ders

İbtidai siniflərdəki dərs yükü problemini necə həll etməli?

Baxış sayı: 913

Bu yaxınlarda Təhsil naziri Ceyhun Bayramovun hesabat xarakterli mətbuat konfransı oldu. Nazir təhsillə bağlı bir sıra məsələlərə toxundu. Problemlərdən biri də ibtidai siniflərdə dərs yükünün çox olması ilə bağlı idi.  Nazir qeyd edib ki, bəzi dərsliklərin, xüsusilə ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur: “Amma elə dərsliklər var ki, onlar daha az istifadə olunur. Sinif səviyyəsi və dərs yükü nəzərə alınmaqla, müxtəlif müddət üçün istifadə müddəti olan dərsliklərin çapı barədə düşünürük. Hesab edirəm ki, bu, dərsliklərin daha yaxşı qalmasına xidmət edəcək”.

Qeyd edilən məsələyə ilə bağlı bir neçə valideynin də fikrini öyrəndik. Onlar da ibtidai sinifdə uşaqlarının çox yükləndiyini, evə verilən tapşırıqların isə çətin olduğunu bildirirlər. Gülnar Əliyeva oğlunun 2-ci sinifdə oxuduğunu, amma dərslərinin 2-ci sinif səviyyəsində olmadığını deyir: “Mən özüm ali təhsilliyəm, yeri gələndə uşaqlara dərslərində kömək edirəm. Şəxsən mən 2-ci sinif materialına baxanda heç nə anlaya bilmirəm. Xüsusilə də riyaziyyat fənnindən elə çətin, məntiqi suallar olur ki, heç mən həll edə bilmirəm, bu yazıq uşaq necə etsin? Hələ bunlar bəs deyilmiş kimi, dərsdən əlavə nə qədər test, oxu vəsaiti aldırılır. Uşaqları bu qədər yükləmək olmaz, axı”.

 

Maraqlıdır, ekspertlər nə düşünür, ibtidai sinifdə dərs yükü həqiqətən çox və çətindir? Əgər elədirsə, bu problemi həll etmək üçün hansı işlər görülməlidir?

Təhsil eksperti Qoşqar Məhərrəmov qeyd edir ki, ilk olaraq müəllimlərin və valideynlərin bu məsələyə yanaşması dəyişməlidir: “Sırf rəqabət mühiti xətrinə uşaqları həddən artıq yükləyirlər. Məsələn, bir sıra valideynlər uşaqlarının bəzi bilgiləri vaxtından əvvəl mənimsəməsi üçün müəllimdən artıq dərs vəsaiti yükləməyi tələb edir. Yaxud bəzi ibtidai sinif müəllimləri valideynlərə məktəbin verdiyi kitabların dərsi mənimsəmək üçün kifayət etmədiyini bildirib, əlavə dərs vəsaitlərindən istifadə edir. Bu da uşaqların yüklənməsinə səbəb olur. Əslində isə Təhsil Nazirliyi dərs yükü ilə əlaqədar tələb qoyub, hətta, ev tapşırıqları ilə bağlı müəyyən limit var. Amma ibtidai sinif müəllimləri valideynlərə xoş görünmək, rəqabət xətrinə, şagirdləri nazirliyin qoyduğu tələblərdən daha çox yükləyirlər. Uşaqlar plastilinlə oynayıb, rəsm çəkməli olduqları dövrdə, yaşlarına uyğun olmadığı halda əzbərçilik fəaliyyət ilə məşğul olurlar. Nadir ibtidai sinif müəllimləri var ki, onlar öyrətmə məsələsində tələsmirlər. Çünki onlar bilirlər ki, hər uşağın öz öyrənmə sürəti var və həmin sürətə uyğun dərs keçirlər”.

Ekspert deyir ki, keçilən dərsi uşaq yaxşı mənimsəməyəndə müəllimlər problemi özlərində yox, valideyndə və şagirddə görürlər: “Müəllimlərin bəzisi uşaqları həddən artıq yükləyir və sinifdə bir neçə uşaq bu yükün altında qalxa bilib, dərsləri qavrayırlar. Müəllim də onları digər şagirdlərə misal çəkərək bildirir ki, bu uşaqlar bacarırsa, demək, problem məndə yox, sizdədir. Bununla da həm valideynləri, həm də şagirdləri motivasiyadan salır. Valideynlər də uşaqlarını, daha yaxşı öyrənməsi üçün müxtəlif dərs vəsaitləri ilə yükləyirlər. Əslində, məsələnin kökündə yaşa uyğun olmayan dərslərin keçirilməsi dayanır. Bunu həll etsək, uşaqlar aşırı yüklənməyəcək, hətta, dərsə sevgi ilə yanaşacaqlar”.

Təhsil eksperti Kamran Əsədov deyir ki, dərslik hazırlanması prosesində uşaq psixoloqları, sosioloqlar da iştirak etməlidir: “Bu gün tədris proqramı kifayət qədər ağırdır. Hesab edirəm ki, bu gün dərsliklər şagirdlər üçün yox, müəllimlər üçün yazılır. Çünki bu kitabları müəllimlər özü güclə qavrayıb başa düşür, o ki qaldı, şagirdlər. Hazırda real vəziyyət budur ki, Azərbaycan məktəblərində ibtidai sinifdə şagird, müəllimin köməyi olmadan dərslikdən heç nə anlaya bilmir. Çünki dərsliklər kifayət qədər ağır yazılıb. Orta məktəblər üçün dərslik, tədris proqramları hazırlanarkən, uşaqların psixoloji durumu, qavrama qabiliyyəti nəzərə alınmalıdır. Dərslikləri çoxyönlü ekspertlər işləməlidir. Dərslik auditoriyaya hesablanmalı, hansı şagirdə təqdim ediləcəyi, şagirdin parta arxasında əyləşmək səbri ölçülməlidir. Bunun üçün də dərslik hazırlanması prosesində uşaq psixoloqları, sosioloqlar da iştirak etməlidirlər”.

Ekspert ev tapşırığı məsələsinə də toxundu: “Ev tapşırıqlarını hazırlayarkən valideyn dəstəyi önəmli amillərdən biridir. Belə ki, onu tamamilə dərsləri ilə baş-başa buraxmaq, uşaqda ehtiyacı olduğu anda köməksiz qalacağı hissini oyandırır. Burada məqsəd uşaq yorulduqda onun yerinə dərslərini yazmaq deyil. Amma təəssüflər olsun ki, hazırda ibtidai siniflərdə proqramın ağırlığı və çətinliyi şagirdlərin normadan artıq yüklənməsinə gətirib çıxarır. Dərsliklər o qədər çətindir ki, heç biz özümüz başa düşmürük, o ki qaldı uşaqlar. Ev tapşırıqları həddindən artıq çox olur. Həm uşaq yorulur, həm də biz. Əvvəllər uşağın dərslərinə köməklik edirdik, lakin indi proqram çox çətindir. Ümumilikdə isə şagirdə ev tapşırığı verilməməlidir, şagirdlər bütün mövzu və mətnlərin hamısını sinifdə öyrənməlidir. Şagirdin qavrama qabiliyyətini düzgün qiymətləndirmək və buna uyğun ev tapşırığı vermək müəllimdən çox yüksək bacarıq və intellekt tələb edir”.

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Nadir İsrafilov tam orta təhsilin ibtidai pilləsində dərs yükünün ağırlığının, nə bu günün, nə də dünənin məsələsi olmadığı, uzun illərdən bəri müzakirə və mübahisə obyekti olaraq qalmaqda davam etdiyini bildirdi: “Bu, heç də əbəs yerə yaranan hal deyil. Bir çox ekspert və mütəxəssislərin də dəfələrlə vurğuladığı kimi, dərs yükünün ağırlığı fiziki, zehni qüsurlarla yanaşı, həm də nevroz, görmə zəifliyi, qamət pozğunluğu və digər fəsadlara yol açır. Onların həyat tərzi elə qurulmalıdır ki, bu inkişafa heç nə mane olmasın. Uşağın üzərinə düşən istər fiziki, istərsə də zehni yük düşünülmüş halda normallaşdırılmalıdır.  Xatırladım ki, 2019-2020-ci dərs ili üçün ümumtəhsil məktəblərinin I-XI siniflər üçün tədris planının siniflər üzrə həftəlik dərs saatlarının miqdarı müəyyənləşdirilərkən I siniflərə dərsdənkənar məşğələ da nəzərə alınmaqla, 22 saat nəzərdə tutulub. Bunlardan 1 saatı Xarici dilə, 1 saatı informatikaya, 1 saatı da texnologiyaya ayrılır. V sinifdən başlayaraq xarici dilin saatları artırılaraq 3 saata çatdırılır, İnformatika isə olduğu kimi, 1 saat saxlanılır. Təkcə xarici dil deyil, habelə informatika və texnologiya fənlərinin də I sinfin tədris planına salınması cəmiyyət üzvləri tərəfindən birmənalı qarşılanmamağına baxmayaraq, bu hal əsasən müasir dövrdə xarici dilə və texnologiyalara olan tələbatın artıq bir zərurətə çevrilməsi ilə əlaqələndirilir”.

N. İsrafilov qeyd edir ki, problemi həll etmək üçün ümumi ictimai rəyi öyrənib təhlil etdikdən sonra ümumiləşdirilmiş təkliflər vermək olar: “O ki, qaldı mənim subyektiv mövqeyimə, bir çoxları kimi mən də I sinifdən ikinci dilin, o cümlədən də informatikanın öyrənilməsinin o qədər də tərəfdarı deyiləm. Hətta sovet təhsil sistemində belə, baxmayaraq ki, rus dili ikinci dövlət dili sayılırdı, onun tədrisinə II sinifdən başlanılırdı. O zaman əsas xarici dil hesab edilən ingilis dili isə yalnız V sinifdən başlayaraq öyrənilirdi. Son vaxtlara qədər I siniflərdə məqsədi hərf və söz öyrətməkdən ibarət olan “Əlifba” dərsi keçirilirdi. İndi onu “Ana dili” fənni əvəzləyib. Nəyə görə? Çünki bu funksiyanı artıq məktəb deyil, məktəbəhazırlıq qrupları yerinə yetirir. Gələcək nəslin fiziki və mənəvi sağlamlığına nə dərəcə ziyanlı olub-olmamağı nəzərə alınmadan, qloballaşma dövrünü yaşayırıq və bu, təkcə bizdə deyil, bütün dünyada belədir. Hər halda, vəziyyətlə bağlı istənilən dəyişiklik istisna deyil. Çox güman ki, bu məsələdə Təhsil Nazirliyi yanında İctimai Şura olaraq diqqət mərkəzimizdə olacaq. Ümumi ictimai rəyi bir daha dərindən öyrənib, təhlil etdikdən sonra Təhsil Nazirliyinə ümumiləşdirilmiş təkliflər verə bilərik”. (“Kaspi.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir