ayaqqabi

Hündürdaban ayaqqabıların fəsadları – MÜTƏXƏSSİS RƏYİ

Baxış sayı: 1. 467

Qadınların əsla əl çəkməyəcəyi, fiziki ağrılarına baxmayaraq, ikiqat mənəvi zövq aldıqları geyimlərdən bəlkə də birincisi yüksək topuqlu ayaqqabılardır. Onlar ayaqlarının daha uzun görünməsi, boyunun olduğundan hündür bilinməsi və dəblə ayaqlaşmaq üçün hündürdaban ayaqqabılardan istifadə edirlər. İlk baxışdan nə qədər zövqlü görünsə də, əslində qadınlara maddi və fiziki ziyan vuran hündürdaban ayaqqabılar kimiləri tərəfindən gözəllik nümunəsi, kimiləri tərəfindən isə sadəcə, işgəncə kimi qəbul edilir. Əslində isə, bu ayaqqabılar göründüyü kimi məsum deyil. Çünki belə ayaqqabılar qadınların orqanizmində ciddi fəsadlar törədir.

Mərkəzi Klinikada Ortopediya, Travmatologiya, Fizioterapiya və İdman Həkimliyi Mərkəzinin müdiri Elvis Qasımov bildirir ki, hündür dabanlı ayaqqabılar ilk növbədə bundan tez-tez istifadə edən insanlarda bel problemləri yaradır: “Qadınlar tərəfindən hündürlüyü 10-15 sm-ə çatan dabanlı ayaqqabılar geyildikdə, beldəki normal əyrilik daha çox artır. Bunun nəticəsində beldə yüklənmə yaranır və bu da kəskin ağrılara səbəb olur”. Elvis Qasımov vurğulayıb ki, belə ayaqqabılar topuqda, barmaqlarda və baldırda da ciddi ağrılara səbəb ola bilər: “Yüksək topuqlu ayaqqabılar topuqda, barmaqlarda deformasiyalar yaradır və bu da ayaqların əyilmələri ilə nəticələnir. Çünki yüksək topuq geyinəndə təbii olaraq ayaqda burxulma ola bilər. Burxulma nəticəsində aşıq baldır oynağındakı sümükləri bir yerdə tutan bağlarda zədələnmə, qopma, dartılma kimi hallar tez-tez müşahidə edilir. Hətta belə burxulmalar şikəstliklə də nəticələnə bilər”.

Həkim qeyd edir ki, ayaqda daraq sümükləri arasında ağrılar ola bilər ki, bu da həmçinin, yüksək topuqlu və dar ayaqqabıların geyinilməsi nəticəsində barmaqların çox sıxılaraq yandan sümüklərin bir birinə sıxışmasına görə əmələ gəlir: “Bundan əlavə, ayağın birinci barmağında “halluksualqus” dediyimiz deformasiya əmələ gələ bilər. Bu da çox xanımlarda tez-tez qarşılaşdığımız birinci barmağın çöl tərəfə əyilmələri və birinci barmağın başladığı yerdə bir qızarıqlıq, bir qabarıqlığın əmələ gəlməsi ilə nəticələnir. Belə hallarda əsasən ağrısız olmasına baxmayaraq, yaş ötdükcə bu daha narahatedici ağrılara səbəb ola və ayağın hərəkətlərini məhdudlaşdıracaq dərəcəyə qədər gəlib çata bilər”. Ortoped vurğulayıb ki, yüksək topuqlu ayaqqabılar kosmetik olaraq ayaqlarda çirkin forma yaradır. Belə ki, birinci barmaq əyilərək ikinci barmağı yuxarıya doğru sıxışdırır və bunların müalicəsi daha çətin olur. Həkim bildirib ki, xüsusilə geniş pəncəli insanlarda dar ayaqqabıların geyilməsi çox ciddi problemlərə səbəb olur. Belə hallarda bəzən ayaq ayaqqabıdan daha böyük görünür, bu da ayaqda müəyyən fəsadlar törədir. Buna görə də geniş pəncəli insanlar mütləq rahat ayaqqabılar geyinməlidir. Əks halda, ayaqda əyilmələr, sümük, damar problemləri, ağrılar, hətta yerimədə ciddi problemlər yaranır.

Dr. Elviz Gasimov adlı şəxsin şəkli.

Yüksək topuqlu ayaqqabılar qadınlarda ginekoloji cəhətdən də müəyyən problemlər yaradır. Belə ki, ginekoloqlar hamiləlik dövründə qadınların hündürdaban ayaqqabılar geyinmələrini məsləhət görmürlər. “Biomed Spektr ” klinikasının ginekoloqu Esmira İsmayılova bizimlə söhbətində bildirib ki, dikdaban ayaqqabılar qadınların ayaqlarında varikoz genişlənmə əmələ gətirir və nəticədə kəskin ağrılar olur. Əgər əvvəldən ayaqda varikoz genişlənmə varsa, dikdaban ayaqqabılar bu genişlənmənin damarlarda artmasına səbəb olur və insan orqanizmi üçün ciddi fəsadlar yaradır. Ginekoloq vurğulayıb ki, hamiləlik dövründə dikdaban ayaqqabıların geyinilməsi ana bətnində olan uşaq üçün həyati təhlükə yaradır: “Əgər hamilə qadınların kapilyar damarlarında gizli, yaxud aşkar şəkildə genişlənmə varsa, yüksək topuqlu ayaqqabılar genişlənmənin damarlarda artmasına səbəb olur və bu hal uşaqlığın gərilməsi ilə nəticələnir. Bu da hamiləlik dövründə düşüklərə və kəskin ağrılara səbəb ola bilər. Ağrılar uzun müddət davam edərsə, bu, uşağın itirilməsi ilə nəticələnir”.

Qeyd edək ki, müasir dikdaban ayaqqabıların müəllifi Leonardo Da Vinci hesab edilir. Belə ayaqqabıların yayılması isə XVII əsrdən vüsət alıb. Hətta 1680-ci illərdə qadınlar əl ağacının köməyi ilə hərəkət edə biləcəkləri qədər yüksək və incə dikdaban ayaqqabılar geyinməyə başlamışdılar.

 

Aygün Cəfərli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir