201025355f95981338271442404737_6B0A2518

Heydər Əliyevi kölgə kimi izləyən adamın atası Mircəfər Bağırovdan niyə gizlənirmiş? – MÜSAHİBƏ

Baxış sayı: 1. 864

Tanınmış televiziya və kino rejissoru, xalq artisti Vasif Babayevin bu gün 75 yaşı tamam olur. 50 ildən artıq bu sənətdə külüng vuran yubilyarı təbrik etmək üçün evinə yollandıq. Bizi gülərüz qarşılayan rejissor fotoşəkillərini qarşımıza töküb xatirərələrindən danışdı. Ulu öndər Heydər Əliyevlə çəkdirdiyi fotoları göstərəndə gözləri qürurdan parıldadı. “Mən Heydər Əliyevin, sözün əsl mənasında, kölgəsi olmuşam” – deyən sənətkarın yaddaşındakı ən dəyərli xatirələr də məhz ulu öndərlə bağlıdır. Xalq artisti fəxri adını məhz Heydər Əliyevin Fərmanı ilə alan rejissor özünə olan diqqəti Prezident İlham Əliyevdən də görüb: “Bu hörmət-izzəti onun oğlu, İlham Əliyevdən də görmüşəm. Bu evi mənə prezident İlham Əliyev verib, bunu peşəmə olan qiymət kimi dəyərləndirirəm”.

Xatırladaq ki, uzun illər Azərbaycan Televiziyasının baş rejissoru vəzifəsində çalışan Vasif Babayevin çəkdiyi filmlər ümumittifaq və beynəlxalq festivallarda iştirak edib, mükafatlara layiq görülüb. 2004-cü ildə Beynəlxalq Televiziya və Radio Akademiyasının həqiqi üzvü seçilən Vasif Babayev ölkəmizi bir çox Beynəlxalq konfranslarda və simpoziumlarda layiqincə təmsil edib.

Yubilyarın müsahibəsini təqdim edirik.

– Vasif müəllim, 75 yaşınız tamam olur, amma nədənsə, bu yaşı sizə heç yaraşdıra bilmirəm…

– Çox cavan görünürəm, heç kim mənə bu yaşı vermir. And olsun Allaha, beynim saat mexanizmi kimi işləyir, yarışsaq, cavan oğlanlardan bərk qaçaram.

– “Maşallah” deyin, yoxsa özünüzü gözə gətirərsiniz… Yubileyinizi qeyd edəcəksiniz?

– Yox, heç vaxt təmtərağı xoşlamamışam. Səhərdən telefonlarım susmur, hamı məni təbrik edir. Siz evimə gəlib, müsahibə alırsınız, bundan gözəl nə ola bilər? Xoşlamıram yığışsınlar, şənimə tost desinlər.

– Hansı yaşınızı daha çox sevmisiniz?

– 30-40 yaşım həyatımın ən gözəl illəri olub. Qaynar iş həyatım vardı, bir dəqiqə işsiz durmurdum.

– Ümumiyyətlə götürsək, ötən 75 ili necə qiymətləndirirsiniz?

– Ömrümü doya-doya yaşamışam. Mənim üçün rəqəmlərin fərqi olmayıb. İlləri güdməmişəm ki, 50 oldu, ya 75?

– Baxıram geyim-keçimdə də heç cavanlardan geridə qalmırsınız – cins şalvar, dama-dama köynək…

 Cavanlıqdan gözəl, dəblə geyinməyi xoşlamışam. O vaxtlar hamı məni “stilyaqa” kimi tanıyırdı. Rəhmətlik cazmen Vaqif Mustafazadə ilə dost idik. İkimiz də “stilyaqa”ydıq. Dəbə düşən birinci bizim əynimizdə olardı. Özü də xaricdə istehsal olunan geyimlər alardıq-butulka şalvarlar, platforma ayaqqabılar, dama-dama köynəklər… İlk mən geyinib göstərirdim. Biz “Torqovı”ya çıxanda qızlar arxamızca düşürdülər.

– Eşitdiyimə görə, uşaq vaxtı Mircəfər Bağırovla qəribə toqquşmanız olub?

– Onda 8-9 yaşım olardı, gecikdiyim üçün qaça-qaça məktəbə gedirdim. Yazmaq üçün özümüzlə məktəbə mürəkkəb aparırdıq. Filarmoniya bağının yanında qəfildən bir kişi ilə toqquşdum. Çantamdakı mürəkkəb qabı sındı və qarşımdakı kişinin üstünə dağıldı. Qorxudan ağlamağa başladım. Kişi məndən atamın-əmimin adını soruşdu. Onda da atam kolxoz bazarında müdir, əmim Əliağa isə “Azərittifaq”ın sədri vəzifəsində çalışırdı. Sən demə, bu kişi Mircəfər Bağırov imiş. Ağladığımı görüb məni mehribancasına evə yolladı. Anam biləndə ki, mən Mircəfər Bağırovun üstünə mürəkkəb dağıtmışam, tez bazara atamın dalınca adam göndərdi. Atam, əmim gəldi və bu hadisəyə görə çox həyəcan keçirdilər. Əmim yaşlanandan sonra danışırdı ki,  atamla iki ay evdə gecələməyiblər. Qorxurlarmış ki, Mircəfər Bağırov onları evdən apartdırar. İki aydan sonra, Mircəfər bir tədbirdə əmimlə qarşılaşıb və ona “ağıllı qardaşınoğlu varmış”- deyib. Bu sözdən sonra əmimin və atamın ürəyi yerinə gəlib və evdə gecələməyə başlayıblar.

– Bilirik ki, ulu öndər Heydər Əliyevin iştirak etdiyi bütün verilişlərin rejissoru olmusunuz. Onu necə xatırlayırsınız?457805355f959819bd7b1442404737_222

 Heydər Əliyev dövlət rəhbəri olmasına baxmayaraq, çox sadə bir insan idi. Bütün sənət adamlarına hörmətlə yanaşırdı. Yadımdadır ki, bir dəfə Respublika Sarayında tədbir olacaqdı. Televiziyanın rəhbəri Elşad Quliyevlə onun yanına getmişdik. Məndən soruşdu ki, sabahkı tədbirə nə geyinim. Özümü itirmədən dedim ki, tünd göy kostyumla, moruğu rəngdə qalstuk və ağ köynək sizə çox yaraşır. Qayıtdı ki, mənim qarderobumu məndən gözəl tanıyırsan ki… Sözümün canı budur ki, böyük şəxsiyyət olmasına baxmayaraq, hər bir peşə sahibinin fikirlərinə hörmətlə yanaşırdı. Onun iştirak etdiyi bütün verilişlərin rejissoru olmuşam. O insana heyran qalırdım, o qədər gözəl, səliqə-sahmanla geyinirdi ki… Ulu öndər Heydər Əliyevlə müxtəlif vaxtlarda görüşlərim olub: istər sovet, istər müstəqillik illərində. Hətta deyərdim ki, 1969-cu ildən 1982-ci ilə kimi Heydər Əliyevin, sözün əsl mənasında, kölgəsi olmuşam. Qurultaylar, canlı yayımlar, abidələrin açılışı, eləcə də, digər tədbirləri rejissor olaraq lentə alırdım. 1993-cü ildə ulu öndər Moskvadan Bakıya dəvət olunanda mən onunla görüşdüm. Qardaşı Cəlal Əliyevin evində idi. Operatorumla onlara getdik, çəkiliş aparmalı idik. Bir məqama görə indi də çox təəssüflənirəm. Ulu öndər həmin vaxt pəncərəyə yaxınlaşdı və şəhərə tamaşa edərək gözləri doldu. Həmin an operator kamerasını hazırlayırdı. Heydər Əliyev bizə sarı dönəndə mən ondan bir də pəncərə qarşısına keçməsini xahiş etdim. O anı çəkmək istədiyimi bildirdim. O qayıtdı ki, həmin anın bir də təkrarlanması mümkün deyil. Ulu öndər belə təbii insan idi, süniliyi sevmirdi. Onun ailə tədbirində də iştirak etmişəm. 1983-cü ilin yanvar ayının əvvəlləri idi. Zərifə Əliyeva mənə zəng vurdu. Dedi ki, yanvar ayının 11-də operatorunla bərabər Səadət sarayında ol, amma heç kim bilməsin. Soruşdum ki, bəs rəhbərlik? Qayıtdı ki, narahat olma. Mən operatorumla birgə o tarixi anları lentə aldıq. Həmin gün oğlu İlhamla Mehribanın nişan mərasimi keçirilirdi. İndi həmin anları sevinclə xatırlayıram. Həmin anlara görə peşəmə minnətdaram.

– Bu gün televiziyadan kənardasınız. Darıxırsınızmı?

– Hədən artıq. Çox istərdim ki, televiziyada öz təcrübəmi gənclərlə bölüşüm, gənc kadrları yetişdirim.

 Arzularınızı da bilmək maraqlı olardı?

 Mənim bir arzum var, o da Qarabağın alınması. Bir rejissor olaraq o xoşbəxt dəqiqələri lentə alsam, ölsəm də dərdim olmaz.

– İnşallah!

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

publika.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir