SEVGI

Hazırda cəmiyyətimizdə gender bərabərliyi hansı səviyyədədir?

Baxış sayı: 653

Dünyanın hər yerində qadın hüquqlarının təminatı uğrunda mübarizə davam edir. Azərbaycan xalqı da tarixən özünəməxsus dəyərlərə, adət-ənənələrə bağlı olan yüksək zəkalı, nəcib və xeyirxah xanımları ilə qürur duyub, ana adını uca tutub, qadına dərin hörmət, ehtiram və məhəbbətlə yanaşıb. Dinimiz İslamda da qadına, qıza və anaya yüksək ehtiram və hörmət ifadə edilib.

Azərbaycan qadını mənəvi-əxlaqi keyfiyyətləri ilə daim seçilib, xalqın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb. Şair və mütəfəkkirlərimiz də qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etməkdən çəkinməyib. Tarixin konkret dönəmlərində Nigar, Həcər kimi qadınlar həm də mərdlik, şücaət, qəhrəmanlıq mücəssəməsi kimi qəbul edilmiş, döyüş meydanlarında kişilərin yaxın silahdaşları, arxa-dayağı olublar.

Elə Qarabağ müharibəsinin gedişində də qadınlarımız kifayət qədər böyük qəhrəmanlıqlar, mərdliklər göstəriblər. Cəmiyyətimizdə qadınlara göstərilən yüksək ehtiram mədəniyyət, elm, təhsil, səhiyyə və digər istiqamətlərdə onlara bilik və bacarıqlarını gerçəkləşdirmək üçün əlverişli zəmin yaradır.

Tarixən olduğu kimi, müasir dövrdə də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmləndirilməsində, siyasi-hüquqi, sosial-iqtisadi sahələrdə və beynəlxalq münasibətlərdə yeni uğurların əldə olunmasında kişilərlə yanaşı, qadınlarımız da yüksək təşəbbüskarlıq və fəallıq göstərirlər.

Bəs qadına bu qədər dəyər verilən cəmiyyətdə niyə boşanmaların, qadın qətllərinin, qadına şiddətin sayı günbəgün artır? Hazırda cəmiyyətimizdə  gender bərabərliyi hansı səviyyədədir?

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu: "YER ÜZÜNÜ İNDİKİ AĞIR DURUMDAN TÜRK BİRLİYİ QURTARA BİLƏR"

Sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, qadınlarla kişilər bərabərhüquqlu olmamalıdır. Onların münasibəti ahəngdarlıq üzərində qurulmalıdır: “Bizim bəlamızdan biri budur ki, anlayışı olmayanlar da ailə institutu haqqında danışır, hər kəs özünü bu sahədə mütəxəssis hesab edir. Bu doğru deyil. Günü-gündən həssaslaşan, mürəkkəbləşən cəmiyyətdə insanların anlayışı olmadığı sahədən danışması bir çox problemlərə gətirib çıxarır və cəmiyyətə fayda vermir.

Gender bərabərliyi ilə bağlı yazıları oxuyanda mənim ürəyim ağrıyır. Qadınla kişi bir-birini ahəngdar olaraq tamamlamalıdır. Elə məsələ var orda qadın öndədir, elə məsələ var ki, kişi öndədir, onlar bir-birini tamamlayır. Ahəngdarlıq olan zaman ailədə də, cəmiyyətdə də gözəl abı-hava yaranır. Bu gün Avropadan gətirilən gender bərabərliyi, qadınla kişinin bərabər olması savadsız söhbətdir. Gender bərabərliyini Azərbaycana sırıyanlar dağıdıcı iş görürlər. Qadınla kişi bir-birinə bərabər deyil.  Amma bu kiminsə üstün olması da demək deyil. Onlar qarşılıqlı şəkildə münasibətlərini qurmalıdır. Dini kitablarda da yazıblar ki, Allah Adəmi torpaqdan yaratdı və Adəm dünyaya baxıb elə vuruldu ki, Həvva onun sevgisindən yarandı. Bu cəmiyyətə bir mesajdır. O deməkdir ki, cəmiyyətdə kişinin öhdəsinə ailənin ehtiyaclarının təmin olunması, ailənin qorunması, bir institut kimi mövcudluğu, inkişaf etdirilməsi düşüb.  Qadın isə sevgidən yaranıb. Ona görə qadın evdə gözəl əhval-ruhiyyə, cəmiyyətdə sülh yaratmaqdan məsuldur və bu durumlarda üstündür.

Qadınla kişinin bərabəliyindən isə söhbət gedə bilməz.  Çünki qadınlar incə məxluqlardır. Bu haqda mühazirlərimdə də həmişə danışmışam. Adətən boylu-buxunlu kişilər incə, bəstəboy qadınları bəyənirlər. İncə qadınlar da daha boylu-buxunlu, kobud kişiləri bəyənirlər. Zövqlər fərqlidir. Nazim Hikmətin də şeirində dediyi kimi: “O mavi gözlü bir devdi, minnacık bir kadın sevdi”. Ona görə də qadın kişi münasibətlərinə gender bərabərliyi kimi deyil də, onların ahəngliyi kimi baxmaq lazımdır”.

Ə. Qəşəmoğlu son aylar boşanmaların sayının artması probleminə də toxundu: “Doğrudur, boşanmaların sayında artım var. Boşanma bir insanın davranış formasıdır. İnsanın boşanmasında 4 amil çox mühüm rol oynayır. Bu amillərdən birincisi insanın öz xisləti, daxili aləmi, daxili potensialı, psixoloji vəziyyəti ilə bağlıdır. İkinci mühüm fakt mühit, üçüncü fakt aldığı informasiyalar, 4-cü faktor da üstünlük verdiyi dəyərlərdir. Bu 4 amil insanın davranışını, o cümlədən də ailəsindən boşanması ilə bağlı fikirləri formalaşdırır. İnsanda peşəsinə vurğunluq yarananda bəzən bu da ailəsinə qarşı münasibətinə təsir edə bilər. Bəzən isə əksinə, bu istiqamətdə ailəsini təmin etdikdə ailəsinə daha çox bağlana bilər. Burada çox mühüm rol oynayan məsələ üstünlük verilən dəyərlərdir. Artıq min illərdir ki, bütün ağıllı insanlar, dini kitablar bizə deyir ki, cəmiyyətdə, sosial sistemdə mənəvi dəyərlər öndə olmalıdır. Mənəvi dəyərlər öndə olanda sosial sistemdə münasibətlər ahəngdar şəkildə sistemləşir. Mənəvi dəyərlər arxa plana keçdikdə isə gərginlik artır, xoşagəlməz vəziyyətlər yaranır, insanlar arasında münasibətlər korlanır.

Təbii ki, insanın aldığı informasiyalar da mühüm rol oynayır. Ona görə biz bu gün deyiriksə ki, boşanmaların qarşısını alaq, deyə bilmərik ki, bu ancaq işləməyə görədir. Bu, kobud müdaxilə ola bilər və xanımların cəmiyyətdə passiv rola keçməsinin çağırışı olar. Biz işi elə qurmalıyıq ki, 4 amil qarşılıqlı əlaqədə ailə dəyərlərini, ailə münasibətlərini daha da gücləndirsin. Bunun üçün də yeni ailə modellərinin qurulmasına ehtiyac var.

Ailələrin sürətlə dağılmasının digər səbəbi bu işə elmi tərəfdən yanaşanın olmamasıdır. Hamı özünü Azərbaycanda bu problemin bilicisi hesab edir. Mən ailələrin dağılmaması ilə bağlı 20 ildir konkret layihələr təklif edirəm. Mənə səlahiyyət versinlər, ailələrin dağılmasının qarşısını alım. Bəzən ailələr primitiv məsələlərə görə dağılır. Mən də istəyirəm ki, ailə institutumuz möhkəm olsun. Gənclər maarifləndirilsin. Ciddi elmi əsaslara dayanaraq ailələrin dağılmasının qarşısı alına bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir