Neqliyyat

İctimai nəqliyyatda xanımlara yer vermək şərtdir? – POLEMİKA

Baxış sayı: 1. 386
İctimai nəqliyyatla bağlı çox danışılan mövzulardan biri də yer vermək məsələsidir. Yaşlılara, hamilə və uşaqlı qadınlara yer vermək ictimai nəqliyyatda riayət edilməli etika qaydalarından biridir. Bu həm metroda, həm də avtobuslarda hər gün söz düşən bir mövzudur. Bəzi xanımlar düşünür ki, bəylər onlara mütləq yer verməlidirlər. Digərləri isə özlərinin belə bir üstünlüyü olmadığı fikrindədirlər.
Maraqlıdır, gənclər bu məsələyə necə baxır? İctimai nəqliyyatda xanımlara yer vermək şərtdir?
“Yer vermək məcburiyyətində deyilik”
 
Nicat Etibar – magistr
Nicat bildirir ki, məsələyə bir neçə aspektdən yanaşmaq olar: “Əgər məsələyə azərbaycanlı kişisi olaraq yanaşırıqsa, hər zaman kişilər xanımlara yer verməlidirlər. Hətta işdə də daha ağır işləri xanımlara yox, bəylərə həvalə edirlər. Bu, ictimai nəqliyyata da öz təsirini göstərir. Bəzilərinə görə, bəylər ictimai nəqliyyatda oturmamalı, qadınlar daha həssas, zərif cinsin nümayəndələri olduqları üçün daim onlara yer verməlidirlər”.
Nicatın sözlərinə görə, məsələyə digər aspektdən yanaşsaq, xanımlar daim kişilərlə mübahisə edərək gender bərabərliyinin təmin olunmasına çalışırlar. Lakin yer vermək məsələsində nədənsə bu bərabərlikdə çox da maraqlı deyillər: “Onlar düşünürlər ki, kişilər mütləq yerlərini onlara verməlidirlər. Amma müasir gender bərabərliyindən danışırıqsa, məncə, yer vermək məcburiyyətində deyilik. Yaşlılara, hamilə və uşaqlı xanımlara yer vermək isə tamam başqa məsələdir”.
Müsahibimiz başına gələn bir hadisəni bizimlə bölüşür: “Keçən dəfə metroda bir xanıma yer verdim. Növbəti stansiyada yaşlı bir qadın mindi. Lakin mənim yer verdiyim xanım qalxıb həmin qadına yer vermədi. Bu mənə çox pis təsir etdi. Yəni, o yer mənim idi, istəsəm, durmaya bilərdim. Necə ki, o da yaşlı qadına yer verməmişdi. Düşünürəm ki, həm anda xanım durub yaşlı qadına yer verməli idi. Bu artıq nəzakət yox, yaşlılara hörmətin göstəricisidir”.
“Yer versələr də olar, verməsələr də”
Lamiyə Hacıyeva – tələbə
Lamiyə deyir ki, bu məsələ həqiqətən də günümüzün ən aktual mövzularındandır: “İctimai nəqliyyatda yer tapmaq özü böyük xoşbəxtlikdir, o ki qaldı oturmaq dərdi çəkmək. Məncə, indiki gənclər yaşlı nəslin nümayəndələrindən daha çox yorulurlar. İctimai nəqliyyatda biz cavanlar son illərdə çox sıxışdırılmağa başlamışıq. Mənim şəxsən 19 yaşım var və hər hansı ictimai nəqliyyatda əgər əyləşmişəmsə, əlində yükü olan nisbətən yaşlı qadın və kişilərə yer verirəm. Oğlanların öz yaşıdları olan qarşı cinsə yer vermək məsələsinə isə normal baxıram. Yəni, yer versələr də olar, verməsələr də. Xanımın əlində yükü varsa, yer verməlidir. Bu ən azından nəzakət qaydasıdır”.
Müsahibimiz qeyd edir ki, bəzən qarşı cins nümayəndəsi xanıma geyiminə görə yer verir: “Bir neçə dəfə müşahidə etmişəm ki, sadə geyimdə, bəzəksiz xanım avtobusa minib və heç bir bəy qalxıb ona yer verməyib. Amma bir az bahalı geyimdə, baxımlı xanım minən kimi, 2-3 oğlan dərhal qalxıb yer göstərib. Məncə, bu, düzgün deyil. Qadın istənilən halda xanımdır. Ona xarici görünüşünə görə qiymət vermək olmaz. Məsələn, Norveçdə vəziyyət tamam başqa cürdür. Orada ictimai nəqliyyatda hər hansı bir şəxsə əyləşməsi üçün yer vermək onun yaşına təhqir sayılır”.
“Mən istənilən xanıma yer verirəm”
 
Orxan Tağıyev – jurnalist
Orxan deyir ki, nəqliyyatda hansısa bir xanım ayaq üstə dayanıbsa və o oturubsa, bu zaman özünü narahat hiss edir: “İctimai nəqliyyatda xanıma yer vermək məsələsini bəziləri müəyyən səbəblərlə əlaqələndirir. Amma mən bunu nə müasirlik, nə də adətlərimizlə əlaqələndirirəm. Sadəcə olaraq, bu bizim xalqımızın genlərində var. Bizdə xanıma hörmət hissi olduqca böyükdür. Buna görə də mən istənilən xanıma yer verirəm. Oturanda özümü narahat hiss edirəm”.
Orxan bildirir ki, kiməsə yer vermək məcburi yox, könüllü olmalıdır: “Günümüzdə gender bərabərliyindən ən çox danışan xanımlardır. Amma buna baxmayaraq, biz kişilərin bəzi məqamlarda onlara borclu olduğumuzu düşünürlər. Qətiyyən kiminsə “dur, mənə yer ver” deməyə haqqı yoxdur. Nəqliyyatda hər iki cins üçün ödəniş eynidir. Yəni, elə bir qayda-qanun yoxdur ki, qadınlar mütləq oturmalıdırlar. “Yer verənlər mədənidir, verməyənlər mədəniyyətsiz” də deyə bilmərik. Burada seçim fərdlərə aiddir. Kiminsə narazılığından sonra ona yer vermək isə mədəniyyət və hörmət çərçivələrindən çıxıb, məcburiyyətə çevrilir”.
Günel Azadə



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir