Valideyn

“Himayədar ailə” modeli özünü doğruldacaqmı?

Baxış sayı: 416

Yadınızdadırsa, cari ilin əvvəlində Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən himayədar ailə qayğı modelinin və ailə bütövlüyünün qorunması məqsədilə tətbiq edilən Sosial-İqtisadi Dəstək xidmətinin Azərbaycanda tətbiqi üçün iki ölkənin səlahiyyətli orqanları fəaliyyətə başlamışdı. 

Türkiyə mətbuatının yazdığına görə, Azərbaycan dövlət orqanlarına himayədar ailə ilə yanaşı, Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən ailə bütövlüyünün qorunması və uşaqların öz ailələri ilə birlikdə böyüməsini təmin etmək məqsədilə həyata keçirilən SED xidməti haqqında ətraflı məlumat verilmiş, uşaqlar üçün mütəmadi olaraq SED ödənişləri və xidmətin izlənilməsi barədə məlumat paylaşılmışdı.

Bəs görəsən, “Himayədar ailə” modelinin tətbiqi nə dərəcədə effektlidir? Bu sahədə ən yaxşı təcrübə hansı ölkələrdədir? Türkiyədə tətbiq olunan “qoruyucu ailə” modelinin əsas üstünlükləri nədən ibarətdir? .Bu modelin ölkəmizdə tətbiqi valideyn himayəsindən məhrum olmuş uşaqların ailələrə qaytarılması və cəmiyyətə adaptasiya olması prosesinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı fikirlərini bölüşən “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri Lamiyə İsazadə deyib ki, ölkəmizdə valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşaması dövlət siyasətinin prioritet istiqamətlərindəndir: “Həmin uşaqların ailə mühitində yaşamasını nəzərdə tutan yeni “Himayədar ailə” qayğı modelinin tətbiqi Azərbaycanda da nəzərdə tutulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq institusional hazırlıq, qanunvericilik bazasının yaradılması işlərinə də artıq başlanılıb. “Himayədar ailə” modelinin əhəmiyyəti valideyn himayəsindən məhrum olan uşaqların uşaq müəssisələrinə düşməsinin qarşısını almaq və onların ailə mühitində böyüməsinə, tərbiyə almasına şəraitin yaradılmasıdır. Bununla bərabər bu model himayədar ailələrə dəstək verilməsi mexanizmini də özündə ehtiva edir. İstər ölkəmizdə istərsə də digər ölkələrin dövlət müəssisələrindəki hər bir uşağın ailə sevgisinə, ailə qayğısına ehtiyacı var.Bu sahədə ən yaxşı təcrübə Avropa ölkələrini hesab etmək olar. Çünki Avropa ölkələrində bu modelin tətbiqinə uzun illər öncə başlanılıb və indiyə qədər də çox uğurlu nəticələr əldə olunubdur. Onu da qeyd edim ki, bizlərdə “Himayədar ailə” modeli Avropa dövlətlərində “Alternativ qayğı” adlandırılır. Valideyn himayəsindən məhrum olan uşaqlar əvvəlcə himayədar ailəyə yerləşdirilir, bir müddət uşaq həmin ailədə yaşayır. Əgər himayəyə götürən ailə və uşaq tərəfindən heç bir problem yaşanmazsa, bir müddət sonra uşağın qəyyumluğu həmin ailəyə verilir. Alternativ himayənin müxtəlif formaları vardır. Əgər uşağın ailəsi yoxdursa, qohumları ilə də yaşaya bilər, kiçik və ya böyük qruplu evlərdə, kiçik ailəşəkilli evdə, yaxud alternativ ailələrdə yerləşdirilə bilər. “Alternativ qayğı” yəni himayəyə götürmə uşağın yetkinlik yaşına çatmasına, təhsilini bitirənə və ya uşağın həqiqi ailəsinin durumunun yaxşılaşmasına qədər çox uzun illər davam edə bilər”.

Bu sahədə Türkiyə təcrübəsinə toxunan həmsöhbətimiz qeyd edir ki, qardaş ölkədə Ailə və Sosial Siyasətlər Nazirliyi və Uşaq Xidmətləri Baş İdarəsi tərəfindən həyata keçirilən “Qoruyucu ailə” modeli xidmət göstərir: “Bu xidmət hər hansı səbəbdən öz ailəsi ilə qala bilməyən uşaqların könüllü ailələr tərəfindən qayğı və tərbiyəsidir. Yəni uşaq öz ailəsi olmasa belə ailə mühitində həyatını davam etdirir. Qoruyucu ailə rolunu üzərinə götürən şəxs, uşağı öz ailəsi kimi sevərək ailə mühitinin çatışmazlığını doldurmağa çalışır. Hər bir kimsəsiz uşaq üçün çox vacib olan qoruyucu ailə uşağın daha yaxşı sosiallaşmasını təmin edir və ailəyə ehtiyacı olan uşaqları cəmiyyətə qazandırır. Türkiyədə qoruyucu ailə olmaq üçün Uşaq Xidmətləri Baş İdarəsi tərəfindən müxtəlif qanun və qaydalar müəyyən edilmişdir. Hansı ki, bu qaydalara əməl etməyən valideynlər himayədar ailə rolunu öz üzərinə götürə bilməzlər. Qoruyucu ailə adı ilə qoyulan və şərtləndirilən bu qanunlar ilk növbədə uşaqların təhlükəsizliyi və imtiyazları əsasında qurulmuşdur. Qanuna əsasən uşağın öz ailəsi qoruyucu ailə olmaq üçün müraciət edə bilməz. Təhsil baxımından isə qoruyucu ailə ən azından orta məktəb məzunu olmalıdır. Əks təqdirdə həmin müraciət edən şəxsə imtina cavabı verilir. Türkiyədə “qoruyucu ailə” modelinin müxtəlif variantları var. Bu, müvəqqəti qoruyucu ailə tətbiqi, qohum və ya yaxın çevrə qoruyucu ailə tətbiqi, müddətli qoruyucu ailə tətbiqi və ixtisaslaşdırılmış qoruyucu ailə tətbiqidir. Müvəqqəti qoruyucu ailə tətbiqi: Bu tip himayədar ailə praktikasının müddəti bir neçə gündür. Vəziyyətdən asılı olaraq ən çoxu 1 aya qədər çəkə bilər. Qohum və ya yaxın çevrə qoruyucu ailə tətbiqi: Bu tip müraciətdə uşağın öz ailəsi nəzərdə tutulmur. Praktikada uşaqla qan qohumluğu olan və ya çox yaxın mühitdə olan insanlara bu şəkildə himayədar ailə vəzifəsi verilir. Müddətli qoruyucu ailə tətbiqi: Bu üslubda inkişaf etdirilən tətbiqdə uşaqların öz ailələri var, lakin qısa müddət ərzində öz ailələrində qalmaq mümkün deyil. Onlar qısa müddətliyinə başqa ailələrə verilir. Belə uşaqlar üçün hazırlanmış himayədar ailə proqramı ən çox tətbiq olunan proqramdır. İxtisaslaşdırılmış qoruyucu ailə tətbiqi: Bu növ müraciət bir az daha çox təcrübə tələb edən proqramdır. Bu tip müraciətlərə cəlb olunan uşaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlardır və bununla bağlı himayədar ailə olmaq üçün insanlar bununla bağlı lisenziya almalıdır”.

Birlik sədri həmçinin vurğulayır ki, dövlət müəssisələrindəki valideyn himayəsindən məhrum olan yüzlərlə uşağın eyni vaxtda qayğısına qalmaq, onlara düzgün tərbiyə vermək həddən artıq çətindir: “Hər bir uşaq ailə mühitində böyüyərsə onların qayğısına qalmaq, tərbiyəsi ilə məşğul olmaq, onları doğru yönə istiqamətləndirmək himyədar ailə üçün daha asan olar. Ailə mühitində böyüyən uşaqlar cəmiyyətə düşündüyümüzdən də tez adaptasiya olurlar. Əgər valideyn himayəsindən məhrum olan uşaqlar 17-18 yaşına qədər uşaq evlərində qalsalar, onları cəmiyyətə qazandırmaq ya çox çətin olacaq ya da ümumiyyətlə olmayacaqdır. Ona görə də dövlətimizin inkişafı, rifahı, sağlam gələcəyi naminə hər bir uşağa xüsusi qayğı göstərməyi olduqca zəruri hesab edirəm. İnanıram ki, ölkəmizdə tətbiqi nəzərdə tutulan “Himayədar ailə” qayğı modeli buna imkan yaradacaqdır. Bu modelin tətbiqi uşaqlarımızın normal psixologiyada böyümələrini, onların vətənpərvərlik və milli ruhda tərbiyə olunmalarını, xoşbəxt yaşamalarını, ailə qayğısı ilə əhatə olunmalarını təmin edəcəkdir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir