Hitler

Hitleri anasına tapşıran adam məktubunda nələr yazdı?

Baxış sayı: 77

Bu məktuba Verner Mazerin “Adolf Hitler” kitabında rast gəldim. Belə ki, 1908-ci ildə Adolfun yaşadığı evin sahibəsi onun Vyana rəssamlıq məktəbinin müəllimi, teatr rəssamı, professor Alfred Rolleri şəxsən tanıyan anasından Adolfun məktəbə qəbul olunması üçün zəmanət məktubu yazmağını xahiş edir.

Həmin məktubu şərh etmədən olduğu kimi təqdim edirik:

“Anacan… Səndən bir xahişim var və ümid edirəm ki, xahişim səni hirsləndirsə də, məni bağışlayacaqsan. Direktor Alfred Rollerə zəmanət məktubu yazmanı istəyirəm. Bir tanışımın rəssam olmaq istəyən oğlu payızdan Vyanada oxuyur. O, təsviri incəsənət akademiyasına daxil olmaq istəyirdi, lakin qəbul başa çatdığından özəl tədris müəssisəsinə gedib… Adlof yaxşı ailədən olan məlahətli və mötəbər, cəmi 19 yaşı olmasına baxmayaraq, kamil, ciddi və çalışqan bir insandır. Milad ərəfəsində anası vəfat edib. Hitlerlər ailəsindən, Adolf Hitlerdən danışıram.

Bir qədər əvvəl biz incəsənətdən və rəssamlıqdan danışanda Adolf bildirdi ki, professor Roller yalnız Vyanada yox, eyni zamanda bütün dünyada məşhurdur və onun əsərlərini çox sevir.

Hitler mənim Rolleri tanıdığımı ağlına da gətirmirdi və mən ona məşhur Rollerin qardaşı ilə tanış olduğumu deyərək zəmanət məktubu almaq üçün köməyimi təklif edəndə gəncin gözləri parladı, üzü qızardı… Ona kömək etməyi çox istərdim. Ona zamin duracaq, məsləhət verəcək heç kimi yoxdur. Vyanaya təkbaşına gəlib, qəbulla bağlı işləri özü tək, heç kimin məsləhəti olmadan qaydaya salıb. Yaxşı təhsil almağı çox arzulayır. Qarşısında çox ciddi məqsədi olduğu üçün Adlofun yanlış addım atacağına inanmıram. Məncə, o, kömək edilməyə layiqdir. Bəlkə bir xeyirxahlıq edəsən?

Anacan, səndən xahiş edirəm, direktor Alfred Rollerin adına bir neçə sətir zəmanət məktubu yaz… Mən onları Hitlerə çatdıraram. Qəbul etmək imkanın olsaydı, bu məktubu ona verib yanına göndərərdim, lakin bu mümkün olmadığı üçün, xahiş edirəm, anacan, əgər sənə əziyyət verəcək bir şey istəyirimsə, məni bağışla… O, (Adolf Hitler) indi özü və bacısı üçün təqaüd almaq məqsədilə qəyyumluq şurasının qərarını  gözləyir”.

Ev sahibəsinin anası bu xahişi yerinə yetirdi. Pofessor Roller gənc Hitleri qəbul etməyə hazır olduğunu bildirdi.

Rəşad Sahil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir