hepatit

Hepatitdən necə qorunmaq olar?

Baxış sayı: 207

Səhiyyə Nazirliyi bu il Azərbaycanda hepatit viruslarına yoluxma ilə bağlı rəqəmləri açıqlayıb. Nazirliyin mətbuat xidmətindən “Ekspress”ə verilən məlumata görə, Azərbaycanda xəstəliyin müayinə və müalicəsi, bu xəstəlikdən qorunma istiqamətlərində çox əhəmiyyətli addımlar atılır. Bu addımlardan biri də, Hepatit virusuna yoluxmuş xəstələrin müəyyən edilməsi, qeydiyyatının aparılması, onların dərman preparatları ilə təmin edilməsi və müalicəsinin təşkili məqsədilə müvafiq Komissiyanın yaradılmasıdır.

2016-cı ilin I və II rüblərində xəstələr tərəfindən B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyaya 1388 müraciət (tibbi sənədlər) təqdim olunub və baxılıb. 30 iyun 2016-cı il tarixinədək kumulyativ olaraq 5135 (hepatit C – 3961, hepatit B – 1174) müraciət təqdim olunub. Nəticə olaraq 3533 şəxsin müalicəsi haqqında (48 həftə – 1032, 24 həftə – 2501) qərar qəbul edilib, PZR müayinəsinə göndərilmiş xəstələrin ümumi sayı 990 nəfər təşkil edib.

Hepatit B virusunun sağlam daşıyıcıları – 577 nəfər, Hepatit B və Hepatit D koinfeksiyasının – 58 nəfər, Hepatit B və Hepatit C koinfeksiyasının – 77 nəfər, Qaraciyər sirrozundan əziyyət çəkənlərin sayı – 260 nəfər təşkil edir.

Hepatoloq Nigar Abbasovanın sözlərinə görə, Hepatit B bədəndə infeksiyaya səbəb olan, HBV virusuyla bulaşan ciddi bir xəstəlikdir. Virus başda qaraciyər olmaqla bütün orqanlara təsir edir: “Hepatit B “səssiz infeksiya”dır. Və 70 faiz xəstələrdə heç bir əlamətlə özünü göstərmir. Yəni Hepatit B daşıyıcısı uzun zaman virusun orqanlara verdiyi zərərdən xəbərsiz yaşaya bilər. Virusa yoluxan xəstələrin 30 faizində hərarətin yüksəlməsi, oynaq ağrısı və baş ağrıları müşahidə edilə bilər”.

Həkim bildirir ki, Hepatit B akut və xroniki olaraq iki hissəyə ayrılır. Akut hepatit B-də virus 1-3 ay arası təsir edir və bədən öz özünü təmizləyərək bu virusdan xilas olur. Xroniki hepatit B isə 6 aydan uzun sürən infeksiyalardır.   Xroniki hepatit B-nin əlamətləri akut hepatit B əlamətlərinə nisbətən daha yüngüldür və bəzən ortaya çıxıb daha sonra itə bilir.

Yorğunluq, bədən daxilində ağrılar, baş ağrısı, hərarətin yüksəlməsi kimi əlamətlər Hepatit B-nin ən çox müşahidə edilən əlamətləridir. Bu əlamətlərlə yanaşı gözlərin içində  və dəridə saralma, qarnın sağ tərəfində ağrılar, ishal da müşahidə edilə bilər: “Hepatit B xəstələrində nəcis açıq rəngdə olur. Qan analizi verməyənə qədər heç kimsə hepatitə yoluxduğunu bilə bilməz. Buna görə də özünüzdən şübhəniz varsa, qan analizi verin”.
Həmsöhbətimizin dediyinə görə, Hepatit B qan, vagina axıntısı, sperma, tüpürcək və ana südü ilə yoluxa bilər.   Bununla yanaşı diş fırçası, ülgüc kimi fərdi aksessuarların ortaq istifadəsi də Hepatit Bi ilə yoluxmaya gətirib çıxara bilər. Hepatit B qida, su və bədən təması ilə yoluxmur.  Cinsi əlaqə Hepatit B-nin ən çox yayıldığı yoldur. Bununla yanaşı steril olmayan məkanlarda döymə vurdurmaq, pirsinq etdirmək, diş çəkdirmək də Hepatit B-yə yoluxmaya səbəb ola bilər.

Hepatit B nadir hallarda orqan nəqli ilə də yoluxa bilər.
N.Abbasova bildirir ki, Hepatit A, B, C fərqli virusların səbəb olduğu xəstəliklərdir. Amma bütün hepatit növlərinin  əlamətləri eynidir, ancaq yoluxma və qaraciyərə təsirləri bir-birindən fərqlənir. Hepatit A akut olaraq keçən bir xəstəlikdir, xroniki xəstəliyə çevrilmir və xüsusi müalicəyə ehtiyac duyulmur. Hepatit B və C isə akut olaraq başlayır və bəzi xəstələrdə xroniki xəstəliyə çevrilərək uzun müddətli qaraciyər probleminə yol açar.
Hepatit B və A üçün peyvənd olsa da, Hepatit C üçün heç bir peyvənd yoxdur və bir hepatit virusuna yoluxan digərinə də yoluxa bilər. Hepatit B daha çox 20-49 yaş arası şəxslərdə müşahidə edilə bilər. Hepatit B xəstələri spirtli içkilər qəbul etdikləri zaman qaraciyər problemləri daha da dərinləşir. Buna görə də Hepatit xəstələri qaraciyəri yoracaq içki və qidalardan uzaq olmalıdır.

Əgər virus cinsi yolla bulaşıbsa, 2 həftə, digər yollarla bulaşıbsa, 7 gün sonra HBV peyvəndi ilə xəstə qoruma altına alına bilər.
Həkim məsləhət görür ki, Hepatit B-dən qorunmaq üçün bir sıra göstərişlərə əməl etmək lazımdır: “Əllərinizi gün içində ən az 3-4 dəfə anti-bakterial sabunla yuyun. Virusla təmas etdiyinizi düşündüyünüz anda əllərinizi yuyun. Cinsi əlaqələr zamanı qorunun. Dəri səthində meydana gələn kəsikləri, yaraları yara bantı və ya tənziflə bağlayın.  Dırnaq qayçısı, ülgüc, diş fırçası, sırğa kimi fərdi aksessuarları ortaq istifadə etməyin. Diş həkiminə və ya ginekoloqa getdiyiniz zaman  alətlərin steril olduğuna əmin olun”.

Müsahibimizin bildirdiyinə görə, Hepatit C qaraciyərdə serroz və xərçəngə qədər gedə bilən ağır nəticələrə səbəb ola bilir. Hepatit C sağalan bir xəstəlikdir. Hepatit C virusu, ümumiyyətlə, qan və cinsi əlaqə yoluyla yayılır: “Hepatit C akut və ya xroniki olaraq inkişaf edə bilər. Akut Hepatit C, virus yoluxandan sonra 6 ay davam edən xəstəlikdir. Xəstələrin çoxunda (75-85 faizində) akut hepatit C infeksiyası xroniki hala çevrilir. Xroniki Hepatit C həyat boyu davam edə bilən, ciddi sağlamlıq problemlərinə  (serroz, qaraciyər xərçəngi) və hətta ölümə yol aça bilən bir xəstəlikdir. Hepatit C-nin heç bir əlaməti yoxdur və fəsadları son anda üzə çıxdığı üçün ölümcül ola bilər”.

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir