Usaq

Hiperaktiv uşağın enerjisi necə paylanmalıdır?

Baxış sayı: 928

Əgər övladınız bir yerdə dayana bilmirsə, ehtiyac olmadan əllərini, qollarını oynadırsa, evdə daim hərəkətdədirsə və yerli-yersiz qaçırsa, hiperaktiv bir uşaqla qarşı-qarşıya olma ehtimalınız böyükdür. Bəzən elə uşaqları nadinc, bəzən hərəkətli, bəzən də ərkəsöyün kimi qiymətləndirsək də, onların enerjilərini xərcləmək üçün nə etmək lazım olduğunu bilmirik. Hərəkətli olduğu üçün danlamaq, cəzalandırmaqla iş bitmir.

 

Bu dəfə hiperaktiv uşaqlarla davranış metodlarından danışdıq. Psixoloq Günel Qurbanovanın məsləhətlərini nəzərinizə çatdırırıq.

Psixoloq deyir ki, hiperaktivlik mövzusunda kifayət qədər çox məlumat var. Lakin, hər şeydən öncə bir fakt nəzərə alınmalıdır – çox hərəkətli və aktiv hər uşağa hiperaktiv demək olmaz: “Hiperaktivliyin terminoloji adı Diqqət Əksikliyi və Hiperaktivlik pozuntusudur. Yəni bu, əslində pozuntu halı olduğundan, hərəkətliliyi çox sevən hər hansı bir uşağa bunu aid etmək düzgün yanaşma deyil. Əgər uşaq çox hərəkətlidirsə, mütləq psixoloq tərəfindən diaqnozu təyin edilməlidir. Hiperaktiv uşaqlar bütün günü tullanıb-düşər, dostlarını itələyər, divara dırmaşmağa çalışar, susmaq nədir, bilməzlər. Bir mövzudan digər mövzuya keçər, başqasının sözünün bitməsini gözləmədən sözlərini kəsərlər. Qayda-qanuna tabe olmazlar. Edilməməsi lazım olan hərəkətləri bilərəkdən edirlər. Günahlarını boyunlarına alsalar da, səbəbini soruşduqda cavab verə bilməzlər. Məktəbə təmiz geyimdə gedər, qayıdanda isə üst-başları dağınıq və çirk içində olarlaq. Əşyaları səliqəsiz, otaqları dağınıq olar, hər gün bir əşya itirərlər”.

Diaqnozu Diqqət Əksikliyi və Hiperaktivlik pozuntusu olaraq təyin edilmiş uşaqlarla valideynlər necə davranmalıdır?

– Valideyn hiperaktivliyi xarakter yox, bir problem kimi qəbul etməlidir. Əgər xarakter kimi qəbul edərsə, onu bu problemdən xilas edə bilməyəcək. Mümkün olduğu qədər onunla inadlaşmamalıdır. Səs tonunu qaldıraraq uşaqla danışılmamalıdır. Hansısa mövzuda qəti fikriniz “yox” cavabıdırsa, “yox” deyin. Əgər fikrinizi onun hansısa hərəkətini dəyişə biləcəksə, əvvəlcədən “hə” cavabını verin. Hiperaktiv uşaqlara bütün qaydalar konkret və açıq şəkildə izah olunmalı, düzgün davranışları hər zaman təqdir edilməlidir. Bəzən kiçik bir “afərin” sözü bir uşaq üçün çox böyük bir məna ifadə edir. Məktəbə və ya bağçaya gedirsə, onun müəllimləri ilə daimi əlaqədə olmalı və problemin nə olduğunu, uşağa evdə hansı qaydaların qoyulduğu bildirilməlidir. Həmçinin, məktəbdəki davranışları da izlənilməlidir. Neqativ hərəkətlər və cəzaya yox, pozitiv davranışlarına köklənilməlidir. Bu zaman onun motivasiyası müsbət davranışlara yönələcək. Daha çox təqdir almaq üçün çalışacaq.

– Bəs daxili enerjisini düzgün yerə yönəltmək üçün nə etmək lazımdır?

– Uşağın daxili enerjisi çox olduğundan, onu mütləq hansısa idman sahəsinə yönəltməlisiniz. Bu, onun həm maraq dairəsinə yaxın, həm də dağıdıcı hərəkətlərini artırmayacaq sahə olmalıdır.  Həm normadan çox aktiv, həm də diqqət problemi olduğundan, bu uşaqlarda akademik sahədə uğursuzluqların olması normaldır. Bu zaman onu danlamaq yerinə, marağını çəkəcək formada dərslərinə yönləndirə bilərsiniz. Diqqət əksikliyi də olduğundan, onlarla diqqətini artıracaq oyunlar oynayın. Çox uzağa getməyə ehtiyac yoxdur, öz uşaqlığınızda oynadığınız oyunları onunla da oynaya bilərsiniz. Məsələn, kağız üzərində oynanılan X/O, topla oynanılan “ortada qaldı” oyunu, domino və s. Bu oyunlar diqqətin toplanması, konsentrasiyanın artırılması və enerjinin düzgün paylanılması üçün faydalıdır.

 

Aygün Əziz




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir