it

Heyvan sevgisi ilə bağlı əcaib nümunələr

Baxış sayı: 1. 325

Son iki gündə ən çox müzakirə olunan məsələlərdən biri Xalq artisti, aktrisa Leyla Şıxlinskayanın rəhbərlik etdiyi eyni adlı klinikanın külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçilərinin cinayət işi üzrə məhkəmə iclasında yayılanlardır. Belə ki, iclasda zərərçəkənlərdən birinin vəkili bildirib ki, sənədlərdə Leyla Şıxlinskayanın itinin aylıq yeməyi üçün 500 manatlıq xərc yazılıb. O, ekspertə sual verərək bunun da mühasibatlıq sənədi olub-olmadığını soruşub.

Bu fakt cəmiyyətdə ciddi etiraza səbəb olub. Çünki Azərbaycan insanının orta aylıq əməkhaqqı da təxminən 500 manat civarındadır. Bu paralellik isə insanlarda qıcıq yaradır. Əslində dünyada heyvana olan sevginin əndazəsi aşanda ortaya qəribə mənzərələr çıxır. Beləliklə, heyvan sevgisi ilə bağlı əcaib nümunələri təqdim edirik.

Öncə qeyri-adi heyvan nikahları barədə. Bəli, hansılarda ki, insanlar heyvanlarla nikaha girərək, böyük səs-küy yaradıblar. Şimali İrlandiyada morqda işləyən qadın öz iti ilə nikaha daxil olub. 8 ildir birlikdə yaşadığı iti ilə münasibətini rəsmiləşdirən qadın buna görə rəsmi sənəd də alıb. İnsanların ona “dəli” dediyini, ancaq bunu ciddiyə almadığını deyən qadın itini çox sevdiyini bildirib.

Meksikada San Pedro Huamelula ərazisinin bələdiyyə sədri Viktor Aqilar balıqçılara uğur gətirməsi üçün timsahla evlənib. İnanca görə, bölgədə bələdiyyə sədri hər il balıqçılıq sahəsində məhsuldarlıq olsun deyə timsahla evlənməlidir.

 

Bu da heyvan toyları – iki könül bir olanda…

itler1.jpg (154 KB)

Keçək heyvanlar üçün təşkil olunan toylara. Avstraliyada “Pug Rescue and Adoption Victoria” adlı xeyriyyəçi təşkilat iki mops cinsli iti evləndirib. Yeni evlənən itlərin toy mərasimi bütün halları ilə nəzərə alınıb. Qonaqlar, tort və içkilərə qonaq ediliblər. Bahalı bəy-gəlin geyimləri isə göz oxşayıb. Toy mərasimində 60 it, 250 insan iştirak edib. Mərasimə giriş pullu olub. Əldə edilən gəlir evsiz heyvanların saxlanması mərkəzinə verilib. O da qeyd olunub ki, “gəlinliyi” avstraliyalı modelyer Kreyq Breybuq hazırlayıb və onun qiyməti 1,6 min dolları təşkil edib.

Nyu-Yorkun “Jumeirah Essex House” otelində dünyanın ən bahalı it toyu olub. “Gəlin” Beybi Houpdur. Onun sahibi itlərin hüquqlarının müdafiəçisi Vendi Dayamonddur. Həmin qadın Beybini yetimxanadan götürüb və qızlığa qəbul edib – ona öz familiyasını verib.

Bəy isə virciniyalı kaniş (rusca “pudel” deyirlər) Çilli Pasternakdır. Toya 250 min ABŞ dolları xərclənib. Toy paltarı 6 min dollara başa gəlib. 300-dən çox insan və it toya dəvət edilib. Yemək xərci 5 min ABŞ dolları təşkil edib. Musiqiçilərə isə 15 min dollar verilib. Toy salonunu bir vaxtlar Bill Klintonla işləmiş çiçək mağazaları bəzəyiblər. Tortu isə “Cake Boss” realiti-şoudan Baddi Valastro hazırlayıb. Toyda qonaqlara 5000 dollar dəyərində suşi təqdim edilib. Heyvanlar üçün bu şad gündə 7 nəfərdən ibarət orkestr qonaqları əyləndirib. Məlumata görə, evli itlər mərasimdən sonra “bal ayı”na göndəriliblər. Toyda stolun qiymətinin 250-10000 dollar arasında dəyişdiyi bildirilir.

itler4.jpg (30 KB)

Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında iki it üçün də səs-küylü bir toy mərasimi keçirilib. Tədbirə 5 min nəfər qonaq qatılıb. Toyun daha şən keçməsi üçün dicey də çağırılıb. Bundan başqa, it toyunda qədim hind ənənə və rituallarına əməl olunub və insanların nikah mərasimini xatırladıb. Mərasimdən sonra heyvanları güllərlə bəzədilmiş maşına mindirib aparıblar.

 

Heyvanını dəlicəsinə sevənlər…

İngiltərənin İordaniya səfirliyində pişik diplomat vəzifəsini icra edib. Paytaxt Əmmanda ötən ilin oktyabr ayında heyvan sığınacağından alınan və “Abdoun Lawrence” adı verilən pişik İngiltərənin ilk diplomat pişiyi olub. Sosial mediada məşhur olan və “Twitter”də 7 minə yaxın izləyicisi olan pişik səfirlikdə “siçan ovçusu” vəzifəsini icra edib.

İşlərinin çox olması səbəbi ilə heyvan saxlaya bilməyən türkiyəli maneken Ebru Polat “Təbii həyatı mühafizə fondu” vasitəsilə bir qütb ayısının xərclərini öz üzərinə götürüb. Nəsli kəsilməkdə olan heyvanlara kömək etmək istəyən Ebru “WWF Türkiye” (“Təbii həyatı mühafizə” fondu) vasitəsilə bir qütb ayısının xərclərini ödəyəcək. Heyvanları çox sevdiyini, lakin işlərinin çox olması üzündən saxlaya bilmədiyi üçün üzgün olduğunu deyən müğənniyə “WWF Türkiye” “övladlığa götürmə” sertfikatı verib.

itler8.jpg (54 KB)

Milyoner xanım Leona Hamsley öz nəvələrinə 5 milyon, itinə isə 10 milyon dollar miras qoyub. Mirası itin əlindən almasınlar deyə, it öləndən sonra sahibi Leonanın yanında qiyməti 10 milyon dəyərində olan qara mərmərdən hazırlanmış nəhəng mavzoleydə basdırılmağı vəsiyyət edib.

Nyu-York sakini Roz Ann Bolasni 60 milyon dollarlıq mülkündən Mia adlı itinə 1 milyonunu miras qoyub. Roz Ann “mən öləndə də onun öyrəşdiyi həyat tərzini davam etdirməsini istəyirəm”, – deyərək bu ani qərarının səbəbinə açıqlıq gətirib. Mirasa Roz Ann Bolasninin sərmayə fondundakı pulu, daş-qaşları və Floridadakı bağı da daxildir. Bu qərarı Rozun iki oğlu da dəstəkləyib.

Çində 2011-ci ildə Çində donuzlar arasında baş tutan toy mərasimi öz xeyriyyə məqsədi ilə diqqətləri çəkmişdi. Toyda yığılan 60 min dollar vəsait uşaq fondlarından birinin hesabına köçürülmüşdü.

ABŞ-da isə Tayland cinsindəın olan pişiklərin “toy mərasimi” təmtəraqlı ilə seçilmişdi. Dişi pişik mərasimə gəmidə, erkək pişik isə helikopterlə gəlmişdi. Mərasimdə çoxlu sayda ev heyvanı iştirak etmişdi.

Hindistanın qərbindəki Hudcarat ştatında öküzlə inəyin “toy mərasimi” keçirilib. Mərasimə 27 min dollar vəsait xərclənib. 300 nəfərin qatıldığı tədbir bütün dünyanın diqqət mərkəzində olub. Heyvanların sahibləri təmtəraqlı tədbir keçirməklə sözügedən heyvanların Hindistan mədəniyyəti və insanları arasıında mühüm rolu olduğunu qabartmağa çalışıblar. Tədbir hind ritualları ilə keçirilib. Daha öncə Amerikanın Uttar-Pradeş ştatında iki itin toy mərasimi keçirilib. 5 min qonağın dəvət olunduğu mərasimdə eyni zamanda dicey də çıxış edib. İnək Hindistanda müqəddəs heyvan hesab olunur. Hindistan ərazisinin böyük hissəsində onların öldürülməsi qadağan olunub.

itler2.jpg (75 KB)

İtinə qızıl saat, bahalı telefon alanlar…

Çinli milyarderin oğlu  itinə xərclədiyi pullarla medianın diqqətini çəkib. Sevimli köpəyi üçün hər bir şərait yaradan Vang Sicong adlı bu şəxs hətta heyvanın iki pəncəsinə qızıl saat da taxıb. Vang Sibir haski cinsinə mənsub olan Van Keke adlı itin şəkillərini sosial şəbəkədə paylaşıb. Şəkilin altında isə zarafat olaraq heyvanın adından bu sözləri yazıb: “İndi mənim yeni saatlarım var. Əslində 4 ədəd də saat taxa bilərdim, çünki mənim 4 ayağım var. Lakin bu görməmişlik olardı”. Qeyd edək ki, milyarderin oğlunun itinə aldığı qızıl saatların qiyməti 14 min dollardır.

Model Kendal Cennerə Borzay cinsindən olan it hədiyyə edilib. Kendal itinə Myau adını verib. İti gördüyü ilk gündən ona bağlanan Kendal Myaunun fotosunu hesabında da izləyiciləri üçün paylaşıb. Fotoda diqqət çəkən məqam Myaunun boynundakı boyunbağı olub. Belə ki, qızıldan olan boyunbağının klon hissəsində itin adı yazılıb və klonun ətrafı brilyant qaşlarla bəzədilib. Kendal boyunbağının itinə yenicə aldığını qeyd edib.

2016-cı ildə xəbər yayıldı ki, futbolçu Alpaslan Öztürklə evli olan məşhur model Ebru Şancı 2 sonra Fransaya köçəcək. Model köçəcəkləri zaman 6 itinin Bodrumdakı villasında qalacaqlarını və onlara filippinli köməkçisinin baxacağını deyib: “Onları sığınacağa vermək istəmirəm. İtlərimə hər şey fəda olsun”. 6 otağı, 2 zalı, 4 hamamı, hovuzu və böyük bağçası olan villanın 1,5 milyon lirə (854 min manat) dəyərində olduğu bildirilir.

Vang Sicong, Çinin ən varlı adamı olan Vang Jianlinın oğludur. O, itinə 8 ədəd bazara yenicə çıxan Iphone 7 alıb və şəkillərini də sosial mediaya qoyub. Bu şəkillərdən birində itinin iki ayağında da Apple Vatch olub.

Təbii ki, bu adam itlərinin həmin telefondan istifadə edə bilməyəcəyinin fərqində olacaq qədər ağıllıdır. Amma bu adam varlılığını açıq-saçıq yaşayan və itlərinə psixoloji səviyyədə bağlı olan bir insanın hekayəsidir.

Paris Hilton da eyni qaydada. Bu qadın da itlərinə yekə bir ev tikdirib. Niyə? Çünki o, Paris Hiltondur. Ev bahalı mebellərlə bəzədilib, iki mərtəbəli bir villadır. Villa kondisionerlidir və şıq çılçıraqlarla bəzədilib.

Müğənni Meray Kerini də unutmayaq. Müğənni 2014-cü ildə itlərini heyvanlara məxsus, 25 min dollarlıq istirahət mərkəzinə aparması üçün 175 min dollara özəl bir təyyarə kirayələyib.

 

İtlər üçün otel tikənlər… Azərbaycanda da var 

İt otelləri isə dünyanın bir çox ölkəsində var. Bir neçə ildir ki, Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinin nəzdində ev heyvanları üçün otel fəaliyyət göstərir. Heyvan sahibləri bir neçə günlük səfərə və ya istirahətə gedəndə ev heyvanlarını həmin otelə verib gedə bilərlər. Otel ikinövbəli iş rejimində işləyir, yəni heyvanlar 24 saat heyvanlar nəzarətdə olurlar.

Xilasetmə Mərkəzinin əməkdaşı Vüsalə Əlinin verdiyi məlumata görə, burada pişiklər üçün 20-25, itlər üçün 30-dan çox otaq var. Ev heyvanlarını otelə yerləşdirməzdən əvvəl onların sahiblərinin bəzi şərtləri bilməsi lazımdır. Ən vacib məsələlərdən biri heyvanların peyvəndli olmasıdır. Onların sevdiyi yataq və ya sevimli oyuncaq varsa, onu da heyvanla birlikdə gətirmək olar. Burada olduğu müddətdə itlər və pişiklər müəyyən saatlarda gəzintiyə buraxılırlar.

itler9.jpg (75 KB)

Otelin həyəti, mətbəxi, camaşırxanası, həyətində isə hovuzu və gəzinti üçün park, heyvanların əylənməsi üçün attraksionlar var. Oteldə qiymətlər ev heyvanının it və ya pişik olmasından, nə qədər qalmasından asılı olaraq dəyişir. Pişiklər üçün gündəlik qiymət 15, itlər üçün 20-25 manatdır. Heyvanlar uzun müddət qalanda həmin qiymətlərə endirimlər edilir.

Cənubi Afrika Respublikasında (CAR) 2015-ci ildə itlər üçün otel fəaliyyətə başlayıb. Yeni oteldə ev heyvanları üçün bütün lazımi şərait yaradılıb. Onlar üçün xüsusi yataqlar hazırlanıb. Hamam istifadəyə verilib. İtlərin yataq otaqlarına televizorlar quraşdırılıb. Bu maraqlı otelin qiymətinə gəlincə, istənilən şəxs günə 45 dollar ödəməklə sevimli itini burada saxlaya bilər. Bu məbləğə itlərin masaj edilməsi, qidalandırılması da daxildir. Qiymət nisbətən baha olsa da, otelin müştərilərinin sayı kifayət qədərdir.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir