hovuz

Hovuzlarda gigiyenik qaydalara niyə əməl olunmur?

Baxış sayı: 1. 002

Havalar isindikcə hovuza, üzgüçülük məkanlarına üz tutanların da sayı artmağa başlayır. Təkcə paytaxt Bakıda 100-dən çox üzgüçülük hovuzu var. Təbii ki, bu hovuzların qiymətləri məkan və şərtlərə, yaş təbəqəsinə görə dəyişir. Məsələn, paytaxtda ən bahalı  üzgüçülük hovuzu Bakı Su İdman Sarayına məxsusdur. Burada böyüklər üçün aylıq ödəniş 105 manat, uşaqlar üçün 30 manat, əlavə məşqçi tələb olunduqda isə ödəniş 3 dəfə artmış olur. Qismən ucuz olan məkan isə “Gənclik” İdman Mərkəzidir. Burada məşqçisiz ödəniş 15 manat, məşqçi ilə 22 manatdır (həftədə 1 dəfə). Digər məkanlarda da qiymətlər 30-70 manat arasında dəyişir.

 

Bəs hovuzlarda gigiyenik qaydalara əməl olunurmu? Bu barədə nələri bilməli, tələb etməliyik?

Bununla bağlı insanların verdiyi suallardan biri budur: hovuzlar necə təmizlənir? Qeyd edək ki, hovuzlar əsasən ozon və xlora dezinfeksiya olunur. Bunun da müsbət və zərərli tərəfləri var. Ozonla təmizlənmə digər üsullardan qismən sürətlidir. Onun sayəsində hovuzda olan mikrob və viruslar tez bir zamanda məhv olur. Lakin unutmaq olmaz ki, ozon ilə təmizləmədə yalnız cihazdan keçən hissə təmizlənir, üstə hissə isə sabit qalır. Ozonla təmizlənən hovuzların rəngi göy, xlorla təmizlənən hovuzların rəngi isə şəffaf olur.

Ä°lgili resim

Ozon qazından fərqli olaraq xlorla hovuz dezinfeksiya edildikdə hovuzun həm alt, həm də üst hissəsi təmizlənir. Bunun üçün xlorla təmizlənmə daha populyardır. Eyni zamanda hovuzun xlorlaşdırılması insan bədəninə, dərisinə təsir göstərə bilir. Əgər insan sağlamdırsa, onda heç bir hal müşahidə olunmur. Xəstəhal olan insanlarda isə dəridə qızartılar, qıcıqlanmalar yarana bilir.

Mütəxəssislər qeyd edir ki, bütün bunlarla yanaşı hovuzda zamanla yaranan yosun, codlaşmanın da qarşısını almaq üçün digər müxtəlif kimyəvi maddələrdən istifadə olunmalıdır.

Daha bir məsələ, hovuz məkanlarında tavanın hündürlüyü ilə bağlıdır. Qaydalara əsasən hovuz olan yerdə tavan ən azı 4 metr hündürlüyündə olmalıdır.

Həmçinin kişilərlə qadınların, böyüklərlə uşaqların eyni hovuza buraxılması da doğru hesab edilmir.

 

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, ilk diqqət edilən məsələlərdən biri hovuzun sahəsinə görə orada neçə nəfərin üzməsidir: “Burada gigiyenik faktora diqqət etmək lazımdır. Məsələn, əgər hovuzda eyni anda 10 nəfərin üzməsi nəzərdə tutulubsa, amma orada 15 nəfər üzürsə, bu, gigiyenik baxımdan yolverilməzdir. Bundan başqa, hovuzda xəstə  adamların çimməsi qadağandır. Ona görə də hər hovuza gedən şəxsdən tibbi arayış tələb etmək lazımdır. Təəssüflər olsun ki, bəzən bu tibbi arayışlar formal olaraq verilir. Digər tərəfdən, hovuzun suyu müəyyən dövrdən sonra, o cümlədən sutkada 1 və ya 2 dəfə dəyişdirilməlidir.

Əgər hovuzda üzdükdən sonra dəridə allergiya tipli problemlər yaranıbsa, mütləq həkimə müraciət etmək,  bir müddət hovuzdan istifadədən çəkinmək lazımdır.

Əgər şəxsə hovuzda hansısa xəstəlik keçirsə, demək, o hovuzun suyu vaxtı-vaxtında dəyişilmir və yaxud da ki, xlorlama yetərincə deyil. Ona görə də həmin sudan nümunə götürüb suyun təmizlik dərəcəsi yoxlanmalıdır. Daha sonra qərar vermək olar ki, bu su mikroblardan nə dərəcədə təmizlənib. Çünki həmin su gigiyenik standartlara cavab verməlidir. Bu da xlorlaşma vasitəsilə aparılır. Mikroblar suda uzun müddət qala bilər. Su nə qədər durğun olsa, mikroblar nəinki qalır, hətta çoxalırlar.

üzgüçülük ile ilgili görsel sonucu

Əgər suda xlorlu suyun miqdarı artıq olarsa, bu da insan orqanizmə mənfi təsir göstərə bilir. Əsasən də gözdə, qaraciyərdə yarada bilər”.

 

Bəs hovuz girərkən hansı qaydalara əməl etməliyik?

Demək olar ki, bütün hovuz məkanlarında bu elana rast gəlmək olur – “Hovuza girməzdən öncə duş qəbul edin”. Bir çox hallarda insanların buna əməl etmədiklərinin şahidi oluruq. Nəticədə hovuzun suyu çirklənmiş, antigigiyenik vəziyyətə düşür.

Həmçinin hovuza enərkən saçları yığmaq, eynəkdən istifadə etmək lazımdır. Çünki suya tökülən saçlar yığılaraq hovuz daxilindəki cihazlara zərər vura bilər. Eyni zamanda suyun tərkibindəki kimyəvi dərmanlar saçın tökülməsinə səbəb ola bilər.

üzgüçülük ile ilgili görsel sonucu

Üzgüçülüklə məşğul olanlar daha çox yaşayır…

Bəs ümumiyyətlə, üzgüçülüklə məşğul olmaq insan sağlamlığına necə təsir göstərir? Araşdırmalar onu göstərir ki, üzmək ürək döyüntüsünü nizamlayır, yaş ötdükcə orqanizmimizin zəifləməsi zamanı yarana biləcək xəstəlikləri, ürək infarktı riskini azaldır. Üzgüçülük bütün bədəni çalışdıran bir idman növüdür. Vücudun hər bölgəsinin kalori itirməsinə səbəb olur. Eyni zamanda boyun, çiyin, qol və ayaq elastikliyini təmin edir. Əgər əhval-ruhiyyəniz yerində deyilsə, hovuza girsəniz üzmək əhvalınızı qaldırar.

Depressiv və əsəbi halda üzməyin böyük köməyi olur. Hamiləlik zamanı da əks göstəriş yoxdursa, üzmək faydalıdır. Üzmək uzunömürlü olmağa kömək edər. 32 yaşında olan 40 min insan üzərində aparılan araşdırmalar zamanı üzgüçülüklə məşğul olanların daha uzun yaşadığı sübut olunub.

Üzmə ağciyər funksiyalarının inkişafına kömək edər. Həmçinin oynaqlarında problemi olan insanlar üzmə məşqləri edərlərsə, ağrı nəinki azalar, hətta aradan belə qalxar.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir