları tərəfindən hazırlanıb tətbiq olunur.

– Ən yaxşısı hər şeyi misallarla izah etməkdir. 1994-cü ildə Azərbaycanda “İnterpark” qəzeti ilə sarı mətbuatın əsası qoyuldu. Orada əsasən insest münasibətlər və evli adamların seks münasibətləri haqda hekayələr yazılırdı. Sonra bu mətbuat orqanı ləğv edildi. Ardınca Azərbaycanda bar və diskotekaların geniş təbliğinə start verildi. Lakin 12-yə qədər limitlədikdən sonra məsələ bağlandı.

Daha sonra Azərbaycanda üçüncü bir mərhələ start götürdü. Bu, konkret olaraq Azərbaycanda xaosu dəstəkləyən hərəkat və təşkilatlarla başladı. Bu təşkilatlar Azərbaycanda münasibətləri zədələyən addımlar atırdılar, təbliğatları buna yönəlmişdi.

“Okey”, “Dalğa” hərəkatları ciddi, böyük maliyyələrlə yaranmışdı. Belə təşkilatlar Azərbaycana böyük zərbələr vurduğuna görə, bir müddətdən sonra hökumət xarci donorları ölkədə əngəlləməyə məcbur oldu.

Ümumiyyətlə, QHT sektoru psixoloji savaşın ən böyük silahı olub. QHT dönəmi Reyqanın hakimiyyəti zamanında başlayıb. Ronald Reyqan QHT sektorunun kəşfiyyat-agentura sektorundan daha ucuz olduğunu bildirirdi.

Əvvəllər, məsələn, Azərbaycan haqqında bir məlumatı almaq üçün agentura şəbəkəsi hazırlanmalı idi, bu da böyük maliyyə tələb edirdi. Əgər o adamlar ələ keçərdisə, bütün qoyulan xərclər batardı və dövlətlər arasında münasibətlərdə gərginlik yaranırdı.

İndi isə fərqli metodologiya seçilib. Öz adamlarından tanınmış biri vasitəsilə QHT yaradırlar. QHT lazım olan bilgiləri hesabat şəklində təqdim edir. Bu da daha ucuz başa gəlir.

 

– Bayaq bu sualın cavabını ala bilmədim. Bir cəmiyyətin içərisində psixoloji savaş hansı formada gedir?

– Bir cəmiyyətin ən zəif və kompleksli tərəfindən yapışıb, onu inkişaf etdirmək olur. 1990-cı illərin sonundan 2001-ci ilə qədər Azərbaycanda orta məktəblərdə rus bölmələri dalbadal bağlanırdı. Çünki ora heç kim getmirdi. Səhv etmirəmsə, 2003 ya da 2004-cü ildə Azərbaycanda “Rusiya mədəniyyəti ili” oldu. Rusca kitabxanalar, mədəniyyət mərkəzləri quruldu. Rus dilini bir il boyunca Azərbaycanda təbliğ etməyə başladılar.  Yenidən Azərbaycan xalqı rus sektorlarına meylləndi. Bu gün orta məktəblərdə rus sektoru üzərində açıq savaş gedir. Bu gün rus sektoru yenə trend halına gəlib.

İnsanların komplekslərindən istifadə edərək cəmiyyəti qarşı-qarşıya qoymaq budur. Ərəblərdə, İranda din vasitəsi ilə cəmiyyəti qarşı-qarşıya qoyurlar. Bizdə isə cəmiyyəti din vasitəsi ilə bölə bilmirlər. Buna görə də, toplumu mədəniyyət, kültür vasistəsilə bölürlər. Rusdillilər azərbaycandillilərə yuxarıdan aşağı baxır, azərbaycandillilər isə özünü müdafiə etmək məcburiyyətində qalır. Bu qarşıdurma ciddi şəkildə problemlər yaradır.

 

– Psixoloji savaşda televiziyalar, efirlər və onların təqdim etdikləri ekspertlərin rolu nə qədərdir?

– Acınacaqlı qədər çoxdur. Bir psixoloq 4 il bakalavr, 2 il magistratura oxuyur. İxtisas aldıqdan sonra Avropada 3-4 il assistentlik proqramı dərsi alır. Ondan sonra bu adamlar hansısa mütəxəssisin yanında 1,5-2 il müddətində superviziya alırlar. Bu mərhələləri keçdikdən sonra insanlarla psixoloq kimi işləməyə imkan verilir. Söhbət aşağı-yuxarı 11, 12 illik təhsildən gedir. Bir psixoloq bir həkimdən heç də az oxumur. Hətta ondan daha geniş spektrli təhsil alır. Mən 2003-də psixologiya üzrə təhsil almağa başlamışam, ən son magistr imtahanımı isə 2018-ci ilin yanvarında vermişəm. Hələ də oxuyuram. Bundan sonra da oxumalı olduğum çox şey var.

Bəziləri isə elə düşünür ki, psixoloq oturdu, söhbət etdi, vəssalam, bununla da işini bitirir. Avropada psixoloqların ləqəbi “silahsız qatillər”dir. Avropada bir psixoloqların insanı necə məhv və ya necə xilas edə biləcəyini dərk etdikləri üçün onlara verilən isim odur.

Azərbaycandan bir misal çəkəcəm. Bütün günü efirlərdən düşməyən bir psixoloqun şəxsən dilindən eşitdiyim bir şeyi danışacam.

Bir məclisdə idik. O belə dedi: “7-8 konsultasiyadan çıxmışdım, yorğun idim. Dedilər pasiyent gəlib, dedim qoyun gəlsin. 24 yaşlı bir gənc gəldi, mənə depressiyadan əziyyət çəkdiyini dedi. Mən də zarafat etmək istədim. Dedim ki, daha belə niyə yaşayırsan, get özünü öldür də. 2 gün sonra həmin gəncin intihar xəbərini oxudum”.

Baxın, bu da psixoloq. Təsəvvür edin, Azərbaycanda məşhur psixoloqlardan biri bir gənci məhv edib, onu intihara sürükləyib. Halbuki, gənc depressiv vəziyyətdə o psixoloqun yanına gedib.

Bizim dediyimiz hər söz insanlara mütləq təsir göstərir. Psixologiya sənət deyil, həyat tərzidir.

Rəhmətlik Dəyanət Rzayev intihar edəndə, həmin ay mətbuata 57 intihar xəbəri düşdü. Heç birindən danışılmadı, amma Dəyanət Rzayevin intihar etməsi 3 il keçməsinə baxmayaraq hələ də müzakirə olunur. Dəyanət Rzayevin intiharından sonra 3-4 ay ərzində intiharların sayı dəhşətli dərəcədə artdı. Bundan sonra dövlət müdaxilə etdi, intiharlara qarşı təbliğat aparıldı. Yəni psixoloq bu qədər təsiredici gücə malikdir. İndi isə bizdə çoxu özünə “psixoloq” deyir. Halbuki, bunun məsuliyyətini anlamırlar.

İntihar videolarını yaymaq cinayətdir”

– Xəstəliklərin yaranmasına psixoloji amillər necə təsir edir?

– 2006-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı belə bir açıqlama yaydı ki, genetik xəstəliklər istisna olmaqla, bütün xəstəliklərin yaranma səbəbi psixoloji faktorlardır. Genetik xəstəliklərin də tətiklənməsi psixoloji səbəblərə bağlıdır. Bundan sonra Amerika, Avropa Birliyinə daxil olan ölkələr 11 yaşına çatan qızları və 12 yaşına çatan oğlanları şəxsi psixoloq xidmətinə təhkim edirlər. Hər kəs ayda 2 dəfə psixoloji xidmət alır. Bununla da ciddi şəkildə həyatlarında yanlış etmələrinin qarşısı alınır.

2016-cı ildə Fransa 10 illik nəticəni açıqladı. 10 il ərzində Fransada boşanmalar 40 faizə yaxın azaldı. Xoşbəxtlik indeksi 26 faiz artdı. İqtisadiyyat 11 faiz inkşaf etdi. Bunlar böyük rəqəmlərdir.

 

– Bəzən mətbuatda azad sekslə bağlı yazılar gedir. Hazırda ölkə mətbuatında, televiziyalarında aparılan təbliğatlar normaldırmı? Hansı ifadə və yanaşmalara qarşı cəmiyyət olaraq immunitet qazanmamışıq?

– Stanford Universitetinə bağlı “Stanford” araşdırmalar mərkəzinin rəhbəri, psixoloq Kurt Levin var. Onun 700 səhifəlik bir kitabı çıxıb. Adı belədir: “İnkişaf etməkdə olan və üçüncü dünya ölkələrinin idarə olunmasının 5 metodikası”. Bu 5 metodika nədir?

Azad seksin təbliği, narkotik təbliği, gender bərabərliyinin təbliği, cinayət xəbərlərinin praym-taym zamanlarda verilməsi və fahişəliyin leqallaşdırılması. Bu 5 metodikanın hamısını Azərbaycanda görə bilərsiniz. Azad seksin təbliğini görürsünüz, siz özünüz də misal çəkdiniz.

Narkotikin təbliği də hər yerdə var. Gender məsələləri Azərbaycanın ən trend mövzularından biridir. Kriminal xəbərlərin  “daha çox oxunur, daha çox baxılır” deyə verilməsi… Bəzi insanlar da fahişəliyin leqallaşdırılması ilə bağlı danışır.

Bunların hamısı cəmiyyətin dəyərsizləşdirilərək, idarə olunması üçün metoddur. Eyni şeylər İranda təbliğ olundu, İslam İnqilabı baş verdi. Eyni şeylər Türkiyədə təbliğ olundu, Kənan Evrən hərbi çevriliş etdi. Eyni şey Əfqanıstanda təbliğ olundu, nəticəsini də görürsünüz.

İstəsək də, istəməsək də belə şeylər bizə də təbliğ olunur. Bu təbliğat isə sonda radikal dönüşə gətirib çıxaracaq. Və bu radikal dönüş cəmiyyəti lazım olmayan yerə sürükləyəcək.

Azərbaycanda köşə yazısı yazan, ümumiyyətlə jurnalistikaya gələn insanlara mental və  etnopsixologiya ilə bağlı maksimum şəkildə dərs keçilməlidir. Jurnalistlər bu haqda məlumatlı olmalıdırlar. Məlumatsızlıq və bilməyərəkdən tirajlamaq onları Azərbaycana qarşı olan düşüncə sahiblərinin silahsız əsgərinə çevirir.

Düşünmüsünüzmü, niyə Azərbaycan jurnalistlərini yığırlar, xaricə aparırlar, onlara gendərlə bağlı treninqlər, dərslər keçirlər? Bu boyda pullar nəyə görə xərclənir? Cəmiyyətin saflaşdırılması üçün, yoxsa dəyərsizləşdirilməsi üçün? Buna deyirlər beyin yuma. Öz inanclarını, həqiqətlərini bizim insanlara həzm etdirmək əsas məqsəddir. Nəticədə bu da cəmiyyətə xitab edir. Cəmiyyət də onlardan aldığı informasiyalara istinad edir.

 

– Homoseksuallıq Ümumdünya Səhiyyə Təşkilatının xəstəliklər siyahısında yoxdur. Psixoloq kimi sizin fikrinizi almaq istəyirəm. Homoseksuallıq xəstəlikdir,  yoxsa sonradan qazanılan bir vərdişdir?

– Homoseksuallığın orqanik və psixoloji formaları var. Orqanik odur ki, uşaq qadın-kişi olaraq doğulur. Bir də var psixoloji amillər. Oğlanların psixoloji formada özgüvənsizliyindən, qızların da aldığı travmalardan doğan amillər. Translıq başqadır, mavilik və lezbiyanlıq başqa. Mavilik və lezbiyanlıq psixoloji pozuntudur. Peşəkar psixoloq çalışdığı zaman bunu ortadan qaldırmaq mümkündür. Bu günə qədər 10-larla belə xəstəm olub. 4-nü geri qaytara bilməmişik. Bu proses bir iki seansla bitmir. Bu, 9 ay, bəzən də 1 il çəkən bir intensiv müalicədir. Mənim yanıma gələnlər içərisində ailəlilər də, gənclər də, yeniyetmələr də olub. Belə pasiyentlərim 13 yaşından 39 yaş qrupuna qədər olan insanları əhatə edib. Effektiv olmayanların isə səbəbəri özləri ilə bağlıdır. Çünki seansları yarımçıq saxlayıblar.

Digərlərində isə tam şəkildə effekti almışıq. Bu gün də onların əksəriyyəti nəzarətdədir. Ciddi problemlər yaşamırlar.

Orqaniklərdə isə nəsə etmək mümkün deyil. Çünki bu, hormonal qarışıqlıqdır. Deyək ki, kişi bədənidir, amma cinsi orqanı qadınınkıdır. Və ya qadın bədənidir, orqanı kişi orqanıdır. Dünya praktikasında belə bir şey var ki, belə insanlar 18 yaşından sonra seçim edirlər. Ya qadın, ya da kişi kimi həyatlarını davam etdirmək üçün. Ona görə də onlarda hormon dəyişiklikləri müalicəsi başlanır.

 

– Homoseksuallar da insandır, bu mənada müasir hüquq onlarla digərlər arasında fərq qoymur. Hüquqi cəhətdən onlara basqı, təzyiq qəbul olunmur. Amma bir şey var ki, onlara qarşı ictimai qınaq, təpki azalanda daha çox yerlərə, efirlərə rahat şəkildə  ayaq açırlar, təbliğatlarını genişləndirirlər.  Düşünmək olarmı ki, onlar haqqında ictimai qınaq və deyilən sözlər yerindədir?

– Proktoloq tanışım var. Deyir ki, 5 il bundan əvvələ qədər bizim xəstələr adətən 40 yaşın üzərində olan adamlar olurdu. Düz bağırsaq problemləri, çatları, iltihabı adətən 40 yaşından sonra olur. Deyir ki, bu gün isə hər gün 4-5 nəfər 11-12 yaş arası oğlan müraciət edir. Onlara ya təcavüz olunub, ya da könüllü münasibət yaşayıblar.

Adam televizora baxır, ən çox hörmət edilən adamların homoseksuallar olduğunu görür. Psixoloji olaraq ona bənzəməyə çalışır, onun yaşadığı həyat tərzini bəyənir. Azərbaycanda bir çox tanınmış müğənnilərin qeyri-əxlaqi yöndə təbliği televiziyalarda da nümayiş olunur. Adam qeyri-əxlaqi həyat yaşayır, amma ən çox hörmət olunan şəxslərdən biridir. Bu adamların daha çox televiziyaları zəbt etməsi qızlar arasında “mən də elə olsam, onun kimi həyat yaşayaram” düşüncəsinə gətirib çıxarır.

Desək də, deməsək də, onların bu şəkildə efirləri zəbt etməsi gəncliyə problemlər yaradır.

Sizə başqa bir problem deyim. Bu gün impotensiyanın, yəni cinsi zəifliyin yaşının 15-ə düşməsi çox ciddi problemdir. Bunun səbəblərindən biri bilirsiniz nədir? Xanımların geyim tərzləri. Yeniyetməlik hormomal inkişaf dönəmində vizual doyumluluq olmadığı müddətdə beyin özü fantaziyalar qurur və bu fantaziyalar onun hormonal aktivliyini artırır. Bununla da normal cinsi inkişaf gedir. İndi isə yeniyetmələrdə fantaziya qurmağa ehtiyac yoxdur. Küçəyə çıxırlar, qadının bütün bədən ölçülərini açıq şəkildə görür. Beləliklə vizual doyumluluğa çatır və onun hormonal aktivləşməsi inkişaf tempinə uyğun gəlmir.

Bu gün oğlanlarda cinsi məsələlərdə əsasən 3 problem var. Birincisi erkən boşalmadır. Hətta heç bir münasibətə girmədən belə boşalmalar baş verir. İkincisi, impotensiyadır. Üçüncüsü isə homoseksuallığa meyllilikdir.

Bu 3 problem yeniyetmələr arasında ciddi problemdir. Çünki vizual doyumluluq yaşayırlar, cinsi inkişaf normal getmir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir